İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bazarda ağ libaslı, qara bağlamalı satıcı: Kimdir bu “Bakılı balası”? – Foto

Onu Bakının “8-ci kilometr bazarı”nın ətrafında gördüm. Ağ libası, başındakı qara bağlaması, uzun saqqalı ilə çoxlarının diqqətini çəkirdi. Əvvəlcə elə düşündüm ki, ya hindlidir, ya da pakistanlı. Küçəni bir başdan o başa gəzib balaca flakonlarda qramla ətirlər satırdı. Maraq məni çəkdi, yaxınlaşıb salam verdim, qiymətlə maraqlandım. Elə oradaca məlum oldu ki, bu adam öz dili ilə desək, “Bakılı balası” Rauf Abdullayevdir. Rauf 57 yaşındadır.

Artıq 5 ildir ki, Bakının küçələrində, bazarların ətrafında qramla ətir sataraq ailəsini dolandırır. Onun həyat hekayəsi isə satdığı ətirlər kimi çoxqatlıdır.

“Bakıda Məhəmmədi kəndində doğulub boya-başa çatmışam. İndi də orada yaşayıram. İki oğlum var, biri 22, biri 23 yaşında. Təəssüf ki, ikisi də iflicdir, evdən çıxa bilmirlər. Ailəni mən dolandırıram. Yoldaşım da işləmir, çünki o uşaqlara baxmaq özü böyük işdir.

1992-ci ildə Qarabağda, Daşaltı əməliyyatında döyüşmüşəm, başımdan kontuziya almışam. İkinci qrup əlil idim. 2020-ci ildə isə əlilliyimi ləğv edib pensiyamı kəsdilər. Dedilər ki, əlin-qolun işləyir, get, işləyib qazan. Halbuki həkimlərin rəyi də, məhkəmənin qərarı da var ki, mənim əlilliyim bərpa olunmalıdır. Amma buna fikir verən yoxdur.
O vaxt dövlət mənə ev və maşın da vermişdi, ayda 700 manat pensiya alırdım. Amma 52 yaşımda küçələrə düşüb ətir satmağa məcbur oldum”.

Rauf danışır ki, əvvəlcə topdan ətir alıb satırmış. Pensiya kəsiləndən sonra isə artıq birbaşa küçələrdə dayanan satıcıya çevrilib:

“Topdan alıb, üstünə 50 qəpik, 1 manat qoyub satıram. Gün olur ki, 10-12-15 manat qazanıram. Bəzən də 5-8 manat olur. Hər səhər Məhəmmədi kəndindən sürət qatarı ilə “Koroğlu”ya gəlirəm, oradan da “Neftçilər”ə keçib işimə başlayıram. Hava çox istiyəndə işləyə bilmirəm, başım dözmür. Elə olur ki, 3-4 saatdan artıq qalmaram küçədə”.
Onun geyimi də diqqət çəkir: ağ libas, qara bağlama, uzun saqqal… Rauf deyir ki, bu, sadəcə bir dəb deyil, inanc məsələsidir:

“Geyimim sizə qəribə görünə bilər, amma mən İslamın buyurduğu kimi geyinirəm. Qədimdə də kişilərimiz belə geyinib. Saqqalımı uzadıram, çünki Allah belə buyurub. Mən müsəlmanam, onun əmrini yerinə yetirirəm”.

O, əlavə şəkil çəkməyə icazə vermədi. Səbəbini də belə izah etdi:

“Yox, Allah icazə vermir. Biz dindarlar yalnız şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdiririk”.

Raufun satdığı ətir flakonları 2 manat 50 qəpikdir. Söhbətimizin sonunda vaxtını aldığımız üçün biz də 5 manat verib iki flakon aldıq. O isə başını aşağı salıb, yenə bazar boyu dolaşmağa başladı.

Şahanə Rəhimli
Fotolar: Sultan Məmmədli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR