Onlayn ictimai-siyasi qəzet
Azərbaycan son 21 ildə sürətlə inkişaf edən dövlət kimi nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi ən etibarlı məkandır. Ölkəmiz həm də beynəlxalq aləmdə sabitlik məkanı imici qazanıb. Məhz bunun nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərimiz də tədricən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməyə başlayıb. Bu gün Bakı dünyanın mərkəzinə çevrilib. Xatırladım ki, dünyanın təqribən 200 ölkəsinin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı ölkəmizə olan inam və etimadın bariz nümunəsidir, həmçinin dövlətimizin başçısının həyata keçirdiyi xarici siyasətə hörmət və dəstəyin parlaq sübutudur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilir. Bu konvensiyaya qoşulan ölkələr ildə bir dəfə dünyada iqlim dəyişikliyi ilə mübarizə üçün çoxtərəfli fəaliyyəti müzakirə etməkdən ötrü bir araya gəlirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi deyib ki, Azərbaycanın beynəlxalq əhəmiyyətli belə bir nüfuzlu tədbirə ev sahibliyi etməsi milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsidir. Dövlətimizin başçısı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimindəki çıxışında ölkəmizin sürətli inkişafı, qarşıda duran perspektivlər barədə məlumat verdi və COP29-u boykot etmək istəyənlərə də ciddi mesajlar göndərdi.
Komitə sədri deyib ki, Azərbaycanın postsovet məkanında ilk dəfə olaraq COP29-a ev sahibliyi etməsi xarici siyasətimizin növbəti qələbəsidir. Bu tədbir, eyni zamanda, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu, gücünü getdikcə artırır. Təəssüf ki, ölkəmizə qarşı qərəzli mövqedə olan, uğurlarımızı həzm edə bilməyən Qərbin qara piar ustaları bu dəfə də məkrli niyyətlərini ortaya qoyaraq COP29-a qarşı boykot kampaniyası həyata keçirməyə başlayıblar. Tədbirin Bakıda yüksək səviyyədə keçirilməsi bədxahların çirkin niyyətlərini ürəklərində qoydu. Onlar eşidəndə ki, Bakıda keçirilən COP29-da 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçı və onların arasında 80 prezident, vitse-prezident və baş nazir var, yəqin ki, xiffətdən bağırları çatlayacaq. Bəli, bu gün dünya Bakıda toplaşıb.
Dövlətimizin başçısının çıxışındakı bəzi məqamları diqqətə çatdıran hüquq müdafiəçisi bildirdi: “Prezident İlham Əliyev dedi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq. COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək”.
Tanınmış hüquqşünas COP29-un artıq başladığını və yüksək səviyyədə davam etdiyini diqqətə çatdıraraq deyib ki, təəssüf ki, ağa qara deməyə adət etmiş muzdlu siyasətçilər, ələ baxım QHT-lər və sifarişli media hələ də qaralama kampaniyasını davam etdirirlər: “Dövlətimizin başçısı çıxışında bu məqamı da xüsusi vurğuladı. Müxtəlif ölkələrə məxsus bəzi media orqanlarında, demək olar ki, hər gün iqlim sammitinin əleyhinə yalan və böhtanla dolu məqalələr dərc edilir, əsassız fikirlər səsləndirilir. Belə araqarışdıranlar hələ də qəbul etmək istəmirlər ki, iqlim sammiti baş tutub və yüksək səviyyədə davam edir”.
Ç.Qənizadə Fransanın bu nüfuzlu tədbirə qatılmamasının əsas səbəbinin ermənipərəst mövqedə olması ilə əlaqələndirib və bildirib ki, yaxın illərdə İqlim dəyişikliklərinə qarşı Paris Sazişi qəbul edilən zaman ölkənin dövlət rəsmləri bu sənədi “tarixi dönüş nöqtəsi” adlandırmışdılar. Bəs indi nə baş verdi? “Tarixi dönüş nöqtəsi” nə tez yaddan çıxdı? Belə əhəmiyyətli bir tədbirin Azərbaycanda keçirilməsi haqda qərar verilən gündən indiyə kimi bu konfransın boykot edilməsinə çağıranlar, əslində, özlərinin iç üzlərini ortaya qoyurlar. Hətta konfransda iştirak edən qabaqcadan təlimatlandırılmış bəzi media nümayəndələri də çirkin mövqelərini gizlədə bilmirlər. Ancaq onlar aldıqları tutarlı cavablardan sonra pat vəziyyətinə düşürlər.
“Hələ konfrans yeni başlayıb. Qarşıda xeyli görüşlər, müzakirələr, gəzintilər var. Tədbir iştirakçıları Azərbaycanda, xüsusilə, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma, tikinti-abadlıq işləri ilə yaxından tanış olduqca ölkəmizin sürətlə inkişaf etdiyinə bir daha əmin olacaqlar. Onlara aydın olacaq ki, “İqlim boykotçuları” özləri özlərini boykot edirlər”, – deyə Ç.Qənizadə bildirib.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ