İnsanlara hürriyət, millətlərə istiqlal!

Bern Konvensiyası əsasında ilk dövlətlərarası arbitraj prosesi belə davam edəcək

Məlum olduğu kimi, 12 fevral 2025-ci il tarixində Azərbaycan tərəfi Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya (Bern Konvensiyası) əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib ki, iddia sənədində Ermənistanın Bern Konvensiyasına dair hüquqi öhdəliklərinin çoxsaylı pozuntuları ətraflı şəkildə öz əksini tapıb.

Qeyd olunub ki, Azərbaycan öz ərazilərini azad etməklə Ermənistanın ətraf mühiti məhv etməsinə və dünyanın ən zəngin biomüxtəliflik ocaqlarından birində yaşayış mühiti və növlərini qoruya bilmədiyinə dair dəhşətli sübutlar aşkar edib. Ermənistanın hərəkətlərinin bölgədəki canlı təbiətə və növlərinə dönməz şəkildə ciddi ziyan vurduğu müəyyənləşdirilib.

“Qeyd edək ki, 18 yanvar 2023-cü il tarixində Azərbaycan sözügedən dəlillərə əsaslanaraq
arbitraj prosesinin başlanması üçün Ermənistana arbitraj bildirişi göndərib. 15 sentyabr 2023-cü il tarixində arbitraj məhkəməsinin tərkibi təsdiqlənərək, 12 aprel 2024-cü ildə Haaqadakı Sülh Sarayında Azərbaycan ilə Ermənistan arasında ilk prosedur iclası keçirilib.

Azərbaycanın Ermənistana qarşı məhkəmə iddiası Bern Konvensiyası əsasında indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesidir.

Azərbaycan Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə görə bu ölkədən tam təzminat tələb edir. Buraya Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı əraziyə aid olan yüzlərlə vəhşi təbiət növünə və yaşayış yerlərinə mənfi təsir göstərən addımlar, o cümlədən meşələrin genişmiqyaslı qırılması, ekoloji cəhətdən səmərəsiz şəkildə ağacların kəsilməsi, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir.

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) yaşı 2000-dən çox olan qədim ağacların olduğu Azərbaycanda minlərlə hektar xüsusi mühafizə olunan və qiymətli meşənin zərər gördüyünü bildirib. Bu qoruqlardan bəziləri Bəsitçay vadisindəki şərq çinarı meşəsi kimi nadir və kövrək ekosistemləri qorumaq üçün yaradılmışdı. UNEP hesabatında Oxçuçay çayında yüzlərlə balığın ölü tapıldığını əlavə edərək, əvvəllər işğal olunmuş ərazilərdə mədənçiliyin “suyun, torpağın və biomüxtəlifliyin kimyəvi çirklənməsinə” səbəb olduğunu sənədləşdirib. İşğal zamanı Ermənistan tərəfindən törədilən hərəkətlər hələ də bir neçə qorunan balıq və amfibiya növünü təhdid edir.

Azərbaycan ədalətin təmini istiqamətində fəaliyyətini davam etdirəcək və Ermənistanın qanunsuz işğalı zamanı ətraf mühitin, heyvan növlərinin və yaşayış yerlərinin məhv edilməsi və qorunmaması ilə bağlı bu ölkəni beynəlxalq məsuliyyətə cəlb edəcək”, - deyə XİN-in açıqlamasında bildirilib.

POLAD.jpg (166 KB)

Hüquqşünas Polad Mehdiyev Musavat.com-a prosesin detallarını və nə qədər davam edəcəyini şərh edib:

“Ermənistan Azərbaycana qarşı beynəlxalq hüququn norma və prinsiplərini pozaraq bir neçə istiqamət üzrə pozuntu törədib və bundan irəli gələrək Azərbaycanın beynəlxalq məhkəmələrdə haqlı iddiaları üçün əsaslar formalaşıb. Bunları istiqamətlər üzrə bölsək, birincisi, Azərbaycanı işğal altında saxladığına görə azərbaycanlara qarşı Ermənistan dövləti və onun ayrı-ayrı silahlı birləşmələri tərəfindən törədilmiş cinayətlər; 1994-cü il “Avropa Enerji Xartiyası”na görə Azərbaycanın enerji resurslarını tükətdiyi üçün iddia ki, bununla bağlı hazırlıq gedir; Azərbaycanın tarixi-mədəni sərvətlərini məhv etdiyinə görə Haaqa Konvensiyasına, UNESCO-nun Konvensiyasına, Avropa Xartiyasına uyğun olaraq iddialar; nəhayət, Bern Konvensiyasına uyğun olaraq Azərbaycanın hazırda Beynəlxalq Arbitraj Məhkəməsində davam edən məhkəməsidir. Bern Konvensiyası “Avropa canlı təbiətinin və təbii mühitinin qorunması” haqqında Avropa konvensiyası adlanır.

1979-cu ildə Bern şəhərində qəbul edildiyi üçün Bern Konvensiyası adlanır. Azərbaycan Konvensiyanı 1999-cu ildə qəbul edib, Ermənistan isə 2006-cı ildə. Bu konvensiya müəyyən öhdəliklər yaradır. Konvensiyanın 15-ci maddəsinə görə, ölkələr Konvensiyanın şərtlərinə əməl etməyə borculudurlar. Konvensiyanın əsas məqsədi fauna və floranı, yaşayış mühitini, eyni zamanda biomüxtəlifliyi qorumaqdır. Məlumdur ki, ötən dövr ərzində Ermənistan tərəfindən Azərbaycanın ətraf mühitinə zərər vurulub, 500-dən artıq vəhşi heyvan məhv olma təhlükəsi ilə üz-üzə qalıb. Çayların və transsərhəd çaylarının kimyəvi məhlullarla çirklənməsinə görə yüzlərlə balıq növü, o cümlədən, torpağın münbit qatı, 2000-dən artıq yaşı olan ağaclar məhv olub. Konvensiyanın 18-ci maddəsinə görə, tərəflərin problemi həll etməsi üçün ilk növbədə dövlətlər arasında razılaşma olmalıdır. Dövlətlər razılığa gəlmədikdə arbitraj prosesi başlayır”.

Hüquqşünas vurğulayıb ki, Azərbaycan tərəfi Ermənistana bildiriş göndərdi, lakin qarşı tərəf bildirişə müsbət cavab vermədiyinə görə Azərbaycan 2023-cü ildə yanvarın 18-də arbitraj prosesi başlatdı:

“Arbitraj prosesini başlamaq üçün hər iki tərəfin müəyyən etdiyi hakim təyin olunur və o iki hakim üçüncü hakimi seçir. Ötən ilin aprel ayında Azərbaycanın qaldırdığı iddianın mümkünlüyü məsələsinə baxıldı, ilkin iclas oldu. Ondan sonra Azərbaycana vaxt verildi və öz sübutlarını təqdim etdi. Bu günlərdə, fevralın 12-də isə ilk məhkəmə iclası başlandı.

Azərbaycanın sübutları Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra çayların çirkənməsi, ağacların kəsilməsi, yandırılması, torpağın münbit qatının məhv edilməsi, biomüxtəlifliyin məhvi, vəhşi heyvanların qırılmasıdır. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) gəldiyi qənaət var ki, Oxçuçayda balıqlar ölüb, Bəsitçayda ağaclar kəsilib.

Azərbaycanın iddia tələbi isə ondan ibarətdir ki, davam edən pozuntunun qarşısı alınsın. Ermənistan tərəfindən mədənlərin işlənməsi səbəbindən çayların zəhərlənməsi nəticəsində Azərbaycan ərazisində Bern Konvensiyasının tələbləri pozulmaqdadır. Azərbaycan Ermənistandan tam kompensasiya tələb edir.

Arbitraj məhkəmə prosesi uzun müddət, yəni 1-2 il çəkə bilər. Məhkəmə araşdırmalı, qənaətə gəlməli və yekun qərar verməlidir. Məhkəmənin qəbul edəcəyi qərar məcburi xarakter daşıyır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR