Onlayn ictimai-siyasi qəzet
Prezident İlham Əliyev 7 fevralda keçirilmiş seçkidə böyük üstünlüklə qalib gəldikdən sonra hər şeydən öncə “xalqdan işğal altında qalmaqda davam edən 8 kəndimizi, bizim üçün həyati əhəmiyyətə malik Zəngəzur dəhlizi məsələsinin həlli üçün mandat aldığı” kimi bəyanatların məntiqini anlamaq çətin deyil. Doğrudur, son aylar zaman-zaman bu mövzu gündəmə gətirilir. Qarabağın dağlıq hissəsi tam işğaldan azad edildikdən sonra isə az qala hər kəsin dilindədir. Ora da bizim torpağımızdır və bir qarış ərazimiz Prezident Əliyevin hakimiyyəti dövründə heç bir şərtlə başqa bir dövlətin ərazisi kimi qalmayacaq, bunu son üç ildə artıq aksioma kimi qəbul etmişik.
Amma mətləbi çox uzatmadan deyim ki, bu müzakirələri Prezidentin, ölkənin gündəlik gündəmi kimi təqdim etməyi gərəksiz hesab edirəm. Səbəbini izah edim.
Hələ çoxları Xankəndi və ətraf rayonların işğaldan azad edilməsinin tarixi əhəmiyyətini başa düşməyiblər. Bir çoxu elə zənn edir ki, Xankəndi və ətraf rayonlar Birinci Qarabağ müharibəsində işğal altına düşüb, indi Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Tarixi həqiqət isə belədir:
1923-cü ildə mərkəzi Stepanakert (Xankəndi) olmaqla yaradılan Dağlıq Qarabağ Muxtar Vilayəti seçdirməyə diqqət edin, HEÇ VAXT İNDİKİ QƏDƏR AZƏRBAYCAN ƏRAZİSİ OLMAYIB. Bunun ağlım kəsən 10 ilinə şahidlik etmişəm, işğaldakı 30 illə bu, 40 ildir. Amma işğal tarixi 100 ildir! Bir daha diqqət edin: 100 il!
Bu 100 ildə Xankəndi və ermənilərin sıx yaşadığı bütün ərazilər Ermənistanla “iç-içə” olublar. Yalnız Şuşa istisna olub, orada erməni əhali üstünlük təşkil etməyib, erməniləşdirməyə Heydər Əliyev imkan verməyib, amma şəhərin ikinci katibi erməni olub. İndi İlham Əliyevin Xankəndidə səsverməyə getməsi 100 illik tarixin dəyişdirilməsi kontekstində qiymətləndirilməlidir. Bu hadisənin tarixi qiymətini mənimsəmədən “kəndlər tezliklə geri qaytarılmalı, Zəngəzur dəhlizi açılmalıdır” kimi tələb-təklif adama qəribə gəlir. Tam ciddi deyirəm: bəlkə bir az yavaşlayaq...
Bəzi “siyasi meyitlər” İlham Əliyevin memarı olduğu qələbəni görməzdən gələ bilərlər, amma bir çox siyasət adamları axı ətrafımızda nə baş verdiyini görməyəcək qədər kor ola bilməzlər.
Razıyam ki, şəxsən mən “Xankəndi nə oldu” suallarından bezərək bu mövzuda spekulyasiyaları pisləmişən, bu məsələdə ehtiyatlı mövqe sərgilənməsinə üstünlük vermişəm. Çünki bu şəhərin işğalının 1987-ci ilin fevral ayının 13-də başlamadığının fərqindəydim. İndi də Xankəndiyə bir möcüzə, yuxu kimi baxıram hərdən. İlham Əliyevin ustalıqla apardığı diplomatiya və dünyadakı əlverişli şərait şanlı ordumuzun separatçılara qarşı həlledici antiterror tədbirlərini həyata keçirməyə imkan verdi. Heç kimin, heç hakimiyyətin də gözləmədiyi halda, bundan sonra ermənilər 3-4 günün içində könüllü köçüb getdilər. Ondan sonrakı Yaxın Şərqdə qəfil başlamış müharibə, İsrailin Qəzzadakı antiterror əməliyyatının nəticələri nə qədər ağır olsa da, nə gizlədək, siyasi anlamda bizə yaradı.
Xankəndiyə görə isə erməni dəstəkçiləri hələ də danışırlar, hələ də danışacaqlar. Azərbaycan öz işini gördü, bundan sonra görəcək də. Hər hansı şərtlər daxilində qayıtsalar belə, Xankəndi indən sonra heç vaxt, heç 24 saat da “erməni şəhəri” olmayacaq. İndilikdə Azərbaycanın yenidən hər hansı istiqamətdə hərbi əməliyyatlara başlaması zənnimcə, dövlət maraqları baxımından bəlkə də təhlükəlidir. Bunu izah etməyə ehtiyac yoxdur, üzərimizə gələn təzyiqlərə, proseslərə sadəcə, diqqət etmək yetərlidir. Dövlət də insan kimidir, arada nəfəsini dərməlidir...
Bəlkə Prezident Əliyev fərqli düşünür. Seçkidən bir gün sonra İlham Əliyevin “Akıncı” hücum PUA-larını ordumuzun arsenalına şəxsən qəbul etməsi təsadüfi deyil.
O, nəyi və nə vaxt etməyi hamıdan yaxşı bildiyini hər dəfəsində sübut edib...
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ