Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın əvvəlki prezidenti Co Baydenin fəaliyyətinin son günlərində Rusiyanın enerji ixracına qarşı tətbiq etdiyi güclü sanksiyalar bəhrəsini verməyə başlayıb.
Musavat.com "The Moscow Times"a istinadən xəbər verir ki, sanksiyalardan sonra "Urals" markalı neftin qiyməti bir barel üçün 60 dollardan aşağı düşüb.
"Brent"lə müqayisədə endirim 15,7 dollar təşkil edib ki, bu da 2024-cü ilin may ayından bəri ən böyük göstəricidir.
Rusiya İqtisadi İnkişaf Nazirliyi baza ssenarisində bir barelin qiymətinin 69,7 dollar olacağını proqnozlaşdırıb. Bu proqnoz Rusiyanın 2025-ci il üçün federal büdcəsinin əsasını təşkil edir.
"The Moscow Times" yazır ki, Rusiya hökumətinin proqnozu yanvarın 10-da 180-dən çox tankerə, onlarla neft ticarəti və sığorta şirkətinə, eləcə də iki hasilat şirkətinə - "Qazprom Neft" və "Surqutnefteqaz"a qarşı tətbiq edilən sanksiyalarla alt-üst oldu:
"Sanksiyalar Arktikadan və Uzaq Şərqdən Rusiya neftini daşıyan çoxlu tankerlərin hərəkətinin qarşısını almaqla ixracın kəskin azalmasına, həm də yükdaşıma xərclərinin bir neçə dəfə artmasına səbəb oldu, çünki qara siyahıda olmayan tankerlər daşımalar üçün yetərli deyil. Nəticədə "Argus Media"nın məlumatına görə, Rusiyanın ixrac limanları ilə Hindistandakı çatdırılma limanlarında neftin maya dəyəri arasındakı fərq bir barel üçün 13 dollara qədər artıb; Bu, həm də ötən may ayından bəri ən yüksək göstəricidir".
Qeyd olunur ki, indi Rusiya tanker çatışmazlığı və yükdaşıma xərclərinin artması ilə üzləşdiyindən, martda çatdırılmaq üçün Asiyaya Rusiya neftinin satışı dalana dirənib.
Analitiklər Hindistana tədarükün azalmasının gündə 500 min barelə çata biləcəyini proqnozlaşdırır ki, bu da Hindistanın Rusiyadan idxal etdiyi neftin üçdə birindən çoxdur:
""Alfa Bank" hesab edir ki, neft istehsalçıları sutkada 800 min barelə qədər və ya dəniz neft ixracının təxminən dörddə birini (təxminən 3 milyon barel) itirmək riski altındadır".
"Bloomberg" yazıb ki, Baydenin "vida" sanksiyaları bütün zamanların ən güclüsü olub. Tankerlərin "kölgə donanmasının" əhəmiyyətli bir hissəsi məhdudiyyətlərə məruz qalıb və bu, bütün mənzərəni dəyişir.
Musavat.com
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ