İnsanlara hürriyət, millətlərə istiqlal!

Bitməyən qeysəriyyə “qətliamı” - daha üç körpə yetim qaldı

Cərrah-həkim deyir ki, ailələr iddia qaldırmalı, məsələ araşdırılmalıdır

Bakıda qeysəriyyə əməliyyatı daha bir gənc ananın həyatına son qoyub. Mayın 6-da 3-cü uşağını bu üsulla dünyaya gətirən 33 yaşlı Günay Məmmədova 13 gün komada qaldıqdan sonra vəfat edib. Ailəsi qadının ölümündə həkim səhlənkarlığının olduğunu bildirir.

Bu barədə Xəzər TV-yə mərhumun anası danışıb: “Körpə uşaqdır ikisi də, heç biri qalmır. Gecələri də yatmırlar. "Anam hanı, nənə? Anam niyə gəlmir?", - deyə soruşurlar". 

Sevinc Məmmədovanın əməliyyatından sonra komaya düşən 3 uşaq anasının  faciəsi-Video » Son xəbərlər,Azərbaycanda və Dünyada ən aktual hadisələr  1Xeber.media Xəbər Saytında

Valideynin sözlərinə görə, qeysəriyyə əməliyyatı Yeni Klinikada uzman cərrah mama-ginekoloq Sevinc Məmmədova tərəfindən həyata keçirilib. Xəstə doğuşdan sonra palataya yerləşdirilib. G.Məmmədovanın anasının dediyinə görə, qızında əməliyyatdan sonra qanaxma baş verib, həkimlər isə bundan gec xəbər tutublar: “Neçə dəfə UZİ-yə gedib, poliklinikada olub. Sapsağlam idi. Qızımı əməliyyat edəndən sonra aparıb palataya yerləşdiriblər. O, palatada yox, reanimasiyada qalmalı idi, 5-10 dəqiqədən bir təzyiqi ölçülməli idi. Təzyiqi ölçülsəydi, nəzarətsiz palatada qalmasaydı, biləcəkdilər ki, təzyiq düşür, demək, nəsə normal deyil. Tamam təzyiqi düşüb, halı pis olub yıxılıb. Doğuşdan sonra qanaxma baş verib”.

Məsələ ilə əlaqədar TƏBİB-dən bildirilib ki, ölüm halları Tibbi Şura tərəfindən və TƏBİB-in müvafiq komissiyalarında ixtisaslı mütəxəssislərin iştirakı ilə araşdırılır. Ölüm hadisəsi ilə bağlı prokurorluqdan xəstəxanaya gəliblər, meyit yarılmağa göndərilib, hazırda ekspertizanın rəyi gözlənilir.  G.Məmmədovanın 4 və 6 yaşlı daha iki oğlu var. 

Təəssüf ki, bu kimi faciəvi hallar son vaxtlar artmaqdadır. Bəs səbəb nədir? Günahkarlardan cəzalanan varmı? Ümumiyyətlə, qeysəriyyə ilə bağlı seçimi daha çox həkimin istəyinə, yəni tibbi göstərişə bağlı olur, yoxsa pasiyentin istəyinə? Burada tibb personalının bir kommersiya marağı yoxdur ki? Nədən təbii doğuş dəbdən düşüb? Körpələrin yetim qalmasına görə, nəhayət, kimsə məsuliyyətə cəlb olunacaqmı? 

Adil Qeybulla istefa verdi Pravda.az

 Adil Qeybulla

Cərrah həkim, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Doğuş prosesi zamanı ölüm hallarının olması, əlbəttə, üzücü haldır. Amma bir məsələ var: bəzən qeysəriyyə əməliyyatını istəyən xəstənin elə özü olur. Bunlar həkimləri məcbur edirlər. Bəziləri doğuşdan qorxur, bəziləri doğuşun fəsadlarından ehtiyat edir. Bəziləri də doğuş yollarının genişlənməsinin qarşısını almaq üçün, sonradan müxtəlif əməliyyatlara ehtiyac yaranmaması məqsədilə guya bunu edirlər. Yəni xəstələrin təşəbbüsü burada daha çoxdur. Əlbəttə, həkimlər xəstənin istəyinə yox, göstərişə diqqət yetirməlidirlər. Göstəriş nədirsə, o olmalıdır. Bir çox hallarda bu məqama diqqət edilmir.

Məsələn, çanağın darlığı varsa, ayaq gəlişidirsə, sarğı gəlişidirsə, bu zaman doğuş çətinləşə bilər, uşaqda asfiksiya (oksigen çatışmazlığı) yarana bilər. Bu halda qeysəriyyə kəsiyi ilə süni abdominal doğuş aparılmalıdır. Bu, əsaslandırılır, daha sonra isə xəstə əməliyyata götürülür. Məsələ bundan ibarətdir ki, biz çox vaxt bu prinsipi pozuruq.

Bu halın nədən baş verdiyinin araşdırılması üçün mütləq məhkəmə-tibbi ekspertizası aparılmalıdır. Xəstə qanaxmadanmı dünyasını dəyişib, yaxud da başqa bir özəl səbəb olub? Bəzən də görürsən ki, əməliyyat xaric, xəstədə hepatitlər olur, ağır böyrək çatışmazlığı olur. Bunlar da ölümə gətirib çıxara bilər. Əgər xəstənin valideynləri şikayətçidirsə, onlar mütləq meyitin təşrihinə nail olmalıdırlar. Səbəb müəyyən olunmalıdır. Ondan sonra artıq iddia qaldırmaq olar. Yoxsa sadəcə demək ki, ölüm həkim səhvindən olub - bu, abstrakt qalacaq. Bunun əsasında kiməsə ittiham irəli sürmək olmaz".

Mərhum Günay Məmmədovanın ailəsi hesab edir ki, həkimlər səhlənkarlıq edib. Əgər bu sübuta yetirilərsə, həkimlər Cinayət Məcəlləsinin 314-cü maddəsinə əsasən, vəzifə səhlənkarlığı ittihamı ilə məsuliyyətə cəlb edilə bilərlər. Amma praktika onu göstərir ki, Azərbaycanda həkim məsuliyyətə cəlb olunması hallarına nadir rast gəlinir. Əksər hallarda “ekspertiza nəticəsi gözlənilir” deyə işlər uzadılır və nəticədə ailələr ədalətə çata bilmir. Bu halların qarşısını almaq üçün ilk növbədə məcburi klinik protokollar tətbiq olunmalı, hər doğuş üçün tibbi göstərişlər və qərarların yazılı əsaslandırılması qanunla tələb edilməlidir. Tibb işçiləri və cəmiyyət təbii doğuşun əhəmiyyəti və təhlükəsizliyi barədə maarifləndirilməlidir. Hər bir ana ölümü hadisəsi müstəqil və şəffaf şəkildə araşdırılmalı, özəl və dövlət klinikalarında doğuşlar üzrə illik auditlər aparılmalı və nəticələr ictimaiyyətə açıqlanmalıdır. Ən əsası isə tibbi səhlənkarlıq sübuta yetirilərsə, məsul şəxslər müvafiq qaydada cəzalandırılmalıdır.

Bir qadının doğuş zamanı həyatını itirməsi, sadəcə, tibbi yox, həm də sosial fəlakətdir. Bu faciələr yalnız bir ailəni deyil, bütöv cəmiyyəti silkələyir. Təbii doğuşun dəbdən düşməsi, qeysəriyyə əməliyyatlarının normaya çevrilməsi və nəticədə baş verən ana ölümləri ciddi siqnal verməlidir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 May 2025

BÜTÜN XƏBƏRLƏR