İnsanlara hürriyət, millətlərə istiqlal!

Beriyanın məşuqələrini tibbi müayinədən keçirən həkim – bu “xidmət”inə görə Tretyakovu nazir təyin ediblər...

 

Onların tanışlığı Lavrenti Beriyanın Kalinin vilayətinə gözlənilməz  səfərindən başlayıb. “NKVD” başçısı əvvəlcədən heç kimə bildirmədən vilayətin səhiyyə şöbəsində keçirilən Hərbi Həkim Komissiyasının iclasına qatılıb. Beriya zala daxil olanda müşavirəni aparan həkim Tretyakov ona məhəl qoymadan çıxışını davam etdirib. Təbii ki, “hər şeyə qadir narkom”a həkimin bu cür davranışı xoş gəlməyib. Müşavirə bitdikdən sonra Beriya ona yaxınlaşıb:

-Mən Lavrenti Beriyayam, yəqin ki, məni tanımadınız. Sizin də kim olduğunuzu bilmək istəyirəm.

Həyəcan içərisində olan Tretyakov çətinliklə cavab verib:

-Xeyr, yoldaş Beriya, biz sizi yaxşı tanıyırıq. Bir saatdan sonra çağırışçıları Moskvaya yola salmalıyıq. Ona görə də müşavirəni yarımçıq kəsə bilməzdim. Mən Andrey Tretyakovam.

-Xalatınızın üzərindəki yazıdan soyadınızı bilirəm. Sizin vəzifəniz nədir?

-Kalinin vilayətinin səhiyyə şöbəsinin müdiriyəm, eyni zamanda hərbi həkim komissiyasının sədriyəm.

-İki gündən sonra Moskvada qəbulumda olarsınız, əvvəlcədən köməkçilərimlə əlaqə saxlayarsınız.

d7d9b005966e5a1fd24f043b1ee64855.jpg (232 KB)

Bu çağırışın arxasında nələrin dayandığını Tretyakov yaxşı anlayıb. Həkim repressiyanın tüğyan etdiyi bir vaxtda Beriyanın onu Moskvaya çağırmasının ən yaxşı halda sürgünlə nəticələnəcəyinə şübhə etməyib. Amma Tretyakov qənaətlərində yanılıb.

Beləliklə, Tretyakov tərəddüdlər içində iki gündən sonra Beriyanın qəbulunda olub. Beriya ona Moskvada işləyəcəyini söyləyib. “NKVD” başçısı bunu təklif kimi yox, əmr kimi deyib. Tretyakov SSRİ Səhiyyə Komissarlığının (nazirliyinin) Baş Kurortlar İdarəsinə rəis təyin edilib. Ancaq məsələ bununla yekunlaşmayıb. Tretyakov həm də Beriyanın şəxsi həkimi kimi fəaliyyətə başlayıb.

Sözsüz ki, öz işini dərindən bilən Tretyakov Beriyanın sağlamlığı üçün bütün bilik və bacarığını sərf edib. Beriya onun bu qayğısından məmnun olub və həm də bu xidmət cavabsız qalmayıb. 1940-cı ildə Tretyakov Rusiyanın səhiyyə komissarı təyin olunub.

Nazir kürsüsündə də fəaliyyəti qənaətbəxş sayılan Andrey Tretyakov sonralar Beriyanın təşəbbüsü ilə daha yüksək vəzifələrə təyinat alıb. 1946-cı ildə o, SSRİ tibb sənayesi naziri kürsüsünə əyləşib.

92224_900.jpg (49 KB)

Tretyakov öz vəzifəsi ilə yanaşı, həm də Beriyanın şəxsi tapşırıqlarını icra edib. Araşdırmaçıların qənaətinə görə, Beriyanın intim əlaqədə olduqları qadınlar əvvəl Tretyakovun tibbi müayinəsindən keçib. Həmçinin Beriyadan hamilə qalan qadınların abort məsələsinə də Tretyakov cavabdehlik daşıyıb.

1953-cü ilin yanvarında Beriya Tretyakovun səhiyyə naziri vəzifəsinə təyinatına da nail olub. Andrey Tretyakov 27 yanvar 1953-cü ildə SSRİ-nin üçüncü səhiyyə naziri kimi fəaliyyətə başlayıb. Ancaq bu kürsü həkim üçün uzunmüddətli olmayıb. Onun bu kürsüdə sonuncu işlərindən biri İosif Stalinin vəfatından sonra onun ölümü haqqında rəy yazıb şəhadətnaməsinə imza atmaq olub.

Beriyanın həbsindən sonra onu güllələnmə cəzasına məhkum edəndə Tretyakovu da həbs ediblər. Həkimin həbsi fəaliyyəti, yaxud Beriya ilə yaxın münasibətdə olduğuna görə olmayıb. Beriyanın meyitinin müayinə olunması və ölümü haqqında rəy yazılması o qədər məxfi saxlanılıb ki, bu işləri icra edən adamın mütləq şəkildə qapalı bir yerdə saxlanılması məqbul sayılıb. Bu iş də məhz Andrey Tretyakovun üzərinə düşüb və o, bu sirri heç kəsə açıb deyə bilməyib.

Çox qısa müddətdən sonra Tretyakov həbsdən azad olunaraq yenidən işinə qayıdıb. 1 mart 1954-cü ildə o, nazir vəzifəsindən azad olunub.

Sabiq nazir sonrakı fəaliyyətini Rusiya Sosial Təminat Nazirliyində davam etdirib. O, nazirliyin tibbi ekspertiza idarəsinə rəhbərlik edib.

Qeyd edək ki, Andrey Tretyakov 1905-ci ildə Kursk vilayətinin Lqovski rayonunda anadan olub. Orta təhsil aldıqdan sonra bir müddət atasının kiçik fermer təssərüfatında çalışıb. Gələcəyini kənd həyatında görməyən Tretyakov 1924-cu ildə Voronej Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. Tələbəlik illərindən yüksək intellekti, tibb elminə böyük marağı, elmi araşdırmalara fərqli baxışı ilə fərqlənib. Universitetin tanınmış alimləri onun haqqında yüksək fikirdə olublar, onu gələcəkdə böyük bir həkim kimi görüblər.

tretyakov_af.jpg (195 KB)

Tretyakov universiteti bitirən kimi, 1929-cu ildə 24 yaşında Tambov dairə səhiyyə şöbəsinə müdir təyin olunub. Həmin dövrdə Tretyakovun mətbuatda səhiyyə işinin təşkili ilə bağlı silsilə yazıları dərc olunub. Sovet səhiyyə sistemində Andrey Tretyakov qısa müddət ərzində bacarıqlı bir kadr kimi tanınıb, o, nazir vəzifəsinə təyin olunana qədər  SSRİ-nin ən böyük vilayətlərində səhiyyə qurumlarına rəhbərlik edib.

Sabiq nazir 1966-cı ildə, 60 yaşında vəfat edib. Tretyakov Moskvada, Novodeviçye qəbiristanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR