Onlayn ictimai-siyasi qəzet
Təsəvvür edin, bir gün hər şey qaydasındadır, sağlam və enerjilisiniz. Anidən baş ağrıları, halsızlıq, tarazlıq pozğunluğu və yaddaşda bulanıqlıq başlayır. Həkimə müraciət etdikdə isə eşitdiyiniz diaqnoz sizi heyrətləndirir: kəskin disseminəedici ensefalomiyelit. Adı çətin səslənsə də, bu xəstəlik, əslində, beyin və onurğa beynini hədəfə alan, ani başlayan ciddi iltihabi bir pozuntudur.
Bəs bu vəziyyət necə yaranır? Kimlər risk altındadır və bu cür ağır nəticələrlə qarşılaşmamaq üçün hansı tədbirlər görülməlidir?
Həkim, nevroloq Rəna Abbasova “Yeni Sabah”a açıqlamasında beynin sağlamlığını təhdid edən bu nadir, lakin təhlükəli xəstəliyin səbəbləri, əlamətləri və qorunma yollarından bəhs edib:
“Kəskin dissemine olunmuş ensefalomiyelit – mərkəzi sinir sistemində (beyin və onurğa beyni) iltihabi proseslərlə müşahidə olunan, autoimmun mənşəli bir xəstəlikdir. Bu zaman orqanizmin immun sistemi beyin və onurğa beynindəki sağlam sinir toxumalarına hücum edir. Nəticədə sinirləri qoruyan mielin qişası zədələnir.
Səbəblərinə digər ağır xəstəliklərdə olduğu kimi bakteriyal virus, immun sisteminin zəifləməsi kimi aləmatlər aiddir. İmmun sistemi zəifləyibsə, yaxud hansısa infeksion xəstəlik varsa, tam müalicə olunmayıb, əlamətlərə diqqət yetirilmədiyində yaranır. Yüksək hərarət, iştahanın kəsilməsi kimi simptomlar ümumi infeksion əlamətlərdir. Baş ağrıları, gözdə iki görmə, beyin struktur və qişaları prosesə cəlb olunursa, xəstədə sırf beyin əlamətləri əmələ gəlir. Bura qıcolmalar, huşun alaqaranlıq olması, görmə qabiliyyətinin pozulması, yerişin itirilməsi, təkrar qusmalar və s. artıq beyin əlamətləridir.
Qorunmaq üçün infeksiya və viruslara ciddi yanaşmaq lazımdır. Hər hansısa infeksion xəstəlik varsa, ayaqüstü keçirməmək lazımdır. Xəstəliyin başlanğıcında bir neçə gün daha ciddi rejimdə müalicə olunmaq lazımdır. Həkimsiz özünü müalicə etmək olmaz”.
R.Abbasova oxucularımıza vaxtında həkimə müraciət etməyi və özbaşına davranmaqdan qaçınmağı məsləhət görüb:
“Bütün infeksion xəstəliklərdə iştaha azalır, insan yemək yemir, qusur, maye itirir. Bu balansı bərpa etmək lazımdır. Həkimə vaxtında müraciət etmək mütləqdir. Bəzən xəstələrdə keçici olaraq yaxşılaşma olur və düşünürlər ki, həkimin yazdığı dərmanları qəbul etməyə və təkrar müraciət etməyə ehtiyac yoxdur. Yaxud təyin olunan müayinələrə gəlməkdən boyun qaçırırlar ki, adi qripdir heç nə olmaz. Bunların hamısı bir xəstəliyin ağırlaşmasında şərtdir”.
17 May 2025
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ