İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Arbitraj Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiasını araşdırır

Haaqa Sülh Sarayında Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyasına əsasən dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində 30 illik “qeyri-qanuni işğalı zamanı törədilən ətraf mühitin geniş şəkildə dağıdılmasına dair mövcud olan külli miqdarda dəlillər” əsasında 18 yanvar 2023-cü il tarixində Azərbaycan tərəfindən sözügedən ilk arbitraj prosesi başladılıb.

"2020-ci ildə Azərbaycan öz ərazilərinin azad olunmasından sonra Ermənistanın ətraf mühiti məhv etməsi və onu qorumaması ilə bağlı dəhşətli dəlilləri üzə çıxarıb. Ermənistanın bu addımları ərazilərimizin təbii yaşayış mühiti və növlərinə ciddi ziyan vurub, təbii ehtiyatların tükənməsinə səbəb olub, habelə mövcud biomüxtəlifliyi məhv edib. Ermənistan tərəfindən meşə ərazilərində, o cümlədən 1991-ci ildə bu ölkənin qeyri-qanuni işğalına qədər qorunan təbiət qoruqlarında ekoloji cəhətdən məsuliyyətsiz və qeyri-qanuni tikinti və mədən fəaliyyəti ilə geniş şəkildə meşələrin qırılması, davamlı surətdə ağacların kəsilməsi və çirklənməsi ilə bağlı fəaliyyət Azərbaycanda 500-dən çox canlı təbiət növünü risk altında qoyub", - məlumatda qeyd edilib.

Məlumatda həmçinin deyilir ki, bu günədək Ermənistan öz ərazisindən Azərbaycan ərazisinə axan transsərhəd çayları çirkləndirməklə Azərbaycan ərazisində biomüxtəlifliyə və canlı təbiətə zərər vurmağa davam edir.

"Azərbaycanın Ermənistana qarşı hüquqi fəaliyyəti bütün növ vəhşi flora və faunanın populyasiyalarını saxlamaqla bağlı qanuni öhdəliklər kimi sahələrdə vəhşi flora və faunanın mühafizəsi, bərpası və yaşayış mühitinin yaxşılaşdırılmasını təmin etmək, habelə Konvensiyada sadalanan, o cümlədən köç edən növlərin qorunması üçün tədbirlər görmək kimi konkret iddiaları özündə ehtiva edir. Arbitraj çərçivəsində Azərbaycan tribunaldan Ermənistandan Bern Konvensiyasının bütün davam edən pozuntularına son qoyulmasını və ətraf mühitin dağıdılmasına görə təzminatın tam ödənilməsini tələb etməyi sorğu edib. Sözügedən arbitraj ətraf mühitlə bağlı məhkəmə çəkişmələrinin aparılmasında əlamətdar addım kimi mühüm presedent yaratmaqla yanaşı, biomüxtəlifliklə bağlı dövlətlərin üzərinə qoyulan beynəlxalq hüquqi öhdəliklərin həqiqətən effektivliyini təmin edəcək. Bu, öz növbəsində, ədaləti təmin etmək üçün ciddi səydir", -Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edir./Turan.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR