İnsanlara hürriyət, millətlərə istiqlal!

Beyrəyin partiyasının ləğvi

“Bin buğra gətürün kim, maya görməmiş ola. Bin dəxi ayğır gətürün kim, heç qısrağa aşmamış ola. Bin dəxi qoyun görməmiş qoç gətürün. Bin də quyruqsız-qulaqsız köpək gətürün. Bin dəxi bürə gətürün mana”

(həmin dastandan)

Dörd-beş gün qabaq Ədliyyə Nazirliyi siyasi partiyaların müraciətinə baxdı, Vahid Azərbaycan Milli Birlik Partiyasını və Qorqud Partiyasını ləğv etdi. Bu minvalla təkcə avqustda ləğv edilən partiya sayı 13-ə çatdı.

Öncə ləğv olunanlar bunlardır: Azərbaycan Naminə Alyans Partiyası, Birlik Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Milli Vəhdət Partiyası, “Yeni Yol” Partiyası, Müstəqil Xalq Partiyası və Azərbaycan Milli Demokrat Partiyası.

Xəbərlərdə bu siyahını görəndə mən təəccübləndim, çünki əslində ləğv edilən partiya sayı 12 edirdi. Hörmətli oxucularımız özləri də istəsələr yoxlaya bilərlər. Sadəcə, nədənsə dəyərli, kəlləli, “təəssüf” sözünü “təsüf”, “yeşik” sözünü “deşik” kimi yazan gənc nəsil jurnalistlərimiz Azərbaycan Liberal Demokrat Partiyasını 2 dəfə saymışdılar.

Bəlkə bu partiya hökumətin qəzəbinə gəlib, onu 2 dəfə ləğv eləyiblər? Ya da bir zamanlar AXCP-nin başına gələn mitoz bölünmə hadisəsi ALDP-nin də başına gəlibmiş, ondan bir neçə dənəsi yaranıbmış? Bəlkə hansısa “aldp” künc-bucaqda ƏN-in odlu baxışlarından yayınaraq gizlənmişdir? Təsüf ki, biz bunu heç vaxt öyrənə bilməyəcəyik. Ləğv edilən partiyalar bu cür sirləri özləriylə zamanın arxivinə aparmışdır.

Ləğv siyahısına baxanda siyasi palitramızın necə bozlaşdığını müşahidə edirik, ürəyimizdən qara qanlar fışqırır. Demək indən belə Azərbaycanda nə birlik qaldı, nə təkamül. Nə milli vəhdətimiz var, nə yeni yolumuz.

Ən dəhşətli zərbə isə, diqqət eləsəniz, demokratiyamıza dəymişdir. Birdən-birə onun 3 növü ixtisara düşmüşdür: liberal, sosial, milli. Siyasi ədəbiyyatlara, dünya təcrübəsinə əsaslansaq, liberal demokratiya mərkəzçi istiqamətdir, sosial demokratiya sola meyllidir, milli demokratlar da sağa. İndi bizim demokratiyanın ancaq iki yolu qalıbdır. Ya geriyə getməlidir, ya aşağı. Şair demişkən, nə var qəbirdən aşağı... Deyəsən bu temada artıq cızmaqara etmişik, bəs niyə tema sırtıqcasına hər yazımıza soxulur? Mətbuat və İnformasiya Nazirliyindən xahiş edirəm tədbir görsün, bəzi temalar ləğv olunsun. Sonra yadıma düşdü ki, nazirliyin özünü çoxdan ləğv eləyiblər. Bu da mənfi, neqativ haldır, siyasi partiyaların öz nazirliyi var, müəllimlərin, həkimlərin, şairlərin, artistlərin, hətta dana saxlayanların da öz nazirliyi vardır, bircə biz jurnalistlər yiyəsiz qalmışıq.

Qorqud Partiyasının ləğvi qərarı da acıdır, kədərlidir, ağlamalıdır. Qorqudşünaslığımız üçün çətin günlərdir. Mənə elə gəlir ki, Qorqud Partiyasının məhz eyni adlı filmdə Beyrək rolunun ifaçısı Rasim müəllimə qarşı təzyiqlərin başlanmasıyla eyni vaxtda ləğv olunması təsadüfi deyildir. İnşallah, Qazan Partiyasını da ləğv eləməzlər. Bunlar sizə zarafat, oyun-moyun kimi gəlməsin. Ağsaqqallarımız xatırlayar, bir zamanlar ölkəmizdə Namus, Qeyrət Partiyaları var idi. Nəticədə camaat ana-bacıların qayğısına qalırdı. İndi isə biabırçılıqdır. Hətta manıslar şikayət edir ki, kimə salam versələr onlarla yatmaq istəyir. Mingəçevirdə bir cavan oğlan skameykada qızla əyləşdiyi üçün dava düşmüşdü, az qala bənd uçurmuş, Sabirabada qədər suyun altında qalacaqdıq. Əgər seçkilərdə proporsional üsulu bərpa etməsək, hələ çox davalar düşəcəkdir.  

Sonda yazının pritçası: “Qazaxlı şair Hüseyn Arifin bir fanatı varmış, hər yerdə onu tərifləyirmiş, deyirmiş Hüseyn Arif Səməd Vurğundan böyük şairdir. Bir gün yolları Qazaxa düşür, Hüseyn bəy dostuna deyir ki, məni tərifləsən də, nəbadə Vurğundan böyük şair olduğumu orda deyəsən. Rayonda şairin gəlişi münasibətiylə süfrə açılır, yeyib-içməyin şirin yerində adam dözmür, Hüseyn Arifin Vurğundan böyük şair olduğunu tostda söyləyir. Ara qarışır, vurub bunun ağzını partladırlar. Hüseyn Arif adamı kənara çəkib qulağına deyir: “Qağa, görürsən də, burda düz danışanın ağzından vururlar”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR