Onlayn ictimai-siyasi qəzet
2000-ci ildə keşmiş DTK zabiti Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra Rusiyaya qarşı silahlı mübarizə aparan, xarici dövlətlərə casusluq edən, ölkənin əleyhinə işləyən və başqa dövlətlərə sığınan yüzlərlə adamın hədəfə götürülməsi və edam edilməsi intensivləşib.
Bu, SSRİ-nin yarandığı ilk vaxtlardan trend olan, Stalinin dönəmində öz pik nöqtəsinə çatan mübarizə üsuluna qurban gedənlərin dəqiq sayı barədə dəqiq statistika yoxdur. Ancaq onlar çoxdurlar. Bu qətlləri həyata keçirənləri çox hissəsi sağ-salamat şəkildə vətənə qayıdaraq öz mükafatlarını və yeni rütbələrini alsalar da, yaxalananlar və mühakimə olunanlar da olub.
Onlardan biri də dünən Almaniyadan alınaraq öz ölkəsinə gətirilmiş (dövlətlərarası mübadilə əsasında) Vadim Krasikovdur.
Rusiya məxfi xidmətinin killeri Vadim Krasikovun adı hələ bu ilin əvvəlindən mübadilə siyahısında olub, ancaq bu mübadilə müxtəlif səbəblərdən ləngiyib.
Prezident Putinin azadlığına nail olmağa çalışdığı şəxslərin başında Krasikov dururdu. Bu ilin fevralında Putin amerikalı jurnalist Taker Karlsona demişdi ki, “vətənpərvərlik hissi ilə Avropa paytaxtlarından birində qulduru məhv edən şəxsi geri qaytarmağa” çalışır. Putin həmin şəxsin bu aktı öz təşəbbüsü ilə edib-etməməsinin başqa məsələ olduğunu bildirmişdi.
Lap startda Krasikovun Rusiya müxalifətinin lideri Aleksey Navalnı ilə dəyişdirilməsi nəzərdə tutulurmuş. Ancaq Navalnı cəza çəkdiyi koloniyada öldürülündüyündən mübadilə baş tutmayıb.
Bu şəxs “öz təşəbbüsü ilə” 2019-cu ildə Vadim Sokolovun adına alınmış sənədlərdən istifadə edərək Fransaya daxil olub, oradan Polşaya keçib, Polşadan isə Berlinə daxil olub. 2019-cu il avqustun 23-də Litl Tayegarten parkında Krasikov velosipedlə yaxınlaşaraq, Çeçenistan müharibəsinin keçmiş səhra komandiri Zelimxan Xanqoşviliyə tapançadan üç əl atəş açıb və onu öldürüb. Bundan sonra Krasikov tapançanı və velosipedi Şpre çayına atıb, parikini çıxarıb və paltarını dəyişib. İki yeniyetmə təsadüfən onun hərəkətlərini görüb, şübhələnib və polisə zəng vurub. Polislər qısa zamanda Krasikovu saxlayıblar.
2019-cu ilin dekabrında cinayətin istintaqı Almaniya Federal Prokurorluğuna verilib. Bu, adətən cinayətdə başqa dövlətin kəşfiyyat xidmətlərinin iştirakını nəzərdə tutan hallarda baş verir. 7 oktyabr 2020-ci ildə Berlin Ali Regional Məhkəməsində bu iş üzrə məhkəmə prosesi başlayıb və Federal Prokurorluğun nümayəndəsi Ronald Georq qətlin Rusiya hakimiyyətinin göstərişi ilə törədildiyini bildirib. 2021-ci il dekabrın 15-də Krasikovu ömürlük həbsə məhkum edən hakim Olaf Arnoldi də məhkəmədən sonra eyni nəticəyə gəlib: “Rusiya Federasiyasının motivləri qisas olub. Üstəlik, belə bir cinayət ictimai siqnala çevrilməli idi... Bu, dövlət terrorizmindən başqa bir şey deyil”.
Krasikov özü məhkəmə boyunca təkid edib ki, o, əslində Bryanskdan olan inşaat mühəndisi Vadim Sokolovdur. İstintaq və məhkəmə bu ifadəni həqiqətə uyğun hesab etməyib və onun təqsirini tam sübuta yetirib. Məsələ burasındadır ki, 2014-cü ildə Rusiya hakimiyyət orqanları qətldə şübhəli bilinən bu adamın tapılması üçün İnterpoldan kömək istəyib və beynəlxalq agentliyin arxivində onun şəxsiyyətini müəyyən edən foto aşkarlanıb. 2015-ci ildə İnterpola verilən sorğu ləğv edilib və cinayət təqibi dayandırılıb, lakin materiallar qalıb.
Vadim Krasikov 1965-ci ildə Qazaxıstanın Çimkənd (indiki Şımkent) vilayətində anadan olub. Ryazan Hava Desant Komandanlıq Məktəbini bitirib, sonra Əfqanıstana gedib. Sovet qoşunları bu ölkədən çıxarıldıqdan sonra Krasikov İrkutska köçüb. O, 1989-cu ildə İrkutskda evlənib və iki övladı - bir oğlu və bir qızı olub. 2010-cu ildə Krasikov Xarkovdan olan Yekaterina Aleksandrova ilə yaşamağa başlayıb və bu evlilikdən onun Mariya adlı bir qızı var.
“Novaya qazeta”nın yazdığı kimi, 2007-ci ildə Krasikov üç nəfərlik qrupun tərkibində Kareliyanın Kontoki kəndində bir iş adamının qətlində iştirak edib. Hətta o zaman o, FTX-nin xüsusi bölməsi – “Vımpel” qrupu ilə əlaqələndirilib. 2013-cü ildə onun Moskvada iş adamı Nazranovun qətlində də əli olub. Bu işlərdə Krasikov hətta şübhəlilər siyahısına düşüb, lakin 2015-ci ildə onun axtarışı dayandırılıb. Dosye mərkəzinin xəbər verdiyi kimi, 2015-ci ildə Krasikova Sokolov adı ilə daxili pasport verilib. Bu, onun üçün axtarışın rəsmi olaraq dayandırıldığı vaxt olub. Vaxtilə Krasikovu təkcə təhlükəsizlik qüvvələri yox, öz qohumları “Məni gözlə” proqramı ilə də axtarıblar. 2016-cı ildə əmisi oğlu proqramın saytında müvafiq elan yerləşdirib.
2022-ci ilin payızında alman mediası Krasikovun Berlindəki Tegel həbsxanasından Bavariyada "deportasiya gözləyən məhbuslar üçün xüsusi müəssisəyə" köçürülməsi barədə məlumat verib və onun dəyişdiriləcəyi barədə ehtimal irəli sürüb. Amerika nəşrləri yazıblar ki, bunu ABŞ hakimiyyəti Almaniyadan istəyib. CNN xəbər verib ki, Moskva ABŞ vətəndaşlarının mübadiləsi üçün müqaviləyə Krasikovun adının əlavə edilməsi şərtini qoyub. Bunun müqabilində Rusiyada narkotik qaçaqmalçılığında təqsirli bilinən basketbolçu Britni Qreyner və casusluq ittihamı ilə məhkum olunmuş keçmiş dəniz piyadası Pol Uilan ABŞ-yə təhvil veriləcəkdi. Daha sonra Berlindəki mənbə bildirib ki, Almaniyanın hakimiyyət orqanları rusiyalının mübadiləsi barədə ciddi düşünməyib.
Rusiya tərəfi, xüsusilə də prezident Putin öz mövqeyində israrlı olub, nəhayət, qatil Krasikov dəyişdirilən şəxslərin siyahısına salınıb.
İndi onu öz ölkəsində qəhrəman kimi qarşılayırlar. Almaniya kansleri Olaf Şolts bu mübadilənin məcburiyyət üzündən olmasını qeyd edib və bu addımın ABŞ ilə müttəfiqliyin xətrinə atıldığını bildirib.
Araz Altaylı, Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ