İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bayraktar”lar Bakıda havaya qalxacaqmı?

“Bayraktar Teknoloji Azərbaycan”ın dövlət qeydiyyatına alınmasının arxasında dayanan səbəblər...

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Bayraktar Teknoloji Azərbaycan” MMC-ni dövlət qeydiyyatına alıb. Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.

Xatırladaq ki, “Baykar Makina” “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə məşğuldur. Azərbaycan Ordusunun 2020-ci ildəki Vətən müharibəsində geniş tətbiq etdiyi bu PUA-ların yaradıcısı Selçuk Bayraktardır. O, həm də “Baykar Savunma” şirkətinin texniki direktorudur. Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin  “Bayraktar TB2" pilotsuz təyyarələrinin və ya digər PUA-ların Rusiya Federasiyası ilə birgə istehsalı mövzusunu nəzərdən keçirmir. Yeri gəlmişkən, Ukraynadakı "Baykar" zavodunda “Bayraktar TB2" PUA-ları ilə yanaşı ”Akıncı" PUA-ları da istehsal olunacaq. Bunu “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar bildirib. Baş direktorun sözlərinə görə, baş verən hadisələrə baxmayaraq, Ukraynada  zavodun yaradılması üzrə işlər davam edir. Bayraktar bildirib ki, müəssisədə yeni modellərin buraxılması planlaşdırılır ki, onlardan biri Ukrayna adını ala bilər.

53efa360-1d29-4040-8163-c46e84868713.jpg (29 KB)

Cəlil Xəlilov 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu gün Azərbaycan öz ordusuna diqqəti, qayğını əvvəlkindən də çox artırıb: “Azərbaycanın  öz ordusunun təchizatı ilə bağlı xarici ölkələrlə müxtəlif müqavilələri mövcuddur. Həm Azərbaycan əsgərlərinin, zabitlərinin təlimlərdə iştirakı, həm müasir texnikaların alınması, onun Azərbaycan Ordusunda istifadəsi, hərbi avadanlıqların istehsalı nəzərdə tutulur. Bunun üçün dövlət nazirliklərə xüsusi məvaciblər ayırıb. O nazirliklər də ordunun bugünkü tələbatı ilə bağlı məsələlərə baxır. O cümlədən də Türkiyə və İsraillə əməkdaşlıq edir. Ən müasir texnoloji istehsalatla məşğul olan ölkələrlə əməkdaşlıq edir ki, burada da texniki imkanlarını genişləndirmək üçün texnikalar istehsal edir və ordunu müasir texnika ilə təmin edir. Təbii ki, biz xarici ölkələrdən də bəzi məhsulları alırıq. Bu da iqtisadi baxımdan bizə fayda verir. Misal üçün, Selcuk Bayraktar dəfələrlə Azərbaycanın hərbi müəssisələrində olub, texniki imkanlarına baxıb, o baxımdan da Azərbaycanda da "Bayraktar"ın istehsalı mümkündür. Müəyyən hissələri də artıq Azərbaycanda istehsal olunur. Təbii ki, gələcəkdə də bu məsələlər dövlət tərəfindən baxılacaq. Hansı xeyirlidir, hansı iqtisadi cəhətdən Azərbaycana sərfəlidir, o sahədə də əməkdaşlıq olacaq, texnikalar Azərbaycanda istehsal olunacaq. Bu texnikaların xarici ölkələrdə də satışı məsələsinə baxılır. O cümlədən öz ordusunun təminat məsələləri də müzakirə olunur".

Ekspert əlavə edib ki, ümumi dövlətin hərbiyə ayırdığı vəsait Milli Məclisdə təsdiq olunub: “Bunların hansı sahəyə nə qədər vəsait ayrılması doğru olmaz, çünki düşmən bundan istifadə edir. Relyefə uyğun xüsusi kadrların yetişdirilməsi, xüsusi texnikanın alınması, müdafiə qurğularının orada yerləşdirilməsi məsələsi önəmlidir. Azərbaycan öz müdafiəsi üçün mümkün variantların hamısından istifadə edəcək”.

Təqaüdlərin artımı ehtiyatda olan zabitlərə niyə şamil olunmadı? – Üzeyir  Cəfərov “Çətin sual"da - YouTube

Üzeyir Cəfərov

Hərbi jurnalist, ehtiyatda olan zabit Üzeyir Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, qardaş  Türkiyə ilə Azərbaycanın bir sıra layihələri var: “Bu, həm bu il, həm də gələn il artıq tam gücü ilə işə düşəcək. "Bayraktar"la bağlı həmin o layihə nəzərdə tutulan işlərin tərkib hissələrindən biridir. “Bayraktar” Azərbaycanda da istehsal olunacaq. Onun müəyyən komponentləri qardaş Türkiyədə, başqa ölkələrdə hazırlansa da, Azərbaycanda da Müdafiə Sənayesi Nazirliyinin xətti ilə, o cümlədən özəl şirkətlərin xətti ilə bu iş həyata keçiriləcək. Burada hər hansı bir sirr yoxdur. Ümumiyyətlə, “Bayraktar”ın yaxın bir neçə ildə həm Azərbaycanda, həm Ukraynada, Orta Asiya respublikalarının birində istehsalı nəzərdə tutulub. Bu xoş xəbərdir. Azərbaycan onsuz da Müdafiə Sənayesi Nazirliyinin xətti ilə bu ölkələrlə iş birliyi həyata keçirirdi. Qardaş Türkiyə ilə edilən isə hesab edin ki, öz məhsulumuz olacaq. Və Azərbaycanın da “Bayraktar”ın ərsəyə gəlməsində öz töhfəsi, öz çəkisi olacaq. Əlbəttə ki, yaxşı xəbərdir. Alıcıların sayı da kifayət qədərdir, tələbat böyükdür. Alıcıların sayı yetərincədir deyə, yalnız Türkiyədə yox, Azərbaycanda, Orta Asiyada, o cümlədən Ukraynada da həyata keçirilir".

Cümşüd Nuriyev: “Üçüncü Dünya Müharibəsi qaçılmazdır” - MÜSAHİBƏ | KONKRET

Cümşüd Nuriyev

Politoloq Cümşüd Nuriyev də mediaya açıqlamasında deyib ki, “Bayraktar” şirkətinin Azərbaycanda rəsmi fəaliyyətə başlaması gözəl haldır: “Bu şirkətin yaradılması onu göstərir ki, Azərbaycan Respublikası Prezidentinin yürütdüyü xarici siyasətə uyğun gələn bir addımdır. Azərbaycan bu sahədə də keçmiş MDB məkanında ilk dövlətdir ki, özünün sənaye istehsalı formasında "Bayraktar" şirkəti ilə birlikdə istehsal edəcəklər. Bunun nəticəsi olaraq Azərbaycan müdafiə sənayesinin də qüdrətini artıracaq. Azərbaycan özünün təminat məsələsində də insansız uçuş aparatlarını xaricdən yox, özümüz istehsal edib öz ordumuza bu aparatları təmin edəcəyik. Azərbaycan bunu Türkiyə ilə bərabər istehsal etməklə əvvəlcə tərəfdaş dövlət olmağımızı təmin edəcəyik. Bu “Bayraktar”ların istehsal olunması digər bir nöqtədən nəzər yetirsək görəcəyik ki, bizim üçün yeni bir gəlir növü olacaq və iqtisadiyyatımıza çox güclü təsir edəcək. Bu əməkdaşlığın qurulması çox müsbət bir addımdır. Bu işi görənləri və həyata keçirənləri təbrik etmək lazımdır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR