İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəxtiyar Hacıyevin apelyasiya şikayəti təmin olunmadı

Bakı Apelyasiya Məhkəməsində həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması ilə bağlı şikayətə baxılıb.

Musavat.com xəbər verir ki, yanvarın 9-da hakim Habil Məmmədovun sədrliyi ilə qapalı keçirilən məhkəmə iclasında Bəxtiyar Hacıyev özü də iştirak edib.

Apelyasiya şikayəti Xətai rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli qərarından verilib. Bəxtiyar Hacıyevin vəkilləri onun ev dustaqlığına buraxılması üçün bu məhkəməyə vəsatət vermiş, lakin hakim Sülhanə Hacıyeva vəsatəti təmin etməmişdi.

İctimai fəal apelyasiya məhkəməsindəki çıxışında bildirib ki, o, dekabrın 15-dən başladığı aclığı ayın 28-də dayandırmaqla ona qarşı qərəzin dayandırılması üçün qarşı tərəfə imkan yaradıb. Onun sözlərinə görə, o vaxtdan ötən müddət göstərdi ki, qarşı tərəf qərəzindən əl çəkmək niyyətində deyil: “Ona görə bu məhkəmə də şikayətimizi təmin etməsə, yenidən aclığa başlayacağam. Çünki mənə qarşı qərəz davam edir. Bu dəfə aclığı sona qədər davam etdirəcəm”.

Bəxtiyar Hacıyev bildirib ki, ona qarşı irəli sürülmüş məhkəməyə hörmətsizlik, xuliqanlıq ittihamları absurddur. Onun sözlərinə görə, əsl məhkəməyə hörmətsizlik onun barəsində çıxarılan qərarlarıdır.

İctimai fəal barəsindəki yüngülləşdirici hallardan da danışıb:

“Mənim azyaşlı pişiklərim var. Məsələn, himayəmdə 6 pişiyim var. Üçü südəmərdir...”

Məhkəmədə iştirak edən müstəntiq Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmasına etiraz edib və apelyasiya şikayətinin təmin olunmamasını istəyib.

Hakimlər də qısa müşavirədən sonra apelyasiya şikayətinin təmin olunmadığını açıqlayıb.

Bundan sonra Bəxtiyar Hacıyev yenidən aclığa başladığını, bu dəfə sona qədər davam edəcəyini bildirib.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR