İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir çəllək pivənin güdazına gedən dəstə - Stalin dövrünün “nümunəvi” cinayətkarları  

Müharibədən sonrakı dövrdə, 1950-1953-cü illərdə silsilə cinayətlər, qətl və qarətlər törədən cinayətkar dəstənin uzun müddət izinə düşmək mümkün  olmayıb. Oxşar cinayətlər Moskvanın ərazisində törədilib. Dəstənin ilk cinayəti 1 fevral 1950-ci ildə qeydə alınıb. Həmin gün ərzaq mağazası qarət olunaraq 34 min pul aparılıb, müqavimət göstərmək istəyən satıcı isə tapança ilə qətlə yetirilib.

Hadisədən heç bir ay keçməmiş  Moskvanın Tmiryazev rayonunda iki nəfər dəstə üzvü sənaye malları mağazasında soyğun törədib. Onlar əvvəlcə özlərini kassirə dövlət təhlükəsizlik orqanlarının əməkdaşları kimi təqdim ediblər. Təsadüfən mağazada olan sahə müvəkkili və milis nəfəri mülki geyimdə olan bu şəxslərdən şübhələniblər, onlardan sənəd tələb ediblər. Sənədin əvəzində həmin iki nəfər tapança çıxararaq milis əməkdaşlarını qətlə yetirib. Mağazadan 68 min rubl pul aparılıb. Cinayətkarları bu dəfə də yaxalamaq mümkün olmayıb.

3-4 aylıq fasilədən sonra dəstə öz fəaliyyətini “istirahət”saatlarında davam etdirib. “Yaşıl Dunay” restoranında yeyib-içdikdən sonra dəstə üzvlərindən biri kassirə yaxınlaşaraq pulları tələb edib. Həmin vaxt milis leytenantı Mixail Biryukov həyat yoldaşı ilə restoranda ad gününü qeyd edib və o, cinayətkarlara mane olmaq istəyəndə yerindəcə güllələnib. Restoranda istirahət edən daha bir nəfər də atışma nəticəsində həlak olub. Dəstə üzvləri bu dəfə də kassanın bütün pullarını götürərək aradan çıxıb.

Beləliklə, oxşar hadisələr üç il ərzində davam edib, bu müddət ərzində cinayətkar dəstə 11 nəfəri qətlə yetirib, 23 nəfəri odlu silahla yaralayıb, 32 soyğunçuluq hadisəsi törədib, 300 min rubldan artıq pul qarət olunub. Maraqlı məqam odur ki, dəstə öz işini elə “peşəkarlıqla” görüb ki, peşəkar əməliyyatçılar cinayətin izinə düşə bilməyiblər.

Növbəti cinayət hadisəsi isə ölkənin birinci şəxsinin az qala gözlərinin önündə, Küntsevoda, İosif Stalinin bağından çox da uzaq olmayan ticarət mərkəzində baş verib. Mərkəzin direktoru cinayətkarlara müqavimət göstərərək əlbəyaxa davaya girişib və elə həmin dəqiqə də tapança ilə qətlə yetirilib. Dəstə bu dəfə də böyük qazancla hadisə yerindən uzaqlaşa bilib.

Qətllərlə müşayiət olunan hadisələrin gedişi Mərkəzi Komitədə  ciddi narahatlıq yaradıb. Stalin hüquq-mühafizə orqanlarının və Moskva rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Hadisələr haqqında ilk olaraq həmin dövrdə Moskva vilayət Partiya Komitəsinin birinci katibi Nikita Xruşşov məruzə edib. Stalin onun məruzəsini yarımçıq kəsib:

-Bütün bu faktlar onu göstərir ki, şəhərin müvafiq qurumlarına partiya nəzarəti sıfır səviyyəsindədir və onlar öz işlərinin öhdəsindən gəlmək gücündə deyillər. Bu hadisələr həm də şəhər milisinin qeyri-peşəkarlığının göstəricisidir.

Stalin Xruşşovu bir neçə dəqiqə danladıqdan sonra  öz qərarını verib:

-Mən bu işi, cinayət hadisələrinin araşdırılmasını və açılmasını ittifaq miqyaslı qurumlara həvalə edirəm. Moskva rəhbərliyi isə qoy istirahətlərini davam etdirsinlər. Dəstə üzvləri bir gün onların da qapısını döyəcək.

Bununla da  baş verən cinayət hadisələri ilə şəhərin hüquq-mühafizə orqanları deyil, birbaşa ittifaq miqyaslı müvafiq nazirliklər məşğul olmağa başlayıblar.

Dəstə növbəti dəfə Moskanın Mıtişi rayonundakı əmanət kassasını hədəf seçib. Dəstə üzvləri içəri daxil olaraq giriş qapısını bağlayıblar. İçəridəkilərin hamısına döşəmədə uzanmaq əmri verilib. İşçilərdən biri çeviklik göstərərək milis bölməsi ilə əlaqəsi olan “həyəcan düyməsi”ni basmağa macal tapıb. Dərhal milis bölməsindən zəng gəlib. Dəstəyi dəstənin üzvlərindən biri qaldırıb. Növbətçi milis “bura əmanət kassasıdırmı” sualını verəndə, dəstə üzvü “xeyr, bura stadiondur” deyə cavab verərək dəstəyi yerə qoyub. Əmanət kassasından 130 min rubl götürən dəstə bu dəfə də aradan çıxa bilib.

Hadisədən dərhal sonra 7 saat davam edən birgə əməliyyat müşavirəsi keçirilib. Müşavirədə telefona cavab verən dəstə üzvünün “stadion” ifadəsi diqqəti cəlb edib. Əvvəlki törədilmiş cinayət hadisələrinə bir daha nəzər salınıb. Məlum olub ki, cinayət hadisələrinin əksəriyyəti stadionlara yaxın yerlərdə baş verib. Belə qənaətə gəlinib ki, dəstə üzvlərinin stadionla, idmanla hansısa bir əlaqəsi var. Beləliklə, Moskvanın və şəhərin bütün rayonlarının stadionları nəzarətə götürülüb, stadionlara gəlib-gedənlərin kimliyi izlənilib, kiçicik bir şübhəli hərəkət ciddi yoxlanılıb.

Nəhayət, Krasnoqorsk rayonundakı stadionda adi bir tədbirdən sonra baş verən hadisə əməliyyatçıların diqqətindən yayınmayıb. Stadionun girişində bir nəfər gənc oğlan çəlləkdə pivə satan satıcıdan bütün pivəni alıb və tədbirdən çıxanlara pulsuz paylayıb. Müharibədən sonrakı dövrdə, dolanışığın çətin olduğu bir vaxtda bu gənc oğlanın “səxavəti” təbii ki, şübhələrə səbəb olub. Əməliyyatçılar onu sorğu-suala tutmağa tələsməyiblər. Dəstənin ən gənc üzvlərindən biri olan Vyaçeslav Lukin hüquq-mühafizə orqanları tərəfindən izlənməyə başlanıb və o, dəstənin digər üzvləri ilə görüşəndə yaxalanıb. Elə ilk sorğu-sualda bütün məsələlərə aydınlıq gətirilib. Müstəntiqlər cinayəti sübut etməkdə çətinlik çəkməyiblər. Dəstə üzvləri törətdikləri cinayəti etiraf ediblər.

Məhkəmənin hökmü ilə dəstənin başçıları İvan Mitin və Aleksandr Samarin ən ağır cəzaya, ölüm hökmünə məhkum edilərək Butırka türməsində güllələniblər. Daha 12 nəfər isə 10, 15 və 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Maraqlı faktlardan biri isə odur ki, dəstənin  üzvləri heç də peşəkar cinayətkarlar deyil, işlədikləri kollektivdə və ailədə nümunəvi tanınan idmançı, tələbə və müdafiə sənayesi zavodunun işçiləri olub.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR