İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq media təşkilatları: İran hakimiyyəti qadın jurnalistləri hədəfə alıb

İranın müstəqil hüquq müdafiəçiləri bu ölkədəki hökumət əleyhinə etirazlar başlayandan bəri qadın jurnalistlərin təhlükəsizlik qüvvələrinin hədəfinə çevrildiyini bildiriblər.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, İranda azı 17 qadın jurnalist nəfər həbs edilib. Mətbuat azadlığı üzrə beynəlxalq qrup isə bildirib ki, əslində, bu rəqəm təxminən üç dəfə çoxdur.

İranda 1979-cu ildən bəri ən böyük etiraz aksiyalarında sentyabr ayından etibarən 20 minə yaxın adamın saxlanıldığı təxmin edilir. İran İnsan Haqları Fəallarının Xəbər Agentliyinin (Hrana) məlumatına görə, bu müddət ərzində 520-dən çox etirazçı təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Etiraz aksiyalarının geniş vüsət aldığını görən İranın molla rejimi ən son həbs edilən “Hammihan” qəzetinin müxbiri Elnaz Məhəmmədini zaminə buraxıb. Xanım Məhəmmədi eyni qəzetdə çalışan və keçən il sentyabrın 29-da həbs edilən İlahə Məhəmmədinin əkiz bacısıdır. O, ötən il sentyabrın 16-da polis məntəqəsində qətlə yetirilən 22 yaşlı iranlı qadın Məhsa Əmininin dəfn mərasimi ilə bağlı reportaj hazırladığına görə saxlanılıb. Elnaz Məhəmmədinin həbsindən bir həftə əvvəl daha üç qadın jurnalist – Məlikə Haşhemi, Səidə Şafei və Mehrnuş Zareye də saxlanılıb.

Vaşinqtonda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin tədqiqatçısı Yeganə Rezayan bildirib ki, İranda çoxlu sayda qadın jurnalist həbs edilib. Onun sözlərinə görə, molla rejimi kütləvi etirazlarda məhz qadınların fəal iştirakını görüb və qorxuya düşüb. "Təbii ki, hadisələri daha çox qadın jurnalistlər işıqlandırırdı. Hətta kiçik şəhərlərdə və yerli qəzetlərdə qadınlar öz həmcinslərinin liderlik etdiyi etiraz aksiyaları haqqında məlumat verirdilər", -deyə tədqiqatçı əlavə edib.

İran polisinin qətlə yetirdiyi Məhsa Əmininin fotosunu dərc edən ilk jurnalist də qadın olub. Nilufər Həmidi adlı bu reportyor sentyabrın 22-də həbs edilib və hələ də dəmir barmaqlıqlar arxasındadır. Jurnalistləri Müdafiə Komitəsinin məlumatında qeyd olunub ki, İranda son 5 ay ərzində azı 98 jurnalist və bloqqer həbs edilib və onların yarısından çoxu qadınlardır.

Jurnalist azadlığını müdafiə edən beynəlxalq təşkilat olan Sərhədsiz Reportyorlar (RSF) isə bildirib ki, İranda etirazlar başlayandan bəri həbs edilən jurnalistlərin 27-si hələ də zindandadır, digərləri isə girov müqabilində azadlığa buraxılıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR