İnsanlara hürriyət, millətlərə istiqlal!

Biz Xankəndidə büstünü sökdük, Astanada ona yubiley keçirildi

Son zamanlar Ermənistanla Türk dünyasının ən böyük dövlətlərindən olan Qazaxıstanın əlaqələri genişlənməkdədir. Sözsüz ki, bu əlaqələrin təşəbbüskarı Ermənistandır, amma Qazaxıstan da buna qarşılıq verir.

Bu barədə Bakıxeber.com yazır ki, bu ilin avqust ayında Qazaxıstanda keçirilən biznes forumda Ermənistandan 50 iş adamı iştirak edib. Həmin erməni sahibkarlar qazaxıstanlı həmkarları ilə  biznes müqavilələri bağlayıb. Ötən il 2022-ci ilə nisbətən Ermənistanla Qazaxıstan arasında ticarət dövriyyəsi 2,4 dəfə artaraq 104 milyon dollara çatıb. İndiki templə davam etsələr, bu il iki dövlət arasında ticarət dövriyyəsi 200 milyon dollara çata bilər.

news_leader-21412-5a3d2.jpg (87 KB)

“Bugünlərdə isə Ermənistan prezidenti Vaaqn Xaçaturyan Qazaxıstanın paytaxtı Astanada geniş nümayəndə heyəti ilə rəsmi səfərdə olub. Qazaxıstanda Ermənistanın Mədəniyyət Günləri çərçivəsində erməni əsilli fransız müğənni-bəstəkar Şarl Aznavurun 100 illiyinə həsr olunmuş konsert keçirilib. Halbuki Şarl Aznavur ömrü boyu ermənilərin Türk dünyasına qarşı düşmənçiliyini dəstəkləyib və ciddi səkildə təbliğ edib. Lakin bu gün belə bir türk düşməni olan Şarl Aznavurun 100 illiyinin Qazaxıstanda qeyd edilməsi Türk dünyasına təhqirdir. Qazaxıstan hakimiyyəti bu cur məsələlərə həssas yanaşmalı, ondan asılı olan Ermənistanın Türk dünyasını Astanada təhqir etməsinə imkan verməməlidir. Bəlkə də Qazaxıstanda heç hökumət səviyyəsində belə bilən yoxdur ki, Şarl Aznavur kimdir. Əminik ki, Qazaxıstan rəhbərliyi Şarl Aznavurun kimliyi barədə dolğun məlumata malik olsa idi, belə bir tədbirin ölkənin bas kəndində keçirilməsinə razılıq verməzdi”, - deyə sayt haqlı olaraq yazır.

Azərbaycanın qədim şəhəri olan Xankəndidə  “Erməni-fransız dostluq parkı”nda Şarl Aznavura  büst də qoyulmuşdu. İndi təbii ki, o büst də yoxdur. Aznavur illərlə işğalçı Ermənistana fəal maddi dəstək kömək göstərib, tarixi vətəni ilə bağlı olduğunu həmişə vurğulayıb. Qondarma “erməni soyqırmı”nın tanınmasının fəal təbliğatçılarından biri olub.

Sabir Rüstəmxanlı yenidən partiyanın sədri seçilib - 14.02.2021, Sputnik  Azərbaycan

Sabir Rüstəmxanlı

Mövzu ilə bağlı Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a danışıb. Sabir Rüstəmxanlı qeyd edir ki, Azərbaycanda qəbul olunmayan və yaxud  Türk dünyasının bir tərəfində qəbul edilməyən bir insanın və yaxud bir olayın, hadisənin digər tərəfində bilinməməsi, ona adekvat olan yanaşmanın mövcud olmaması, əksinə, təbliğ edilməsi Türk dünyasında ideologiyanın istənilən şəkildə təbliğat işinin qurulmamasının nəticəsidir: “Doğrudur, artıq Türk Dövlətləri Təşkilati var, lakin bu dövlətlərin mədəniyyəti, təhsili, tarix və digər mənəvi tərəfləri ilə bağlı böyük proqramlar, böyük təbliğat işləri görülməlidir. Biz bir-birimizi daha yaxşı tanımalı, nəyi sevib, nəyi sevmədiyimizi bilməliyik.  Ola bilsin ki, Qazaxıstanda Şarl Aznavura Azərbaycanda necə münasibət bəslənildiyi  barədə heç bir məlumat yoxdur. Əgər bu işlər sıx əlaqələndirilsə, inteqrasiya  işi yalnız zirvə səviyyəsində deyil, bütün mərtəbələrdə aparılsa, məncə, bu anlaşılmazlıqlar meydana çıxmaz.

Biz Ermənistanla sülh  müqaviləsi bağlamaq  istəyirik, belə olan halda başqa türk dövlətlərinin Ermənistanla  düşmənçiliyə sövq edə bilmərik. Onların tarixən formalaşmış müəyyən münasibətləri var və bu münasibətlər şübhəsiz bundan sonra da davam edəcək. Əksinə, biz ondan Azərbaycan-Ermənistan münasibətləri və Cənubi Qafqazda sülhün möhkəmlənməsi istiqamətində olan məsələlərdə istifadə etməliyik.

Qazaxıstan, Türkmənistan, Özbəkistan son illərdə  Azərbaycanın mövqeyini həmişə müdafiə edib və Ermənistanla münasibətlərdə Azərbaycanın mövqeyi şərt kimi qəbul olunub. Ona görə də xırda bir epizodu ümumiləşdirib, “Qazaxıstan-Ermənistan münasibətləri yaxşılaşır, bununla da Qazaxıstan-Azərbaycan münasibətləri soyuqlaşacaq” şəklində yozmaq doğru deyil. Qazaxıstanla Azərbaycan arasında son vaxtlar həm mədəniyyət, həm də başqa sahələrdə xeyli müştərək işlər görülüb, bunlar nəzərə alınmalıdır.

O ki qaldı Şarl Aznavura, nə qədər böyük, dünya şöhrətli adam olursa-olsun, əgər mənim millətimlə  düşmənçiliyi varsa, onun sənətinin mənim üçün bir qəpik qiyməti yoxdur. Yəni o, sənətçi kimi nə qədər böyükdürsə, düşmənçiliyi də daha böyükdür və daha çox ziyan vurur. Şarl Aznavur Azərbaycan üçün ölmüş adamdır, biz onu qəbul etmirik. Qazaxıstanda ona böyük yubiley konsertinin keçirilməsi məsələsində ölkənin ümumi dövlət siyasətindən əlavə, həm də erməni  diasporunun rolu var. Bu baxımdan çalışmalıyıq ki, Azərbaycan diasporu da güclənsin, daima dövlətimizin siyasətini dəstəkləyən addımlar atılsın".

Gülyaz Məmmədova tanınmaz halda - FOTO Yeni Sabah

Gülyaz Məmmədova

Qazaxıstanda konsert səfərlərində olmuş Xalq artisti Gülyaz Məmmədova isə “Yeni Müsavat”a açıqlamasında deyib: “Sözün düzü, Şarl Aznavurun erməni, türk düşməni olması haqda məlumatlı deyiləm. Bu baxımdan Qazaxıstan səhnəsində ona yubiley keçirilməsi məsələsi haqda heç nə deyə bilmərəm. Lakin hər zaman ermənilərin bizim musiqiləri, musiqi alətlərimizi oğurlaması, öz adlarına çıxması ilə bağlı etirazımı bildirmişəm”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR