Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Sahib Alıyev Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 25 fevral 2025-ci il tarixli bəyanatını qətiyyətlə pislədiyini bildirdi.
Musavat.com-un məlumatına görə deputat əminliklə vurğuladı ki, Avropa parlamentindəkilərin də, ABŞ-də hay diasporuna muzdla xidmət edən konqresmenlərin də, Rusiya Dumasının üzvü Konstantin Zatulin kimi ünsürlərin də son günlər ölkəmiz əleyhinə səsləndirdikləri bəyanatlar və etdikləri çağırışlar heç gizlətmək istəmədikləri kimi həm də hərbi cinayətdə və terrorda suçlandırılan bir qrup “miatsumçu”nun Bakıda məhkəmə qarşısına çıxarılmalarıyla bağlıdır: “Məhkəmədə verdikləri ifadələrdə onlardan biri Qarabağda edilən vəhşiliklərin, Azərbaycan torpaqlarının işğalının arxasında SSRİ DTK-sının, digəri Ermənistanın durduğunu deyir. SSRİ DTKS-ından sonra haradan tapşırıq alındığı, qərbdəki bəlli çevrələrlə, əmmaməlilərlə məkrli əlaqələrlə də bağlı hələ çox mətləblər açıqlanacaq. Gedən məhkəmə prosesini gözdən salmağa çalışanlar təbii ki, bunu istəmirlər. Burada onu da deməliyik ki, bəli, terror və hərbi cinayət törətməkdə ittiham olunanların məhkəmə qarşısına çıxarılmaları indiki halda məhz gücün hüququnun xidmətidir. Amma beynəlxalq praktikada çox az rast gəlinən haldır ki, burada gücün hüququ hüququn gücünün təmini üçün istifadə edilib. O da həqiqətdir ki, dünyadakı bütün ədalətsizliklərin arxasında güc və güclü durur. Azərbaycansa məhz güc tətbiqi ilə ədaləti bərpa edib”.
S.Alıyev qeyd etdi ki, bizə yaxın və uzaqda yerləşən bəlli dövlətlərin sinirə bilmədikləri bax, həm də budur: “Amma sinirəcəklər. Yeni dünya düzəninin qurulmasının orta çəkili dövlətlərsiz mümkünsüzlüyü artıq reallıqdır. Azərbaycan isə indi “middle power" sayılır. Əgər sayılmasaydı, SOCAR ABŞ-nin Şevron şirkəti ilə birgə dost İsrailin Tamar yatağının işlənməsinə buraxılmazdı.
Demək ki, bizə artıq kiçik postsovet ölkəsi kimi deyil də, Böyük Yaxın Şərqin bir parçası və önəmli oyunçusu olaraq baxılır. Pakistan baş nazirinin cənab Prezident haqqında dedikləri, bu qardaş ölkənin iqtisadiyyatına 2 milyard dollar yatırım qoymağı planlaşdırmamız, Suriyada, Afrikada Türkiyə ilə birgə çiyin-çiyinə çalışmamız, Somalinin ardından Qvineya-Bisaunun dövlət başçısının da rəsmi səfərlə ölkəmizə təşrif gətirmələri hərbi və təhlükəsizlik sahəsində təcrübəmizi öyrənmək istəmələri, bizim müdafiə sənayesi məhsullarıyla maraqlanmaları yeni dünya reallığı və bu reallıq çərçivəsində düzgün siyasət qurmağı bacaran orta çəkili dövlətin təsirinin yerləşdiyi regionu da aşa bildiyinin göstəricisi deyil də bəs nədir?! Bax, önümüzü kəsə bilmədiklərindən Avropa Parlamentindəkilər də, digərləri də bizə qarşı kin qusurlar, onların Azərbaycana nifrətlərinin səbəbi qazandığımız zəfər, əldə etdiyimiz uğurlardır. Qoy həmişə uğur bizimlə, nifrət onlarla olsun!”
E.Paşasoy,
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ