Onlayn ictimai-siyasi qəzet
ABŞ lideri sülh sazişi üçün qarşılıqlı kreativlik və güzəşt tələb edir, bu il imzalamağa tələsdirir; spiker Simonyan da hiyləgər gediş etdi - analitiklərə görə, Azərbaycan Prezidenti son sözünü açıq şəkildə çatdırdı
ABŞ prezidenti Cozef Baydenin azərbaycanlı həmkarı İlham Əliyevə göndərdiyi məktubda diqqətçəkən ifadələr yer alıb. Ağ Ev rəhbəri bildirir ki, “sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək, əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz”. Bayden “sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm” bildirib.
“Yeni Müsavat” xatırladır ki, Baydenin məktubunu gətirən xüsusi köməkçisi Maykl Karpenter də Prezident İlham Əliyevlə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayaraq, hazırkı şəraitdə bunun üçün tarixi imkanların olduğunu deyib. Sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyən dövlət başçısı vurğulayıb ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir. Prezident onu da qeyd edib ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur.
Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən Prezident Əliyev Azərbaycanın prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğulayıb. Maraqlıdır ki, ötən həftə Dövlət Departamentinin rəsmisi Metyu Miller “biz sülh razılaşmasını heç vaxt COP29 ilə əlaqələndirməmişik” demişdi. ABŞ Dövlət Departamenti sözçüsünün mövqeyindən o anlaşılırdı ki, Vaşinqton yarımçıq sülh sazişi ilə bağlı Bakının mövqeyini qəbul edib. Amma ABŞ-ın indiki mövqeyi fərqli görünür, yenə bu il, hətta hansısa güzəştlərdən danışılır. Prezidentin Baydenin köməkçisi ilə görüşdə dediklərindən də o nəticə hasil olur ki, Azərbaycan şərtlərindən geri çəkilmək fikrində deyil.
Oktyabrın 22-də Ermənistan parlamentinin sədri Alen Simonyan keçmiş Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu bəyan edib. Bununla İrəvan hiyləgər gediş edərək yarımçıq sülh sənədinin tələm-tələsik bağlanmasını istədiyini ortaya qoyub. Yəni Ermənistan Qarabağın Azərbaycana aid olduğunu təsdiq edir, guya hər hansı maneə qalmayıb və gəlin, sülh sənədinə imza ataq. Və belə olan halda, konstitusiyaya düzəliş arxa plana keçir və İrəvan Bakını günahkar çıxarmağa çalışır. Milli Məclisin iclasında vitse-spiker Ziyafət Əsgərov isə deyib ki, Ermənistan sülh müqaviləsinin bağlanmasını əngəlləməkdə davam edir". O bildirib ki, sülh müqaviləsinin bağlanması üçün Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları götürülməsə, sülh olmayacaq: “Biz sülh müqaviləsini Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq. Hazırda Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddialarda "Dağlıq Qarabağ" ifadəsindən istifadə edilir".
Elxan Şahinoğlu
Analitik Elxan Şahinoğlunun fikrincə, Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubun mətnindən aydın olur ki, Ağ Ev ən yaxşı halda Bakıda noyabrda keçiriləcək COP29 tədbirinə, ən pis halda isə ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir: “Əslində Bayden COP29 yazarkən, beynində eyni ayda Amerikadakı prezident seçkisini düşünüb. Ağ Ev administrasiyası vitse-prezident Kamala Harrisin prezident seçilməsi üçün var gücü ilə çalışır, qısa vaxt ərzində xarici siyasətdə uğur hekayələrinə ehtiyac duyur. Seçkiyə qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanarsa, bu, Kamala Harrisin xanasına yazılacaq”.
Ekspertin sözlərinə görə, Bayden administrasiyası Azərbaycanla Ermənistan arasında sülh sazişinin qısa zaman kəsiyində imzalanmasını bu qədər istəyirsə, atacağı bircə addım var: “Baydenin Bakıya göndərdiyi xüsusi köməkçisi Maykl Karpenterin İrəvanda baş nazir Nikol Paşinyanı konstitusiyada Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bəndi çıxarmağa inandırmaqdır. Ağ Ev bunu bacararsa, sülh sazişinin noyabra qədər olmasa da, ilin sonuna qədər imzalanması mümkündür, əks halda, erməni lobbisi ilə sıx əlaqələri olan Kamala Harrisin prezident seçilməsi üçün Azərbaycan öz maraqlarından imtina etməyəcək”.
Aqşin Kərimov
Siyasi şərhçi Aqşin Kərimovun təhlilinə görə, ABŞ-ın Azərbaycan-Ermənistan gündəmi üzrə fəallaşması Vaşinqtonun Cənubi Qafqaz üzrə perspektiv strategiyasında açar proseslər əldə etməsinə hədəflənib: “Azərbaycanın ABŞ-ın istəkləri çərçivəsində Ermənistanla sülh sazişinə tələsməyəcəyi aydındır. ABŞ İlham Əliyevlə keçirdiyi görüşün nəticələrini Ermənistanla müzakirə edəcək və yüksək ehtimalla İrəvan Bakının tələbləri qarşısında Vaşinqtonun təlimatları əsasında geriçəkilməyə məcbur qalacaq. Bu sülh sazişinin imzalanması ilə yekunlaşmasa da, sülh üçün lazım olan alternativ bir sənədin ortaya çıxmasını şərtləndirə bilər. Bu məsələ, Azərbaycanın Zəngəzur dəhlizi layihəsində strateji nəticələr əldə etmək uğrunda manevrlərini gücləndirən faktor kimi diqqət çəkmək potensialına malik olacaq”.
Təhlilçi hesab edir ki, ABŞ 3+3 formatında keçirilən axırıncı görüş kontekstinin məntiqi davamında nəticə əldə etmək üçün "Bakı proqramını" qabardır: “Vaşinqton bunun üçün Rusiya təsirlərini zəiflətməyi düşünsə də, nəticədə Azərbaycan-Ermənistan sülh danışıqları üzrə Vaşinqton-Moskva trafikində canlanmanın olmasının tərəfdarıdır. Ümumiyyətlə, ABŞ-ın Azərbaycan-Ermənistan gündəmi üzrə fəallaşması Vaşinqtonun Cənubi Qafqaz üzrə perspektiv strategiyasında açar proseslər əldə etməsinə hədəflənib.
Məhəmməd Əsədullazadə
Siyasi ekspert Məhəmməd Əsədullazadəyə görə, ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılmış bəndlər üzrə imzalanmasında maraqlıdır: “Prezident İlham Əliyev ABŞ rəsmisi ilə görüşündə Ermənistan Konstitusiyasının sülh müqaviləsində əsas əngəl olduğunu vurğuladı. Prezident Karpenterə COP29 kimi "aralıq sülh" müqaviləsi olmayacağı mesajını verərək, nöqtəni qoymuş oldu. Demək olar ki, ABŞ rəsmisi Bakıdan əliboş qayıdacaq. Ümumiyyətlə, Vaşinqtonla Bakı arasında siyasi böhran məhz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə aparılan danışıqlarda Bakının prinsipial mövqeyindən irəli gəlir".
Emil SALAMOĞLU
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ