İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayıldan Əhmədliyə Xəzərin üstü ilə niyə gedə bilmədik? - antitıxac təklifləri

Ərşad Hüseynov: “İctimai nəqliyyata güc verilməli, metro şəbəkəsi Sumqayıtadək genişlənməli, şəhərətrafı qatarların qrafikləri yaxşılaşdırılmalıdır”

Bakıda sıxlığın azaldılması, tıxacların aradan qaldırılması qısa zamanda mümkün deyil. Bunun üçün uzun zaman və böyük işlər görmək lazımdır. Hansısa yolun kənarındakı səkini daraldıb şosseni 1 metr artırmaqla, Bakı-Sumqayıt yoluna 1 zolaq əlavə etməklə ciddi nəticəyə nail olmaq mümkün deyil.

Ötən həftə hökumət səviyyəsində bu məsələ müzakirə olunub və məlumata görə hazırda təkliflər paketi hazırlanır.

Mütəxəssislər bildirir ki, bu təkliflər paketinə Bayıldan Əhmədliyə Xəzərin üstündə asma körpü qurmaq da daxil edilməlidir. Bir neçə il öncə bu məsələ aktuallaşmışdı, ancaq baş tutmadı. Bu məsələyə yenidən qayıdılmalıdır.

Habelə, Bayıldan Əhmədli, Hövsan istiqamətində sərnişin gəmi-bərələrin, gəmi taksilərin fəaliyyətə başlaması da effektiv işlərdən hesab olunur.

Bakı-Sumqayıt yolundakı analoqsuz tıxacı aradan qaldırmaq üçün isə burada tıxaca səbəb olan ərazilərdə yeraltı tunel, yerüstü körpülər, əlavə qanadlar inşa etmək mütləqdir. Məsələn, nə qədər ki, “Şamaxinka” və Xırdalan dairəsində belə işlər görülməyib, bu yolda gediş-gəlişdə tıxac davam edəcək.

Habelə, Sumqayıta, Xırdalana, Masazıra getmək üçün alternativ yol kimi Böyükşor gölünün üstündən keçməklə, Balaxanı-Mehdiabad-Binəqədi yolunun genişləndirilməsi üçün imkanlar çoxdur.

Niyə real, effektiv təsirləri olacaq bu işlər görülmür? İndiyədək aparılan və nəticəsi olmayan işlərə sərf olunan vəsaitlərlə bunları etmək olardı. Amma yenə də gec deyil.

Mövzu ilə bağlı nəqliyyat sahəsi üzrə mütəxəssis, hüquqşünas Ərşad Hüseynov  “Yeni Müsavat”a danışıb:

“Ötən həftə hökumət səviyyəsində bu məsələ ilə bağlı nələr müzakirə olundu, hansı təkliflər edildi, bu haqda cəmiyyətə məlumat verilmədi, ictimailəşidirilmədi.

Ərşad Hüseynov: "O qədər siqnala basdılar, qaydanı pozdum..." - FOTO

Ərşad Hüseynov

O ki qaldı mütəxəssislər tərəfindən qeyd olunan təkliflərə, deyərdim ki, həmin təkliflərin böyük əksəriyyəti yanlışdır. Məsələn, Bakı buxtasının üzərindən körpü salınması nəinki yanlış, hətta avantüradır. Bu ona bənzəyəcək ki, qaş düzəltmək istəyirsən, bu zaman göz yaxşı görməyəcək. Niyə? Birincisi, həmin körpünün tikilməsinə indiki vəziyyət və yanaşmalara nəzərən milyardlarla pul xərclənə bilər. Həmin o milyardları qoyub, Bakının avtobus parkını iki dəfə yaxşılaşdırmaq, sayını artırmaq, qarajlar tikmək, peşəkar sürücüləri işə götürmək olar. Həmçinin Bakının hər tərəfini marşrut avtobusları ilə əhatə etmək olar ki, həmin  avtobuslar sərnişinləri dəqiq qrafiklə, gecikmədən mənzil başına çatdıra bilər.

Və yaxud həmin milyardlardan səmərəli istifadə edib, Bakı Metropoliteninin bir neçə stansiyasını tikmək olar.

O cür körpü tikmək üçün hesablanmalıdır ki, Bayıldan birbaşa Zığ qəsəbəsinə nə qədər avtobus gedir və yaxud Zığdan çıxan avtobuslar nə qədər Bayıla qədər gəlir. O körpü Neftçilər prospektinin, Ü. Hacıbəyli, Zərifə Əliyev, A. Cəlilov küçələrinin yükünü nə qədər götürə biləcək. Əlbəttə ki, çox az hissəsini götürəcək. Çünki körpünün marşrutu üzrə təklif olunan istiqamətdə, o cümlədən Bayıldan Zığa qədər heç də hamı bir yerə getmir. Nəqliyyat axını şəhərin küçələrində sıxılır. Əslində yolda maşın çox görünür. Lakin həmin maşınların trayektoriyasını izləsək, görərik ki, avtomobillərin əksəriyyəti başqa marşrutlara keçir. Yəni təklif olunan həmin körpü heç də nəqliyyat yükünü götürməyəcək. Bütün bunları nəzərə alsaq, bir daha qeyd edirəm ki, həmin körpünün salınması, sadəcə, avantüra olardı".

Mütəxəssisin sözlərinə görə, Bakı-Sumqayıt yolunda hansısa körpülərin tikilməsinin heç bir əhəmiyyəti olmayacaq:

“Olsa da çox cüzi olacaq. Bakı-Sumqayıt yolu 2007-ci ildən bəri 4 dəfə əsaslı surətdə genişlənib, yenidən qurulub. Hər dörd dəfəsində də bir neçə ay orada sərbəstlik olub, daha sonra yenə də sıxlıq yaşanıb. Beləliklə, yol infrastrukturunu genişləndirməklə tıxacları aradan qaldırmaq mümkün deyil. Dünya təcrübəsində də var ki, bu amil insanların fərdi avtomobillərdən istifadəyə meylini artırır. Ona görə də bu çox təhlükəli və yanlış yanaşmadır. Bu baxımdan ictimai nəqliyyata güc verilməli, metro şəbəkəsi genişlənməli, şəhərətrafı qatarların qrafikləri yaxşılaşdırılmalı, qatarların sayı artırılmalıdır. Həmçinin Bakı Metropoliteni artıq Bakıdan kənara, qəsəbələrə də, o cümlədən Xırdalana, Mərdəkana çıxmalıdır. Yəni harada sərnişin axını var,  ora diqqət ayrılmalıdır. Niyə Lökbatanda metro olmasın? Bakı-Sumqayıt yolunda da metro ola bilər. Lap metro bu istiqamətdə yerin üstü ilə də gedə bilər. Metro şəhərətrafı qatardan daha maraqlıdır, çünki metro şəhərin hər nöqtəsinə gedə bilir, amma qatar yalnız vağzala gedir.

Həmçinin mikromobilliyə daxil olan velosiped, skuter, elektrikli skeytbordların həhəkəti üçün şərait yaradılmalıdır".

Ərşad Hüseynov alternativ nəqliyyat növü olan tramvay xətlərinin bərpa olunması ilə bağlı təkliflərə də mövqe bildirib:

“Əlbəttə ki, tramvay xətlərini bərpa etmək mümkündür. Bəziləri düşünür ki, Bakı şəhərinin mövcud infrastrukturu buna imkan vermir. Lakin necə ki, evdə əşya çox olanda biz elə düşünürük ki, artıq yer yoxdur, halbuki hər şeyi səliqəli edəndə yer olur, eləcə də şəhəri səliqəyə salsaq, tramvay xətlərini də bərpa etmək mümkündür. Deyərdim ki,  küçələrin hər zaman dizaynını dəyişmək imkanı var. Məsələn, Bakının dar küçəsinə avtobus girə bilirsə, ora tramvay da girə bilər. Dünyada bu praktika var. Sadəcə, müəyyən məqamları nəzərə almaq lazımdır.

Lakin bir amil də var ki, əgər tramvay xətlərini bərpa etmək istəyiriksə, mütləq şəkildə şəhərdə yenidənqurma işləri aparılmalı, bəzi küçələr sökülüb, yenidən tikilməlidir və sairə. Bu isə xeyli maddi vəsait tələb edir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR