İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəhruz Məhərrəmov: “Bu yersiz ritorikaya son qoyulmalıdır!”

“Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun dünən Bakıdakı nazirlər görüşü həm milli maraqlar, həm də qlobal məqsədləri baxımdan çox mühim tarixi siyasi hadisədir. Xüsusən,  möhtərəm prezident, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin nitqi yeni düzəndə qlobal məqsəd və hədəflərə doğru birgəfəaliyyət üçün yol xəritəsi hesab edilməlidir”.

Deputat Bəhruz Məhərrəmov bu fikirləri Milli Məclisin iclasında söyləyib.

O bildirib ki, BMT-də islahatlar aparılması barədə ümumi təkliflərdən o yana keçməyən liderlərdən fərqli olaraq cənab İlham Əliyev Qoşulmama hərəkatına sədrliyi dövründə islahat nümunəsi ortaya qoydu: “Etiraf edək ki, Qoşulmama hərəkatı böyük potensialına baxmayaraq Azərbaycanın sədrliyinə qədər ətalətdə və ofsaytda qalan bir təsisat olub, amma bu gün cənab İlham Əliyevin rəhbərliyi altında hərəkat özünün təsirli Parlament və gənclər şəbəkəsi olan, qlobal proseslərə BMT-dən daha effektiv formada adekvat reaksiya verən institusional təşkilata çevrilməkdədir. Nəticədə, əvvəllər bizi görməzdən gələnlər özləri etiraf edirlər ki, Azərbaycan artıq qlobal oyunçudur. Azərbaycan xalqı da bu reallığın fərqinə varır və görür hardan-hara yol qət etmişik? Xarici siyasət, diplomatiya deyəndə, hansısa səfirliyin mərasimlərində əlində qədəh dayanmaqdan başqa təcrübəsi olmayanlar, yaxud beynəlxalq təsisatlarla kommunikasiyası yalnız qrant müstəvisində olanlar təbii ki, bu reallığı başa düşə bilməz”.

B.Məhərrəmov ardınca digər mövzudan bəhs edib: “Azərbaycanda cinayət təqibi ilə bağlı müşahidə olunan çox mənfi bir tendensiya ilə bağlıdır. Bu gün məhkəmə, istintaq və təhqiqat orqanları “ictimai nəzarət” adı altında ciddi təzyiq mühitində işləyir. Biz əgər ədalətli, obyektiv hərtərəfli araşdırma arzu ediriksə,cinayət təqibini aparan orqan, ədalət mühakiməsini keçirən məhkəmə birmənalı şəkildə  bütün qanunsuz təsirlərdən azad olmalıdır. Amma bu gün hüquq mühafizə orqanları prosesual qanunvericilik çərçivəsində bir addım atmamış artıq antimilli dairələrin muzdlu mediası və sosial media seqmenti öz ssenariləri ilə çıxış etməyə başlayır ki, filankəs hakimiyyətin göstərişi ilə tutuldu, filankəs siyasi məhbusdur, yaxud inanclı məhbusdur. Son qoyulmalıdır bu yersiz ritorikaya!” Deputat qeyd etdi ki, qərəzli medianın, ayrı-ayrı siyasi qrupların, siyasiləşmiş sosial media vəkillərin cinayət təqibi üzərində ictimai mühakimə qurması, cinayət təqibi orqanları üzərində linç kampaniyası yolverilməzidir: “Onsuz da cinayət-prosessual qanunvericiliyi ona yönəlib ki, heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın. hansı siyasiləşmiş “ictimai nəzarət” işlək qanundan daha effektiv ola bilər. CPM-in 25.5.-də açıq formada ifadə olunur ki, heç kəsin ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxilə etməyə, hakimlərdən  onların icraatlarında olan işlərlə bağlı izahat tələb etməyə hüququ yoxdur. Biz əgər mövcud qanunvericiliklə, təbliğatla bu mənfi tendensiyanın qarşısını ala bilmiriksə deməli artıq bu sahədə qanunvericiliyin sərtləşdirilməsi labüddür”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR