Onlayn ictimai-siyasi qəzet
Uşaqlar arasında yaranmış mübahisəyə qoşulan böyüklərin davası ölümlə bitib. 35 yaşlı şəxs sinif yoldaşını bıçaqlayaraq ölümünə səbəb olub. Bıçaqlanan şəxs onu vuranın tutulmaması üçün həkimə getməkdən imtina edib. Bir neçə saat sonra evdə vəziyyəti ağırlaşaraq dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, hadisə ötən il avqustun 4-də Qaradağ rayonu Qobu qəsəbəsi ərazisində baş verib. 1989-cu il təvəllüdlü Bəhruz Məmmədov kəsici-deşici alətlə qətlə yetirilib. B.Məmmədovun qonşusu, 1990-cı il təvəllüdlü Nahid Həsənov tərəfindən qətlə yetirildiyi məlum olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
İş üzrə aparılan məhkəmə istintaqında hadisənin baş verməsinin detalları məlum olub. Hadisədən bir neçə gün əvvəl Nahidin oğlu ilə Bəhruzun bacısı oğlu həyətdə oynayan zaman mübahisə ediblər. Bu mübahisə bir neçə dəfə baş verib. Sonuncu dəfə Nahid uşaqların mübahisə etdiyini görüb və Bəhruzun bacısı oğluna irad bildirib. Uşaq da bu barədə atası Farizə və dayısı Bəhruza məlumat verib. Bəhruz və Fariz telefonda Nahidlə danışaraq uşağın üstünə qışqırdığına görə ona irad bildiriblər və mübahisə yaranıb. Sonra Bəhruzla Nahid telefonda mübahisəni davam etdiriblər. Mübahisənin davamında isə məhəllədəki stadionun yanında görüşmək üçün vədələşiblər.
Mübahisə zamanı Nahid cibində olan bıçaqla Bəhruzun kürək nahiyyəsindən bir zərbə vurub.
Nahid ifadəsində deyib ki, Bəhruzu öldürmək niyyəti olmayıb. Onun sözlərinə görə, Bəhruza gücü çatmadığı üçün onu qorxutmaq məqsədi ilə bıçaq çıxarıb. Bəhruz onu yenə də vuranda bıçağı Bəhruzun kürəyinə sancıb.
“Bəhruz sinif yoldaşım olub. Aramızda heç bir ədavət olmayıb. Bəhruzu öldürmək kimi fikrim də yox idi. Usta olduğum üçün bıçaq cibimdə olurdu. Görüşə gəldiyim üçün bıçaq götürməmişdim. Bəhruzla görüşəndə əvvəlcə əlbəyaxa dava başladı. Bəhruz məni təpiklə vurdu, ayağımdan tutanda bıçaqla onu vurdum. Öldürmək niyyətim yox idi. Əgər öldürmək niyyətim olsaydı, yenə də onu bıçaqla vurmaq imkanım olduğu halda vurardım. Baş verənlərə görə çox peşmanam”,- deyə Nahid qeyd edib.
Onun sözlərinə görə hadisə yerindən ayrıldıqdan sonra qardaşı Cahidə zəng edib. Qardaşı da Bəhruzgilə gedərək onun vəziyyəti ilə maraqlanıb. Nahidin qardaşı onlara çatanda Bəhruz sağ olub. Lakin həkim çağırılmasına icazə verməyib. Bəhruzun həkim istəməməsinin səbəbi isə Nahidin tutulmasını istəməməsi olub.
Bunu mərhumun hüquqi varisi, qardaşı da təsdiqləyib. Mərhumun qardaşı deyib ki, nə qədər israr etsələr də Bəhruz təcili yardıma zəng etməklərinə icazə verməyib.
Bəhruz bıçaqlanandan sonra binanın qarşısında bir neçə nəfərlə dayanıb. Sonra evə qalxaraq su içib və divanda uzanıb. Kürəyindən bıçaqlanan Bəhruz yaxşı olduğunu və həkimə ehtiyac olmadığını deyib. Artıq onun vəziyyətinin pisləşdiyini görən ailə üzvləri təcili yardım çağırıblar. Bəhruz bıçaqlanandan 2 saat sonra dünyasını dəyişib. Həkim rəyindən məlum olub ki, bıçaq zərbəsi onun ağciyərini ciddi zədələdiyi üçün ölümünə səbəb olub.
Mərhumun ailəsi Nahiddən şikayətçi olmayıb və barışıblar.
Məhkəmənin hökmü ilə qəsdən adam öldürməkdə təqsirləndirilən Nahid 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Mərhum Bəhruz Məmmədov fotoqraf kimi fəaliyyət göstərib.
İlkin Muradov
Musavat.com
19 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ