İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyə seçkilərindən gözləntilər: yenə də təşkilat kimi fəaliyyət göstərəcəklər, yoxsa...

Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək.

 Musavat.com xəbər verir ki, artıq proses son mərhələdədir. Bələdiyyə üzvü olmaq istəyən namizədlər seçkiqabağı təşviqat kampaniyası aparırlar. Seçki Məcəlləsinin tələblərinə əsasən, təşviqat seçkiyə 23 gün qalmış başlanır və səsverməyə 24 saat qalmış dayandırılır. Bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına görə, proses yanvarın 28-i saat 08:00-da dayandırılacaq. Bəs bələdiyyə seçkilərindən gözləntilər nədir? Bələdiyyələrin fəaliyyətində nə kimi dəyişikliklər olacaq? Yenə də təşkilat kimi fəaliyyət göstərəcəklər, yoxsa...

Qeyd etmək yerinə düşər ki, bələdiyyələrin fəaliyyətsizliyi uzun müddətdir müzakirə mövzusu olub və indiyə qədər aparılan dəyişikliklərin bu sahədə irəliləyişə səbəb olmadığı müşahidə edilib.

 Ötən il isə Azərbaycanda 1,400 bələdiyyə birləşdirildi və ümumi say 684-ə endirildi. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında qanunda dəyişiklik edilməsi barədə” qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisi 3,000 nəfərdən az olan və ya ev təsərrüfatlarının sayı 1,000 vahiddən az olan bələdiyyələr, onların sosial-iqtisadi vəziyyəti, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla, Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdiriləcək.  Birləşən bələdiyyələrdən ən böyüyü mərkəz hesab edilərək adlandırılacaq.

WhatsApp Image 2025-01-27 at 16.38.37.jpeg (110 KB)

İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “Ölkəmizdə bələdiyyələrin yaradılmasından bu yana iki dəfə bələdiyyələrin birləşməsi prosesi baş verib və bələdiyyələrin sayının azaldılması ilə daha da böyüməsi imkanları yaradıldı. Bu gün ölkəmizdə işini düzgün qura bilən, inkişaf etmiş böyük şəhər bələdiyyələri, qəsəbə bələdiyyələri və kənd bələdiyyələri də var ki, qanunauyğun büdcələrini formalaşdırırlar.  İqtisadçı olaraq qeyd edərdim ki, bu gün bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün ilk növbədə bu işə peşəkarlar cəlb olunmalıdır. Digər tərəfdən, bələdiyyələrin büdcəsinin formalaşdırılması istiqamətində iqtisadi fəaliyyətləri artırılmalıdır. Onların büdcəsi formalaşdırıldıqca və gəlirləri artdıqca, bu dəyişikliklər bələdiyyələrin fəaliyyətində müsbət nəticələrə gətirib çıxara bilər. Onlar öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə maliyyə mənbələri əldə edə bilərlər. Bu gün bələdiyyələrin büdcələrinin formalaşmasında həm inzibati, həm də hüquqi problemlər var. Bəzi hallarda bələdiyyələr vergilərin  toplanmasında çətinlik çəkirlər ki, bu da onların seçicilərlə, icmalarla iş prinsipinə, hər hansı yeniliklərin həyata keçirilməsinə təsir göstərir”.

İqtisadçı əlavə edib ki, bələdiyyələr bir təsisat kimi öz müstəqilliklərinin qoruması üçün əlavə maliyyə resursları əldə etməlidirlər: “Əlbəttə, bələdiyyə idarəçiliyində səriştə və peşəkarlıq öz rolunu oynamalıdır. Bəzən biz görürük ki, bələdiyyə üzvləri və rəhbərləri fəaliyyətlərini düzgün qura bilmirlər və ya  lazımi məlumatlara sahib deyillər. Bu da onları icra hakimiyyətindən asılı vəziyyətə salır. Sözsüz ki, bu problemlər öz həllini tapsa, ölkəmizdə bələdiyyə qurumlarının inkişafı daha yeni mərhələyə keçə bilər. Bələdiyyə seçkilərindən gözləntim odur ki, bələdiyyə idarəçiliyində yeni simalar, yeni nəsil bələdiyyə rəhbərləri, peşəkar menecerlər və müasir düşüncəyə malik kadrlar olsun. Bələdiyyə idarəsində yeni ideyalar, yeni strategiyalar və vətəndaşların maraqlarını nəzərə alan səmərəli idarəetmə sistemi tətbiq olunmalıdır. Bu, həm də cəmiyyətin inkişafına və bələdiyyələrin səmərəliliyin artmasına təkan verəcəkdir”.

 

Afaq MİRAYIQ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Yanvar 2025

28 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR