Onlayn ictimai-siyasi qəzet
Emmanuel Makron Azərbaycandan və konkret olaraq Prezident İlham Əliyevdən küsüb. Əgər belə deyildisə, ən azı COP29-la bağlı mövqeyini ifadə edər, Almaniya kansleri kimi Bakıya telefon açar, hansısa bəhanə uydura bilərdi. Etmədi.
Özü də Bakının evsahibliyi ilə keçirilən konfrans Yer kürəsini xilas istiqamətində cəhdlərin göstərildiyi bir tədbirdir və Azərbaycan təşkilati işləri həyata keçirən ölkə olaraq COP-un sadəcə bir hissəsidir. BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransanın BMT tədbirində iştirak etməməsi ən azı ayıb hərəkətdir. Dünyanı təhdid edən fəlakətlərə biganə qalan, bəşəriyyətin təhlükəsizliyinə laqeyd yanaşan dövlətin BMT Təhlükəsizlik Şurasında olmasının özü absurddur. Həm də BMT-yə qarşı sayğısızlıqdır. Makron cılız davranışları ilə Fransa boyda tarixi, mədəniyyəti, nüfuzu olan ölkəni “kiçik bacısı” Ermənistana tay elədi. COP29-da iştirak edib bölgəni təhdid edən ekoloji problemlərin çözülməsi istiqamətində addımlara dəstək verməli, Azərbaycana qarşı ekocinayətlərinə görə ən azı üzr istəməli olan Nikol Paşinyan elə hesab edirmiş ki, əsas problem onun saqqalındaymış, təraş edib, İcevan meşələrində dolaşır. Təsəvvür edin, Fransa və digər ölkələrin təhdid etdiyi Azərbaycan 3+3 formatında əməkdaşlıq, Qafqaz Evi ideyasının gerçəkləşməsi üçün çalışır, himayə etdikləri ölkənin rəhbərliyi isə özünü dəlioğlanlığa vurub, dərə-təpə dolaşır. Söhbət elə bu dəqiqələrdə, COP iştirakçılarının fəlakətləri minimuma endirmək üçün Bakıda baş sındırdıqları saatlarda zəhərli tullantıları Azərbaycanın içərilərinə axan çaylara axıdan Ermənistandan gedir.
Ermənistan, yaxud Fransa rəhbərliyinin Bakıya gəlib-gəlməməsinin bizə isti-soyuğu yoxdur, gəlmirlər, belə cəhənnəmə gəlməsinlər! Amma konkret olaraq öhdəliklər, törədilən ekoloji cinayətlərə görə məsuliyyət var, bunlardan boyun qaçırmaq olmaz! Kadastr sənədi olmayan Ermənistan özünü mövcud olmayan ölkə kimi aparır. Necə olur ki, dənizaşırı dövlətlərdən, koloniyalardan, müxtəlif ada dövlətlərindən bəşəri problemlərə həssas yanaşılaraq Azərbaycana gəliblər, amma Azərbaycan ərazilərində 30 il ərzində dəhşətlər törədən Ermənistandan yox?! Necə olur nə BMT qətnamələrini icra edir, nə BMT tədbirinə məhəl qoyur və “gözün üstə qaşın var” deyən yoxdur?
Prezidentin köməkçisi Hikmət Hacıyev “X” səhifəsində Ermənistanın Azərbaycan ərazilərində törətdiyi cinayətlərlə, ekoloji terrorla bağlı paylaşım edib. “Son dövrlərdə Ermənistanın hərbi işğalından azad edilmiş Azərbaycanının Qarabağ və Şərqi Zəngəzur bölgələri sıfır emissiya və yaşıl enerji zonası elan edilib. 30 il davam edən hərbi işğal bölgənin ekosisteminə ciddi ziyan vurub. Əgər Ermənistanın hərbi işğalı olmasaydı, Azərbaycan yaşıl enerji sahəsində daha böyük nailiyyətlərə imza atardı”, - paylaşımda deyilir.
Təkcə bu fakt, bu yanaşma Ermənistan və Azərbaycana münasibətin ifadəsi üçün yetərli ola bilərdi. Ermənistanın 30 il fəlakət zonasına çevirdiyi ərazilərdə Azərbaycan Yaşıl Enerji istehsalına başlayır. Gələcəkdə nəinki regionu, hətta Avropa ölkələrini də təmin edə biləcək enerji resurslarına malik olacağıq. Amma bəzi Qərb ölkələri indidən özləri üçün qaranlıq gələcək “qururlar”. Neft-qazımıza “təpik” atanlardan nə qədər əclaflıqlar gördük bu illərdə.
Ermənistanın yeni ərazilərimizi işğal etməklə bağlı xain hücumuna əks-hücumla cavab verilməsindən bir gün sonra (28 sentyabr 2020), yaxud Qarabağdakı separatçılara qarşı lazımi tədbirlərin görülməsindən bir müddət əvvəl Azərbaycan Prezidentinə zəng edən Makron son zamanlar özünü “yoxmuş” kimi aparır. Marsel ermənilərinin səsini qazanmaqdan ötrü Qarabağda xunta rejimini bəsləyən bu adamın zərrə qədər də məsuliyyəti yox imiş, təkcə Azərbaycana münasibətdə deyil, həm də beynəlxalq aləmə baxışında da. Görün səhvi, yanlışları nə qədər böyükdür ki, hətta Fransanın sabiq ətraf mühit naziri Brice Lalonde belə etirazını bildirib. Eks-nazir Frans 24 televiziyasında Bakıda keçirilən COP29 və rəsmi Parislə Bakı arasındakı gərginlikdən danışarkən Makronun siyasətini yerdən-yerə vurub. Sitat: “Mən çox kədərliyəm ki, biz orada yoxuq. Hesab edirəm ki, cənab Makron Bakıya getməli və prezident Əliyevlə danışmalı idi. Bizim Ermənistanla uzun tarixə söykənən dostluğumuz var. Amma bu o demək deyil ki, Ermənistan haqlıdır. Yaxşı xatırlayıram , mən nazir olanda Ermənistan Azərbaycanın Qarabağ bölgəsini işğal etmişdi. İndi Azərbaycan öz ərazilərini azad edib. Hər hansı təcavüzdən söhbət getmir. Fransız siyasətçilər danışanda ehtiyatlı olmalıdırlar, çünki bu tarixi unuda bilərlər”.
Beləcə, Fransada da ədalət hissini itirməyən şəxslər var, halal olsun! Təsəvvür edin, Bakıda Paris Sazişinin bundan əvvəlki sammitlərdə qəbul olunmayan maddəsi ilə bağlı müzakirələr aparılır, anlaşma əldə olunur, amma Fransa ortada yoxdur. 2015-ci ildə, Paris İqlim Konfransında konsensusla qəbul olunmuş Paris Sazişi 2016-cı ilin 22 aprelində - Beynəlxalq Yer günündə imzalanıb, rəmzi mənası var, planeti müdafiəyə töhfə niyyəti olub həm də. Budur, COP29-a kölgə salmaq istəyən Fransanın və digər anti-Azərbaycan çevrələrin cəhdlərinə baxmayaraq, BMT-nin dünya miqyaslı tədbiri nəinki Bakının evsahibliyi ilə uğurla davam edir, üstəlik, Paris Sazişinin 6.4-cü maddəsi (karbon kreditlərinin yaradılması üzrə standartlar barədə razılıq-E.P.) ilə bağlı tarixi razılaşma əldə olunub! Eyni zamanda iqlim maliyyəsi öhdəliyinin 75 milyard ABŞ dollarından 170 milyard dollara qədər artırılması haqda anlaşma əldə edilib! Bu razılaşma Azərbaycanın həm də aktivinə yazılacaq! Fransa və Avropa İttifaqının digər üzvlərinin planetə vurduğu zərərlərin aradan qaldırılması istiqamətində Azərbaycan dövləti töhfə verir, Makron isə “mən sizdən küsdərəcik” oynayır.
Fransanın ekologiya naziri Anyes Pannye Runaşenin COP29-a gəlməyəcəyi barədə qərarı da kökündən yanlış qərardır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da bəyan edib ki, fransalı nazirin COP29-da iştirakdan imtina etməsi qeyri-konstruktiv yanaşmadır. Bəli, tamamilə doğrudur, özünü iqlim sahəsində lider dövlətlərdən biri hesab edən Avropa İttifaqının aparıcı ölkəsi olan Fransanın istənilən bəhanə ilə iqlim mövzusundan kənarda qalması yanlış addımdır. Bir anlıq təsəvvür edək ki, okeanda gəmi batmaq təhlükəsi ilə üzbəüz qalıb, xilas yolları aramaq, şəxsi heyəti xilas etmək əvəzinə, gəmiyə cavabdehlərdən biri “mən sizinlə danışmıram”, deyib qaş-qabaq sallayıb. Yəni makronsayağı siyasət...
Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidentinə 5 il öncənin oktyabrında etdiyi telefon zənginin mətnini oxuyuram. Məlumatda bildirilir ki, Fransa Prezidenti onun təşəbbüsü ilə yaradılan QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fonda Azərbaycan tərəfinin dəstək verməsini Azərbaycan Respublikası Prezidentindən xahiş edib. Prezident İlham Əliyev Fransa Prezidentinin bu təşəbbüsünə öz dəstəyini ifadə edib və Azərbaycan tərəfinin bu xəstəliklərlə mübarizə işinə əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib. Fransa Prezidenti dəstəyə görə minnətdarlığını bildirib və Fondun bu günlərdə Lionda keçiriləcək konfransında Azərbaycanın dəstəyinin vurğulanacağını qeyd edib.
Telefon söhbəti zamanı dövlət başçıları ikitərəfli münasibətlərin inkişafı və iki ölkənin prezidentləri arasında gələcək təmaslarla bağlı məsələləri müzakirə ediblər.
Azərbaycan dövlətindən, dövlət başçısından kömək xahişi ilk olmadığı kimi, son da olmayıb. Pandemiya dövründə də Azərbaycan özünün bütün çətinliklərinə baxmayaraq, bəşəriyyətə yardımını əsirgəməyib, indiki kimi, böyük dövlətlərin ədalətsiz davranışlarından, peyvənd ayrıseçkiliyindən əziyyət çəkənlərin yanında olub. Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi layihələrin qarşılığında da təşəkkürlər gəlib, bəlağətli sözlər deyilib. Məsələ burasındadır ki, Azərbaycan torpaqlarını işğaldan azad etməyə başlayandan və Zəfər qazandıqdan sonra ölkəmizə münasibət dəyişib. Yəni fransız nazirin iddia etdiyi kimi, onlara təsir edən Azərbaycan Prezidentinin Fransa hakimiyyətini və siyasətini ifşa il bağlı COP29-da söylədikləri deyil. Heç onların Bakıya gəlişini əngəlləyən də bu deyil.
Əsas səbəb bayrağımızın Şuşada, Xankəndidə, Xocalıda dalğalanmasıdır! Xocalı soyqırımını görməzdən gələn Fransa qondarma “erməni soyqırımı”nı inkar edənlər üçün cəza qanunu qəbul edən ölkədir, bu fakt yetərli deyilmi? Başqa iddialar bəhanədir, nağıldır, uydurmadır! Bizim üçün öncə Vətəndir, ərazi bütövlüyümüzdür, hansısa firəngin Bakıya gəlib-gəlməməsi önəmli deyil. Heç Bakıdakı fransız səfir də Şuşaya getməyib bu günə kimi. Getmir, getməsin, amma yadımızda qalacaq! Dövlət başçımız sözünü deyib, bizə minnətli səfər gərək deyil! Özü də nəinki Bakıya, heç Şuşaya da!
Yolumuza davam edirik, dövlət və millət olaraq, Fransa-Ermənistan koalisiyasından azad etdiyimiz torpaqlarımızı dirçəldərək!
Dirçəliş günümüz, ömrümüz mübarək!
17 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ