İnsanlara hürriyət, millətlərə istiqlal!

Baykal əfsanəsinin sonu: Dəniz Baykal bu dünyadan köçdü

Türkiyənin tanınmış siyasətçilərindən biri, keçmiş millət vəkili Dəniz Baykal bu səhər 85 yaşında vəfat edib.

Musavat.com bildirir ki, bu barədə CHP lideri Kamal Kılıcdaroğlu sosial mediada paylaşım edib, “Deniz Baykalı kayb etdik. Milletimizin başı sağ olsun!” - yazıb.

20 iyul 1938-ci ildə Antalyada anadan olan D.Baykal uzun müddət TBMM-ün üzvü olub, 18 il CHP-yə rəhbərlik edib.

Son olaraq 2018-ci ildə CHP-nin namizədi olaraq Antalyadan millət vəkili seçilmişdi. Uzun müddət idi müalicə olunurdu.

1959-cu ildə Ankara Universitetinin Hüquq fakültəsinindən məzun olan Dəniz Baykal 1960-cı ildə eyni universitetin Siyasi Elmlər fakültəsində assistent kimi fəaliyyətə başlayıb.

1963-cü ildə doktorluq işini bitirdikdən sonra Rokfeller Fondunun təqaüdü ilə ABŞ-a yollanan Dəniz Baykal iki il müddətində Kolumbiya və Berkli universitetlərində təhsilini davam etdirib. 1960-cı ildə Türkiyə Demokrat Partiyasının iqtidarına qarşı baş qaldıran tələbə hərəkatında iştirak etməklə siyasi arenaya qədəm qoyan Baykal 1973-cü ilin oktyabr ayında TBMM-yə keçirilən seçkilərdə Cümhuriyyət Xalq Partiyasından Antalya millət vəkili seçilib.

Dəniz Baykal 1974-cü ildə qurulan Ecevit hökumətində maliyyə naziri, 1978-ci il Ecevit hökumətində isə energetika və təbii sərvətlər naziri olub. Bu dövrdə Baykal Partiya Məclisi və Mərkəzi İdarəetmə Heyətinin üzvü, baş katib köməkçisi kimi vəzifələri də icra edib. Baykal həmin ilin sentyabr ayının 12-də baş verən hərbi çevrilişdən sonra bir müddət Ankarada nəzarət altında saxlanıb.

1982-ci ildə qəbul edilmiş konstitusiyanın 5 il müddətinə siyasətlə məşğul olmağı qadağan etdiyi siyasətçilər arasında yer alan Baykal 1983-cü ildə siyasi partiyaların qurulmasına icazə verildikdən sonra "siyasətdən uzaqlaşdırılmasına baxmayaraq, fəaliyyətini davam etdirdiyinə" görə bir qrup qabaqcıl Cümhuriyyət Xalq Partiyası-li və AP-li siyasətçilər ilə birlikdə Çanaqqala Zəncirbozan hərbi bazasında ikinci dəfə nəzarət altına alınır.

1987-ci ilin sentyabr ayında Türkiyə parlamentinə keçirilən seçkilərdə yenə doğma şəhəri Antalyadan millət vəkili seçilir. CHP-də baş katib vəzifəsini icra edən Baykal 1990-cı ildə vəzifəsindən istefa edir. Bununla yanaşı, Dəniz Baykal millət vəkili kimi Türkiyə-Avropa Birliyi birgə Parlamentlərarası Komitəsinin həmsədri vəzifəsini icra edib. Avropa Şurasının Parlamentarilər Məclisinə daxil olan Dəniz Baykal eyni zamanda TBMM-in Xarici İşlər Komissiyasının da üzvü olub.

1992-ci ilin iyul ayında bağladılmış siyasi partiyaların yenidən açılmasına icazəni nəzərdə tutan qanunun verdiyi imkanla 1992-ci il sentyabr ayının 9-da Cümhuriyyət Xalq Partiyasının sədri seçilib. 1995-ci ildə formalaşan DYP-Cümhuriyyət Xalq Partiyası koalisiya hökumətində xarici işlər naziri vəzifəsini icra edib.

1995-ci ilin 24 dekabrında növbəti parlament seçkilərində yenə Antalyadan millət vəkili seçilir. Seçkilərdən sonra 53-cü hökumətin qurulması ilə xarici işlər naziri və baş nazirin köməkçisi vəzifəsindən istefa edən Baykal yenidən Cümhuriyyət Xalq Partiyasının sədri seçilir.

1999-cu ildə parlament seçkilərində Cümhuriyyət Xalq Partiyası ilk dəfə parlamentdən kənarda qalır. Partiyasının seçkilərdə müvəffəqiyyətsizliyə uğramasından sonra Baykal partiya sədrliyi vəzifəsindən getdiyini bildirir.

2007-ci ildə yenə Baykalın liderliyindəki Cümhuriyyət Xalq Partiyası Türkiyə parlamentinə keçirilən seçkilərdə səslərin 20,8 %-ini əldə edərək məclisdə ana müxalifət partiyasına çevrilir.

Dəniz Baykal Olcay Baykal ilə evliydi. Xanım Olcay Antalyada anadan olub. 

Allah rəhmət eləsin!

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR