Onlayn ictimai-siyasi qəzet
Son iki aydır ki, tərəvəzlərin qiymətinin artması, meyvələrin piştaxtalarda az olması alıcı və satıcıların narazılığına səbəb olur.
Vətəndaşlar düşünürlər ki, meyvə və tərəvəzlərin qiyməti süni şəkildə qaldırılıb
Bazarda olan qiymətlərin nə qədər dəyişdiyini araşdırmaq üçün Musavat.com-un əməkdaşı 8 kilometr bazarında olub, satıcı və alıcılarla söhbət edib:
Bazara daxil olan zaman meyvə qıtlığı hiss olunurdu. Mövsümi meyvələrin çeşidi olduqca az idi. Lakin fevral ayına nisbətən bəzi meyvə və tərəvəzlərdə qiymətlərin endirildiyinin şahidi olduq.
Məsələn, fevral ayında 1.80 manata olan mandarin hazırda 1.50 qəpiyə təklif olunur. Eləcə də portağalın da qiyməti ucuzlaşıb. Satıcılar bildirirlər ki, əvvəl portağalın qiyməti 2-2.50 manat olub. Lakin indi qiymət 1.80 manata endirilib.
Sitrus meyvələrinin satışı ilə məşğul olan satıcı dedi ki, əvvəl onlar da malı baha qiymətə aldıqları üçün bazarda qiyməti yüksək qoyublar:
“İndi isə qiymətlər endirilib, meyvələr yığılıb qalıb, alıcı isə yoxdur. Biz də məcbur qalıb aldığımız qiymətdəndə ucuza qoyuruq ki, mal əlimizdə xarab olmasın. Günə 10 kiloqram satış olsa, şükür edəcək hala gəlmişik”.
Bananın qiyməti isə fevralda 2.50 manata satılırdısa, hazırda 1.80-2.0 manat arası qiymətlə alıcılara təklif olunur.
Narın qiymətində isə bahalaşma müşahidə etdik. Fevral ayında nar bazarda 1-1.50 manata idi, lakin hazırda bəzi satıcılar qiyməti 2 manata qədər qaldırıblar. Bəzi satıcılar isə qiyməti olduğu kimi saxlayıblar. Qiyməti qaldıran satıcılar bildirdilər ki, sezonun sonu olduğu üçün məhsul qıtdır və bahalaşıb. Bazarda alma 1-1.50 manat, heyva isə 70 qəpik-1.50 manat qiyməti ilə piştaxtaya düzülmüşdü.
Tərəvəzlərin qiymətini də araşdırdıq və öyrəndik ki, Kök ötən ay 1 manat idi, indi isə 50-80 qəpiyə satılır.
Satıcı Gülarə xanım dedi ki, qiyməti 1 manata qoyublar, heç kim almayıb: “Artıq yeni yetişən mallar bazara gətirilir. Məcbur qalıb əlimizdəki kökün qiymətini ucuzlaşdırırıq ki, alınsın”.
Bazarda xiyarın 1.20 manata satıldığını öyrəndik.
Kələm 80 qəpik, bibər isə 3 manatdır. Badımcan 1.80 manat qiymətlə alıcılara təklif olunur.
Piştaxtada badımcan satan Asif bəy bildirir ki, hazırda satılan badımcanların demək olar ki, heç biri yerli məhsul deyil:
Son zamanlarda qiymətində ən çox artım müşahidə olunan tərəvəzlər isə kartof və soğandır.
Belə ki, fevralda 50 qəpiyə satışda olan soğan hazırda 1.0 manata satılır. Kartof isə fevralda 1.0 manata idisə, hazırda 1.20-ə satılır. Təbii ki, bu vəziyyətdən həm alıcılar, həm də satıcılar narazıdır.
Satıcılar isə bahalaşmanın səbəbini qıtlıq olmasında görür. Kartof və soğan satışı ilə məşğul olan Elvin Babayev dedi ki, hava soyuq olduğu üçün torpaq don vurdu, məhsuldarlıq azaldı:
“ Yerli məhsullarda qıtlıq yaşanır hazırda. Elə xarici ölkələrdən gələn kartofun da qiyməti bahalaşıb. Müharibədən əvvəl Ukraynadan kartof idxal edirdik. Müharibə başladı, idxal da dayandı. Bu gedişlə böyük qiymət bir az da bahalaşacaq”.
Alıcılar isə kartof və soğanın bahalaşmasından çox narazıdırlar.Müştəri Tural Həsənov şikayətlənərək bunları bildirdilər: “Əvvəl 30 qəpiyə aldığım soğanı indi mənə 1 manat deyirlər. Bu cür bahaçılıq olmaz. Maaş az, qiymət baha. Pulu necə çatdıraq?!”
Ləman Rüfətqızı
Musavat.com
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ