İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəs deyirdiniz, Qərb sülh istəyir...

Laçın yolundakı “humanitar karvan” şousunda AB səfirlərinin aldığı rol da, Amerika mətbuatında ölkəmizi ardıcıl hədəf alan qərəzli yazılar da kimin üçün təəccüblü olsa da, Prezident Əliyev üçün qətiyyən gözlənilməz deyil

Laçın yolunda “humanitar böhran”la bağlı anti-Azərbaycan prosesinin mərkəzində ABŞ və Avropa Birliyinin olduğunu görən bəzi yerli politoloqlarımız indi susmağa üstünlük verirlər. Halbuki dünənədək onlar ABŞ-ın və AB-nin daha ədalətli vasitəçi olması barədə ağızdolusu danışırdılar, açıq deyirdilər ki, Rusiya sülh istəmir, amma Qərb bunun üçün az qala alışıb-yanır...

spay .jpg (169 KB)

Əlbəttə ki, dürlü-dürlü izahları da vardı. Ən gözəgirəni isə bu idi ki, Qərb Paşinyanın hakimiyyətdə qalmasını istəyir, bunun üçün ona hətta təzyiq də edir ki, tezliklə sülh müqaviləsini imzalasın. Sübut da vardı: Paşinyan Praqada Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Başqa izahlar da vardı: Paşinyan gedərsə, ya öldürülərsə, Rusiya hakimiyyətə öz adamını gətirəcək, ona görə Qərb paytaxtları sülh prosesində qollarını çırmayıb. Hətta sülh müqaviləsinin ilin sonunadək imzalana biləcəyinə inananlar da vardı.

Bu gün tanınmış siyasətçinin “baş verən geopolitik dəyişikliklər kontekstində” iri yazı-tezis-təkliflərini oxudum, doğrusu, bir az da heyrətləndim. Yazıda ümumi nəticə budur ki, dünyada baş verən geopolitik proseslər fonunda biz qalib olacaq (?) Qərbin yanında yer almalıyıq, hətta bunun üçün demokratik açılım olmalıdır və sairə... Bunlar əlbəttə ki, gəlişigözəl sözlərdir, bəlkə də çox ağıllı tezislərdir, mən “tuta bilmədim”. Zənnimcə, Azərbaycan “qalib Qərbin yanında yer almalıdır” (yer tutmalıdır və ya özünə yer etməlidir və sairə...) gerçəkliklə yaxından-uzaqdan əlaqəsi yoxdur. Qərb hələ Ukraynada özünün qazdığı quyudan çıxsın görək...

aliyev ordu.jpg (670 KB)

Bəli, Prezident Əliyev də dəfələrlə bəyan edib ki, sülh vasitəçiliyində Vaşinqtonun da, Brüsselin də səylərini dəstəkləyir. İlham Əliyevin çıxışlarını diqqətlə izləyənlər onu da bilir ki, Prezidentin heç vaxt bu paytaxtların vasitəçiliyinə xüsusi optimizmi də olmayıb. Yəni indiki vəziyyət - Laçın yolundakı “humanitar karvan” şousunda AB səfirlərinin aldığı rol da, Amerika mətbuatında ölkəmizi ardıcıl hədəf alan aşkar qərəzli yazılar da kimin üçün təəccüblü olsa da, Prezident Əliyev üçün qətiyyən gözlənilməz deyil. İlham Əliyev 20 ildir bu danışıqların birbaşa iştirakçısıdır. Məhz Qərbin Azərbaycanı vaxtilə hansı güzəştlərə razılaşmağa vadar etmək niyyətlərini də zaman-zaman açıqlayıb. Son prosesdə Fransa erməni kartı ilə açıq oynayır, BMT-dəki müzakirə cəhdi də onların planıdır. Əlindəki erməni kartını gizli saxlayanlar da var ki, onlar da bu cür həssas məqamlarda özlərini (üzlərini) gizlədə bilmirlər.

Qərb əlbəttə ki, ikiüzlüdür, bunu birinci dəfə deyil görürük. Fəqət 44 günlük müharibənin dəyişdiyi reallıqlar fonunda Qərbin Azərbaycanla daha fərqli davrandığını görmürük, indi bu prosesin əksi baş verməkdədir.

avropa esas.jpg (72 KB)

Rusiyanı söymək, yamanlamaqdan asan heç nə yoxdur. Onlar da erməni kartını özlərinə sərf edən həddə qədər qarışdıracaqlar. Qarabağdakı erməni silahlılarının başını sığallamaqla yaranmış süni “humanitar böhran”lı vəziyyətin məsuliyyəti də məhz onların üzərindədir. Vaxtında erməni silahlılarını Xankəndi və ətrafından çıxarsaydılar, bu vəziyyət yaranmaya da bilərdi. Rusiya əlbəttə ki, “humanitar böhran”dan yararlanmağa çalışır. Bilir ki, sərhəddə dayanan TIR-lar Qərbin oyununun bir hissəsi olsa da, ona da sərf edir. Çünki gərginlik sülhməramlılara Qarabağda hələ ehtiyac olduğu rəyini möhkəmlədir. Yəni indi üzərimizə gələnlər sırasında Rusiya bir az arxa plandadır, Qərbin isə iti-qurdu, mediası, dəllar nəşrləri Azərbaycana təzyiq üzərində fokuslanıblar.

BMT ESAS.PNG (1.85 MB)

Bunun səbəbinin yalnız Qarabağdakı bir ovuc erməni olduğunu düşünmək sədəlövhlük olardı. Həm Brüssel, həm ABŞ guya bir müddət əvvəl Paşinyana tuşlanmış oxları indi Azərbaycana, Prezident Əliyevə yönləndiriblər. (Paşinyan isə artıq sülh danışıqlarından imtinadan dəm vurur). Azərbaycandan Qarabağ erməniləri üçün güzəşt istəyirlər, bu isə təkcə Laçın yolu deyil. Azərbaycanın bu məsələdə qətiyyətli və güzəştsiz mövqeyi isə yeni neo-imperialist, birqütblü dünya düzəni qurmağı xəyal edənlərin yumşaq desək, xoşuna gəlmir.

Qafqazda Azərbaycan adlı dövlət var ki, özünə bir inkişaf pəncərəsi açıb, kimisə işinə qarışdırmır, kiminsə işinə də qarışmır. İqtisadiyyatını möhkəmlətməyi, xarabazara çevrilmiş torpaqlarına yeni həyat gətirməyi hədəfləyən, ordusunun döyüş qabiliyyətini gücləndirmək istəyən Azərbaycan Qərbin gözünə indi nədənsə ox olub, batır...

Ukrayna müharibəsi uzandıqca, regionumuzda bu cür ziqzaqvari prosesləri izləyəcəyik. İndi əsas məqsəd kiminsə yanında yer almaq deyil, Azərbaycan xalqına, orduya güvənmək, müttəfiq Türkiyə ilə siyasi-hərbi əlaqələrdə daha da irəli getməkdir.

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR