İnsanlara hürriyət, millətlərə istiqlal!

“Birgünlük antiterror tədbiri”: problemin hərbi və siyasi aspektləri başa çatdı - İbrahim Məmmədov yazır

İldırım sürəti, hərbi professionallıq, dürüst strateji hədəflər və vaxtında dayanıb hərbi alətlərdən humanitar alətlərə keçidin təmin olunması

Sun Tzu: “Uzun sürən savaşın qalibi olmaz” – hər şeyi həll edən yüksək sürət və savaşın döyüşsüz qazanılan hissəsi

“İldırım sürətli antiterror tədbiri”ndən 6 gün keçir. Bu altı gün ərzində baş verənlər sırasında təkcə hərbi deyil, elə siyasi proseslər də ildırım sürətilə cərəyan etdi. Həm də siyasi proseslərin də sürətini və məzmununu, effektivliyini də elə hərbi əməliyyatların yüksək sürətlə, professionallıqla keçirilməsi və vaxtında dayandırılması təmin etdi. “Vaxtında dayanmağ”ın özü də nəticələrə təsiri olan ən əsas faktorlardan biridir. Antiterror əməliyyatlarında “dayanmağın vaxtı və yeri” məhz 1. Hərbi infrastrukturun məhv edilməsi və 2. Hərbi qruplaşmanın təslim olmaq haqda müraciətinin daxil olduğu zaman və 3. Məkan olaraq sıx yaşayış məntəqələrinin hüdudları seçildi.
Bununla da sübut olundu ki, hədəf yalnız qanunsuz hərbi qruplaşmalar və hərbi infrastrukturdur. Azərbaycan dövləti Xankəndinə çörək, istilik-yanacaq məhsulları, tibbi ləvazimatla gəldi, dəmir istəyənə dəmir, çörək istəyənə çörək gətirdi. Prezident İlham Əliyevin riyazi düşünülmüş siyasi xəttidir və 20 ildir ki, ən müxtəlif müstəvilərdə müşahidə olunmaqdadır: Əməkdaşlıq istəyənlə əməkdaşlıq, döyüş istəyənə döyüş!

 Ilham Əliyev.jpg (31 KB)

Bununla da hərb tarixində ideal sayılan nəticə əldə olundu: savaşın qalan hissəsi döyüşsüz qazanıldı.

“Birgünlük” əməliyyatın böyük riskləri

44 günlük müharibə daha böyük ərazilərin azad olunması, hərbi və geostrateji vəziyyəti köklü şəkildə dəyişməsi ilə bütün mənzərəni dəyişdi.
“Birgünlük antiterror əməliyyatı” məhz 44 günlük savaşın istər hərbi, istərsə də siyasi baxımdan uğurla başa çatdırılması nəticəsində mümkün oldu. Şübhəsiz ki, “Birgünlük antiterror əməliyyatı”nın uğurunun təməli 44 günlük savaşla qoyulmuşdu. Amma, bəzi məqamlarda “Birgünlük antiterror əməliyyatı”nın hərbi və siyasi riskləri 44 günlük müharibənin risklərindən heç də az deyildi. Xüsusilə də siyasi risklər.
2020-ci ilin sentyabrın 27-də savaş bizim üçün xeyli dərəcədə ağır olan coğrafi, infrastruktur və s. hərbi şərtlər altında başlanmışdı. Hərbi əməliyyatların qarşısında duran hədəf də miqyasına, mürəkkəbliyinə görə qat-qat ağır missiyanın yerinə yetirilməsini tələb edirdi. Beynəlxalq siyasi reaksiyaları proqnozlaşdırmaq çətin olduğu üçün müxtəlif səviyyəli xarici siyasi risklər də var idi.
Ancaq 44 günlük müharibədən fərqli olaraq antiterror əməliyyatları Fransanın “humanitar yükləri”nin Laçın dəhlizində növbə çəkməsi, bəzi ölkələrin səfirlərinin sərhədə toplaşıb siyasi–psixoloji təzyiq göstərməsi, müxtəlif parlamentlərin bəyanatları və s. və i. basqıların təsiri altında başlandı. Anti-Azərbaycan qüvvələr, Xankəndindəki radikallar yaşayış məntəqəsindəki dinc əhali faktorundan sui-istifadə üçün “pusquda” dayanıb Azərbaycanın bu tələyə salınması üçün səhvlər buraxacağını gözləyirdilər.

44 günlük savaşdan fərqli olaraq beynəlxalq anti–Azərbaycan qüvvələr bu əməliyyatı dövlət–vətəndaş qarşıdurması, dinc əhaliyə qarşı hərbi əməliyyat, etnik təmizləmə və s. kimi təqdim edərək hətta sanksiyalara belə çağırışlar edirdi. Bütün avqust və sentyabrın birinci yarısında erməni lobbisi və onun təsiri altında olan xarici dairələr yuxarıda sadalanan tezislərlə kütləvi informasiya vasitələrində intensiv anti-Azərbaycan təbliğatı apardılar. Ona görə ki, növbəti addımın məhz Xankəndinə nəzarət olacağını proqnozlaşdırmışdılar.

Odur ki, bir günlük antiterror tədbirində həm hərbi, həm də siyasi baxımdan əsas strateji hədəf dinc əhali faktorundan sui-istifadənin qarşısını almaq idi. İndi deyə bilərik ki, bu çətin və ən mühüm fundamental hədəfə nail olundu. Tədbirlərin strategiyasının doğru-dürüst müəyyənləşdirilməsi və əməliyyatın ildırım sürətilə həyata keçirilməsi düşmənləri növbətçi ittihamları işə salmaq üçün arqumentlərdən məhrum etdi.

ağdərə.jpg (247 KB)

Birincisi, hərbi əməliyyatlar dəqiq zərbələrlə hərbi infrastrukturları sıradan çıxardı və yaşayış məntəqəsinə heç bir ciddi ziyan vurulmadı;
İkincisi, əməliyyatlar yaşayış məntəqələrinin içərisinə daşınmadı. Ordu zamanında və doğru hesablanmış hüdudlarda dayandırıldı;


Üçüncüsü, dinc əhaliyə sülhpərvər çağırışlar edildi və humanitar yardımlar göndərildi. Laçın yolunda hərəkət təşkil olundu;
Dördüncüsü, 44 günlük müharibədə olduğu kimi “Birgünlük əməliyyat”da da savaşın birinci hissəsi o qədər uğurlu oldu ki, düşməni məğlubiyyətə inandırdı və savaşın qalan hissəsi döyüşsüz qazanıldı.


Beləliklə, 1. İldırım sürəti, 2. Professional hərbi əməliyyatlar, 3. Hərbi əməliyyatları yaşayış məntəqəsinə keçirməyi istisna edən strategiya, 4. Əməliyyatları vaxtında və yerində dayandırmaq və 5. Humanitar, sosial və administrativ məsələlərin sürətli həlli növbəti hərbi qələbəni və qələbədən sonrakı siyasi uğuru təmin etdi.

Yardım.jpg (1.31 MB)

Azərbaycanın düşmənləri ayılıb qərar qəbul edənə qədər artıq özlərini “offside”da gördülər.
Fit çalındı və oyun bitdi! BMT TŞ-da müzakirə isə artıq final fitindən sonra qol vurmaq cəhdi idi.

bmt.jpeg (227 KB)

Amma anti-Azərbaycan qüvvələrin uğursuzluğu təkcə final fitinin səslənməsi deyildi, həm də antiterror əməliyyatının birmənalı hüquqi əsaslara söykənməsidir. Belə ki:

- Azərbaycanın beynəlxalq tanınmış ərazisidir;
- Qarabağdakı rejim tanınmamışdı və qanunsuz idi;
- Qarabağdakı silahlı qruplar Ermənistan dövlətinin silahlı qüvvələrinin tərkib hissəsidir;
- Silahlı qrupların bir hissəsi də tanınmamış qurum tərəfindən qanunsuz yaradılmışdı;
- Tanınmamış qanunsuz rejim və qanunsuz silahlı qruplar Azərbaycana qarşı mina savaşı aparırdı və son olaraq 6 nəfər yeni basdırılmış minaların partlayışı nəticəsində həlak oldu;
- Ermənistan 10 noyabr 2020-ci il Bəyanatının müddəasına uyğun olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən tam olaraq çıxarmaqdan imtina edirdi.
Antiterror əməliyyatını zəruri edən səbəblər isə:
- Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycan ərazisindən çıxarılmaması;
- Gizli silahlanmaya və hərbi infrastrukturu gücləndirməyə cəhdlər;
- Erməni icmasının danışıqlardan iki dəfə imtina etməsi;
- Azərbaycanın ərazisində humanitar yardım üçün yolun açılmasına mane olmaları;
- Qanunsuz olaraq prezident seçkisi keçirmələri;
- Mina terrorunun davam etdirilməsi;
- Son dəfə 6 nəfərin mina qurbanı olmasıdır.


Hər bir ölkənin öz milli təhlükəsizliyini təmin etmək hüququ var. Bəziləri bu hüququnu öz sərhədlərindən 5, 10, 15 min kilometr uzaqda hərbi əməliyyatlar keçirməklə təmin edir, Azərbaycan isə öz sərhədlərinin hüdudları daxilində qalmaqdadır.

Antiterror əməliyyatın təhlükəsizlik aspekti:


- Azərbaycan antiterror əməliyyatını keçirməsəydi milli təhlükəsizliyə təhdidlər hər keçən gün artmağa doğru gedirdi;
- Mina qurbanlarının sayı artırdı;
- Son həftələr mövcud hərbi infrastrukturun bərpası, yenilərinin yaradılması və atəşkəsin pozulması halları intensivləşmişdi;
- Azərbaycan hökuməti Konstitusiyaya uyğun olaraq öz vətəndaşlarının təhlükəsizliyini və suverenliyini tam təmin etməli idi.

Antiterror əməliyyatının beynəlxalq siyasi və geosiyasi aspektinə gəldikdə isə:

- Status-kvo qaldıqca beynəlxalq destruktiv güclər Xankəndinə maddi, siyasi, psixoloji dəstək verərək gərginliyi artırmaq xətti götürmüşdülər;
- Geosiyasi maraqlarını təmin etməyə çalışan xarici güclər Ermənistanı silahlandırır və siyasi dəstək verir, Azərbaycana qarşı radikal addımlara təhrik edirdilər;
- Azərbaycan qətiyyətli addımı ilə gərginlik ocağını ləğv etməklə geosiyasi oyunlar üçün meydanı ləğv etmiş oldu. Əks təqdirdə, Xankəndi daha böyük terror yuvasına çevrilmək potensialına malik olurdu.
“İldırım sürətli antiterror əməliyyatı”n nəticələri isə həm hərbi, həm də siyasi və təhlükəsizlik baxımından maksimum proqramın yerinə yetirilməsidir. Nəticələrə baxaq:
İstər 44 günlük Vətən müharibəsində, istərsə də birgünlük antiterror əməliyyatının baza fəlsəfəsi “uzun sürən savaşın qalibi olmaz” prinsipidir. Azərbaycanın keçirdiyi Əməliyyatın çox qısamüddətli (24 saat) olması birinci uğurlu nəticədir və ondan sonrakı bütün səviyyələrdə uğurlu nəticələrin alınmasında həlledici rola malikdir. Hədəfə qısamüddətli çatma bütün zamanlarda və situasiyalarda hərbi əməliyyatın ən ideal göstəricisidir. Məhz qısamüddətlilik anti-Azərbaycan qüvvələri ölkəmizə qarşı diplomatik savaşa səfərbər olmağa imkan vermədi. Fransa qərar qəbul edincə Yevlax görüşü haqda qərar qəbul olundu və Yevlax görüşünün BMT TŞ-dakı müzakirədən əvvəl keçirilərək nəticələrinin dünya elan olunması artıq Nyu-Yorkdakı müzakirələri lüzumsuz etdi. Tərəflər masa arxasına oturubsa, erməni icması Azərbaycandan ərzaq, yanacaq və tibb ləvazimatı xahiş edibsə, Azərbaycan tərəfi bu yardımı çatdırırsa Təhlükəsizlik Şurası nəyi müzakirə edir? Azərbaycanın ildırım sürətli əməliyyatı və daha sonra erməni icması ilə təmasları Fransanı “offside”da qoydu.
Daha bir göstərici isə qısa müddətdə maksimum nəticələrin əldə olunmasıdır.

Yerdə qalan işlər – tərksilah, təhvil-təslim, evakuasiya, ərazilərin tam nəzarətə götürülməsi, humanitar yardım və s. prosesi başa çatdırmaq üçün texniki məsələlərdir. Əməliyyatın başqa nəticələri haqda qısaca:

terksilah.jpg (200 KB)
- Qanunsuz quruplaşmanın hərbi potensialı - arsenal və hərbi infrastrukturu məhv edildi;
- Hərbi və siyasi qüvvələr nisbətinin yenə də Azərbaycanın xeyrinə olduğu göründü;
- Antiterror əməliyyatların gedişinə praktik olaraq heç bir beynəlxalq aktor mane ola bilmədi;
- Danışıqların Yevlaxda keçirilməsi faktının özü artıq çox böyük siyasi nəticədir. Artıq qeyd etdiyimiz kimi bu faktın özü BMT TŞ-da Fransanın destruktiv cəhdini boşa çıxardı.

yevlax.jpg (88 KB)
- Danışıqların kiminlə aparılmasını Azərbaycan tərəfinin müəyyənləşdirilməsi çox mühüm nəticədir. Bu o deməkdir ki, Qarabağda qondarma hökumət ləğv olundu. Ona görə ki, onların situasiyada iştirakı və hərbi, siyasi proseslərə təsiri sıfırlanıb.

Radikalları xətt tərəfdarlarını mötədil şəxslər əvəz etdi. Saxta DQR artıq de-fakto, yəni saxta variantda da yoxdur. Bu ən əsas nəticədir. Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak edənlər bundan sonrakı proseslərə təsir rıçaqlarını itirdilər. Danışıqları aparan David Melkumyan orta təhsilini 1997-ci ildə bitirib və o, hərbçi olmayıb. İctimai işlər sektorunda çalışıb və münaqişənin həlli yollarının müzakirəsini təşkil edirmiş.

Ermənistanın çıxarmalı olduğu və çıxardığı dərslər

Ermənilərin çıxaracağı ən böyük nəticə odur ki, onların Qarabağı Azərbaycandan qoparmaq üçün nə iqtisadi, nə hərbi, nə də beynəlxalq siyasi gücləri var;

2. Azərbaycanla danışmaq və razılaşmaqdan başqa variant yoxdur. Son iki həftə bunu sübut etdi. N.Paşinyan da Azərbaycan ordusunun hissələrini ilkin mərhələdə yerdəyişməsi başlayanda Türkiyə Prezidenti R.T.Ərdoğana zəng edib, Azərbaycan Prezidenti ilə danışmağı xahiş etməkdən savayı yolu qalmamışdı. Həm də Paşinyana bu variantı Ermənistanı radikal varianta təhrik edən arxadaşları məsləhət görmüşdü. Odur ki, Ermənistan və ermənilər üçün ən böyük dərs ondan ibarətdir ki, onları Azərbaycana qarşı təhrik edən xarici qüvvələr bizə təzyiq üçün real gücə malik deyillər və Prezident İlham Əliyevin dediyi kimi Ermənistanı “satdılar”.
Ermənistanın antiterror əməliyyatlarına münasibətdə neytral qalması yeni və çox ciddi nəticədir, Prezident İlham Əliyevin çıxışından belə görünür ki, bundan sonrakı proseslərə təsir edəcək.
Baş nazir N.Paşinyanın antiterror əməliyyatı gedişində ortaya qoyduğu neytral mövqe həm də onu göstərir ki, Ermənistan ötən 3 ilin hərbi, siyasi və diplomatik hadisələrindən ciddi nəticə çıxarıb.

Gündəlikdə hərbi və siyasi məsələ qalmadı

Nəhayət, Prezident İlham Əliyev Qarabağ ermənilərinə təklif edir:
- bütün hüquqların təmin olunmasını;
- təhsil hüququnu;
- mədəni hüquqları;
- din hüququnu;
- bələdiyyə, (yerli özünüidarə) seçki hüququnu;
- Azərbaycanda dini, milli zəmində ayrı-seçkiliyin olmayacağını;
- Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin Xankəndi, Ağdərə, Xocavənd, Əsgəranda və kəndlərdə də davam etdiriləcəyini.

Ümumiləşdirərək ən böyük nəticəni belə ifadə edə bilərik: məsələnin hərbi aspekti tam başa çatıb. Siyasi aspekt isə artıq yoxdur. Yəni, hərbi və siyasi müstəvilərdə məsələ başa çatdırılıb. İndi, sadəcə tərksilah prosesinin texniki tərəfləri, əhalinin sosial problemlərinin və yerlərdə idarəçilik, administrativ məsələlərin həlli qalıb ki, onların da aradan qaldırılması sürətlə aparılır.

ibrahim.jpg (69 KB)

İbrahim MƏMMƏDOV,

Tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR