İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir neçə saat ərzində insanı YA KOR EDİR, YA ÖLDÜRÜR - Bu içkilərdən uzaq durun

Xəbər verdiyimiz kimi, Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfər spirtli içkidən zəhərlənərək ölüb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95 % spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları və s. götürülüb, müvafiq ekspertizalar təyin olunmaqla, digər zəruri istintaq hərəkətləri icra edilib. Hazırda ibtidai istintaq davam etdirilir.

Qida texnoloqu Asim Vəliyev Musavat.com-a bildirib ki, etil spirti (etanol) əsasənalkollu içkilərdə istifadə olunan spirt növüdür. Lakin həddindən artıq qəbul edildikdə ciddi sağlamlıq problemlərinə və hətta ölümə səbəb ola bilər.

“Ölüm halları əsasən yüksək dozada qəbul (qan plazmasında 4-5 qram/litr və ya daha yüksək konsentrasiyada olması) və ya aspirasiya (qusma nəticəsində tənəffüsyollarına mayenin dolması), tənəffüs çatışmazlığı və hipotermiya kimi ağırlaşmalarla bağlıdır. Statistik göstəricilərə əsasən etanol zəhərlənmələrində ölüm ehtimalı 1-5% arasında dəyişir. Lakin vaxtında tibbi müdaxilə ilə bu göstərici əhəmiyyətli dərəcədə azaldıla bilər. Xüsusilə uşaqlar və yaşlı insanlar üçünr isk daha yüksəkdir. Ölüm hallarının əsas səbəbləri arasında tənəffüs dayanması, kəskin pankreatit və ya ikincili travmalar (məsələn avtomobil qəzası) yer alır.

Texniki spirtlər (metanol, izopropanol və s.) əsasən sənayedə həlledici, yanacaq vədezinfeksiyaedici vasitə kimi istifadə olunur. Onlar toksik qatışıqlar ehtiva edə bilər. Bu maddələrin daxilə qəbulu bir sıra ağırlaşmalara səbəb ola bilir. Məsələn,
metanol və digər toksik maddələr qaraciyərdə formaldehidə çevrilərək qanın pH səviyyəsinikəskin aşağı salır, optik siniri zədələyərək saatlar ərzində geridönməz
korluğa səbəb ola bilər.

Həmçinin başgicəllənmə, huşun itməsi, epileptik tutmalar müşahidə oluna və zəhərli maddələr bu orqanların funksiyasını tamamilə iflic edə bilər. Aritmiya və təngnəfəslik kimi ciddi problemlər yarana bilər”.

Qida eksperti deyir ki, ən çox zədələnən orqanlar qaraciyər, böyrəklər, gözlər və beyindir. Metanol insan orqanizmi üçün son dərəcə təhlükəlidir və qəbulu qətiyyən tövsiyə edilmir: “Metanol qaraciyərdə alkoholdehidrogenaz fermenti tərəfindən formaldehidə çevrilir. Bu maddələr metabolik asidoza səbəb olur, hüceyrə zəhərlənməsi törədir. Cəmi 10-30 ml metanol yetkin insanda korluq və ya ölümə səbəb ola bilər. İlk əlamətlər başgicəllənmə, ürəkbulanma 12-24 saat sonra meydana çıxır, bu müddət ərzində isə daxili orqanlarda geri dönməz zədələr baş verə bilər.

Texniki spirtlərdən, xüsusilə metanoldan uzaq durmaq həyati əhəmiyyət kəsb edir. Etanol zəhərlənmələri vaxtında tibbi müdaxilə ilə müalicə oluna bilsə də, metanolun hətta kiçik dozalarda qəbulu fəlakətli nəticələrə səbəb ola bilər. Buna görə də yalnız sertifikatlaşdırılmış və təhlükəsiz mənbələrdən alınan spirtli içkilərdən istifadə etmək vacibdir. İctimai maarifləndirmə bu sahədə ciddi rol oynayır vəqeyri-qanuni spirt ticarətinə qarşı mübarizə gücləndirilməlidir”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR