İnsanlara hürriyət, millətlərə istiqlal!

Bizə dost olmayan dövlətlər - Bakı  belə siyahı hazırlasa...

“Qara siyahı”ya kimlər başçılıq edər?

Azərbaycanın öz qanuni ərazilərini işğaldan azad etdiyi bu savaşda onun yanında və qarşısında olan dövlətlər oldu. Məsələn, Türkiyə və Pakistan bu savaşda birmənalı olaraq Azərbaycanı dəstəklədi. 

Fransa, Yunanıstan və bəzi digər Avropa ölkələrinin mövqeləri isə Ermənistana dəstək vermək oldu. Niderland, Belçika kimi ölkələr, hətta cırtdan Lüksemburq da bizə dost ölkə olmadığını çıxardığı qərəzli qətnamələrlə sübut edib.

Azərbaycan öz qanuni torpaqları üzərində mübarizə və mücadilə aparsa da, buna bitərəf qalan ölkələr də var. Təəssüf ki, bu ölkələr arasında keçmiş sovet məkanına aid olan respublikalar da var. 

Prezident İlham Əliyev də 44 günlük savaş haqda çıxışlarının birində  bizə dost ölkələr deyə bir fikir işlətdi və bəzilərinin adını da açıqladı. Sitat: “Müharibədən və qələbəmizdən sonra dəfələrlə qeyd etdiyim kimi, bizimlə işləmək üçün dost ölkələrdən şirkətlər dəvət edəcəyik. Şadam ki, bu gün İsrail şirkəti, İtaliya şirkəti, Azərbaycanın iki dost ölkəsindən olan şirkətlər bu mühüm layihəyə qoşulur və bizim beynəlxalq əməkdaşlığımız var. Türkiyədən, Çindən, İsraildən, İtaliyadan olan şirkətlər var, hamısı dost ölkələrdir”. Əlbəttə ki, bu ölkə adlarını Prezident təsadüfən açıqlamır və qeyd edilməlidir ki, bunlar Azərbaycana dost ölkələrin yalnız bir qismidir. 

ABŞ-dan sonra Rusiya da hələ 3 il əvvəl rəsmi şəkildə ölkəsinə dost olmayan dövlətləri siyahılaşdırmağa qərar verdi. 

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) İdarə Heyəti iki gün əvvəl İranın “Zəngəzur dəhlizi” ilə bağlı isterik davranışlarını pisləyən bəyanat yayıb.

“Ermənistan Azərbaycan torpaqlarını işğal edib bir milyon müsəlmanı ev-eşiyindən didərgin salanda quzu kimi susan bu "islam" dövləti indi riyakarcasına Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməli olan yolun açılışını Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirir, “ərazi bütövlü”yünün onlar üçün “qırmızı xətt” olduğunu söyləyir, özündən böyüklərə hədə-qorxu gəlməkdən belə çəkinmir, müsəlmanlar arasında maneəsiz gediş-gəlişə imkan verməməyə çalışır. Təəssüf ki, İranın bu riya ilə dolu fitnəkar siyasəti türk soydaşımızın prezidentliyi dövründə də davam etdirilir".

ƏHD Partiyası sonda Azərbaycan hökumətini İranla münasibətlərə yenidən baxmağa, İranı dost olmayan dövlət elan etməyə çağırıb.

Bəs siyasət adamları nə düşünür, əgər belə bir siyahı rəsmiləşdirsək, bizə dost olmayan ölkələrin sıralamasını necə təsəvvür etmək olar?

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan torpaqlarının bir hissəsi 30 ilə yaxın işğal altında qaldı və həmin dövrdə bizə dost olan və dost olmayan ölkələri özümüz üçün müəyyənləşdirdik: “Ən çətin zamanlarda yanımızda  qardaş Türkiyə başda olmaqla, bir neçə dövlət oldu. Amma eyni zamanda işğalçıya güldən ağır söz deməyən, işğalçını açıq və gizli müdafiə eləyən, dəstək verən dövlətləri də gördük. Fransa başda olmaqla, bir sıra Avropa dövlətləri, bəzi qonşu ölkələr işğalçıya dəstək verdilər. Həmin dövlətlər bu addımları ilə Azərbaycana dost olmadıqlarını ortaya qoydular. Ona görə də Azərbaycan Prezidenti heç də təsadüfi deyil ki, 44 günlük savaşdan sonra bizə dost olan ölkələrin adlarını çəkdi və onları təmsil eləyən şirkətlərin Qarabağın yenidən qurulmasına cəlb ediləcəyi ilə bağlı mövqeyini bildirdi. Bizə dost olan ölkələrin siyahısı artmaqdadır. Təbii ki, Azərbaycan gücləndikcə, Avropanın enerji təhlükəsizliyinin bir parçasına çevrilən ölkəmizə dost olmaq istəyən dövlətlərin sayı artacaq. Amma biz heç vaxt yaddan çıxarmamalıyıq ki, dünən də, bu gün də ermənilərə dəstək verən ölkələr var. Fransa və İran bu gün də Ermənistana dəstək verir. Amma biz çalışmalıyıq düşməni də özümüzə dost edək ki, Azərbaycan da bir qədər də güclü olsun, regionda nüfuzumuz daha da artsın”. 

Akif Nağı namizədliyini irəli sürüb

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı da bildirdi ki, istənilən ölkə belə bir siyahı tərtib etmək hüququna malikdir. Lakin indi dünyada beynəlxalq münasibətlərin fəlsəfəsi dəyişib. Lütfi Zadənin qeyri-səlist məntiq nəzəriyyəsi ortalığa çıxır, yəni ağla qaranın arasında çoxlu çalarlar var: “Ona görə də dost olmayan ölkələrlə də münasibətlər qırılmır ki, hansısa mərhələdə müəyyən iqtisadi əlaqələr zərurəti yarana bilir. Bu gün Ukrayna ilə Rusiya düşmən vəziyyətindədir. Amma Ukraynanın ərazisindən Rusiya nefti nəql olunur. Təbiidir ki, tam dost olan, tam düşmən olan ölkələr var ki, onlarla münasibətlərdə xüsusi həssaslıq lazımdır. Türkiyə bizim birmənalı olaraq ən yaxın dostumuzdur. Pakistanla, Türk Dövlətləri Təşkilatındakı ölkələrlə, İtaliya və digər ölkələrlə dostuq. Azərbaycanın ən yaxın müttəfiqləri Türk Dövlətləri Təşkilatında olan ölkələrdir. Azərbaycana qarşı Fransa açıq-aşkar düşmənçilik edir. Azərbaycan isə heç kimlə düşmənçilik mövqeyində olmaq istəmir. Azərbaycana düşmən mövqedə olan ölkələr kimi Fransa və Ermənistan qabarıq görünürlər. İranı düşmən ölkə sırasına daxil etmək düzgün olmazdı. Çünki orada ən azından 30 milyon soydaşımız yaşayır, Azərbaycan amili yüksəlir. Azərbaycana dost olmayan dövlətlər sırasında Kanada və Hollandiya kimi ölkələrin adını qeyd etmək olar. Azərbaycan bütün dövlətlərlə münasibətləri normal saxlamağa çalışır”. 

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

 Tural Abbaslı

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, dost olmayan və dost olan ölkələr ifadəsi nisbi ifadələrdir, dəyişə bilir: “Ölkələrin daimi düşmənləri olmur, daimi maraqları olur. Bu gün dost olmayan ölkə kimi gördüyümüz bir zaman gələr ki, dost ölkələr sırasında yer ala bilər. Bu gün dost olan dövlət sabah maraq toqquşması nəticəsində əks mövqedə qərarlaşa bilər. Ona görə də bu gün konkret ad çəkmək istəmirəm. Türk-İslam dünyasını isə ayırmaq lazımdır. Yəni onlar bizim dostlarımızdır. Türk dövlətləri ilə dostluğumuz təkcə maraqlara söykənmir”.   

 Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR