İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenə “Putinlə müzakirəyə get” çağırışını edən konqresmenlər geri çəkilib?

Xəbər verdiyimiz kimi, bu gün ABŞ Nümayəndələr palatasının Demokrat partiyasından olan 30 üzvü prezident Co Baydenə məktub göndərərək ondan Rusiya prezidenti Vladimir Putinlə danışıqlara başlamasını istəyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məktub dərc edildikdən bir neçə saat sonra qrup gələn təpkilər səbəbindən məsələyə aydınlıq gətirmək üçün təkrar bəyanat verməyə məcbur qalıb.

“Prezident Baydenə bugünkü məktubda biz administrasiyanı ukraynalılara davamlı hərbi və iqtisadi dəstəyi davam etdirməyə, eyni zamanda münaqişənin Ukrayna xalqı üçün məqbul həllinə nail olmaq naminə Ukraynaya diplomatik dəstək verməyə çağırdıq. Biz demokratlar olaraq Rusiyanın qeyri-qanuni və qəddar işğalı qarşısında demokratiya və azadlığı uğrunda mübarizəsində Ukraynanı dəstəkləməkdə həmrəyik və məktubda heç bir şey bu dəstəyin dəyişdirilməsini tələb etmir”, - deyə onlar əvvəlki mətnə izah gətirməyə çalışıblar.

“Diplomatiya həyatları xilas edə biləcək vacib bir vasitədir, lakin bu vasitələrdən yalnız biridir. Məktubumuzda da açıq şəkildə qeyd etdiyimiz və aydınlaşdırmağa davam edəcəyimiz kimi, biz prezident Bayden və onun administrasiyasının Ukraynanın razılığı olmadan Ukrayna ilə bağlı heç nə etməmək niyyətini dəstəkləyirik”,-deyə sənəddə qeyd olunub.

Qeyd edək ki, məktubun Konqres seçkilərinə cəmi iki həftə qalmış ortaya çıxması təsadüf sayılmır. Demokratlar seçicilər arasında rəğbət doğuracaq hər addıma gedirlər. Hazırda amerikalıların bir qismi Ukraynadakı müharibənin ABŞ iqtisadiyyatına və insanların gündəlik həyatına mənfi mənada güclü təsir göstərdiyini düşünür.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR