İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Konqresə aralıq seçkilərdən razıdır: bəs Azərbaycanla Türkiyə? 

Bayden Konqresə aralıq seçkilərdən razıdır: bəs Azərbaycanla Türkiyə? 

ABŞ Prezidenti Co Bayden Konqresə aralıq seçkilərin nəticələrindən razı qaldığını bildirib. Ən son məlumatlara görə, Nevada ştatında keçirilən aralıq seçkilərdə hazırkı demokrat senator Ketrin Kortez Masto irəlidə gedir.

Nəticədə demokratlar ABŞ Konqresinin yuxarı palatası olan Senata (101 yer var) nəzarəti əldə saxlaya biləcəklər. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, belə bir proqnozla NBC televiziya şirkəti, eləcə də bir sıra digər aparıcı Amerika KİV-i çıxış edib. Kortez Masto səslərin 96%-ni hesabladıqdan sonra Respublikaçılar Partiyasından olan rəqibi Adam Laksaltı (48,2 faiz səs toplayıb) 0,5 faiz üstələyib və 48,7 faiz səs toplayıb. İki namizəd arasındakı fərq cəmi 4 982 səsdir. Yekun nəticələr daha sonra açıqlanacaq, lakin mövcud təcrübəyə görə, səsvermənin nəticəsi dəyişə bilməyəndə ABŞ mediası qalibi elan edir.

Demokratların Nevada ştatında qələbəsi onların Senatda ən azı 50 yerə sahib olması deməkdir, Respublikaçılar isə indiyədək 49 yer əldə ediblər. Bu, ümumilikdə 100 yerə malik olduğu üçün yuxarı palataya nəzarəti demokratlara verir. Əgər hər iki partiya 50 yer əldə etsə, vitse-prezidentin, yəni demokrat Kamala Harrisin səsi həlledici olacaq. Senatda daha bir yerin taleyi dekabrda Corciya ştatında seçkilərin ikinci turunun nəticələrinə əsasən müəyyənləşəcək. Lakin bu səsvermənin nəticələri indi yalnız demokratların senatda çoxluğunu gücləndirib-gücləndirməyəcəyindən və ya yuxarı palatada qüvvələrin sıralanmasının dəyişməz qalıb-qalmayacağından asılı olacaq. Hazırkı çağırış senatında yerlər Demokratlar və Respublikaçılar arasında bərabər bölünür - 50:50-yə. Bəs Azərbaycan və Türkiyə maraqları və erməni lobbisinin fəallığı baxımdan Konqresə aralıq seçkilərin nəticələri nə deməkdir, demokratların 1 səs çoxluğu ilə senata nəzarəti saxlaması nə vəd edir? Ərdoğan bu arada demişdi ki, senatda Respublikaçılar üstün olarsa, “F 16" qırıcıları ilə bağlı məsələ nəhayət, müsbət həllini tapa bilər. Bəs son nəticələr nə deyir?

Şahin Cəfərli: “Rusiya bu savaşın sonunda orta səviyyəli regional güc  səviyyəsinə enəcək”

Şahin Cəfərli

Siyasi şərhçi Şahin Cəfərlinin sözlərinə görə, gözlənildiyi kimi, Respublikaçılar Nümayəndələr Palatasında çoxluq əldə etdilər: “Senat isə böyük ehtimalla Demokratların nəzarətində qalır. Respublikaçılar (xüsusən trampçı qanad) senat seçkilərində ümidini Pensilvaniyada türk Mehmet Özün qələbəsinə bağlamışdı, lakin doktor Öz demokrat Fettermana uduzdu. Respublikaçıların gözlədiyi qələbə bu deyildi: "qırmızı dalğa"nın baş tutmadığını söyləmək olar. Nümayəndələr Palatasındakı üstünlük də kövrək görünür, ehtimal edilir ki, aşağı palatada qüvvələr nisbəti bir-birinə çox yaxın (219 - 216) olacaq. Konqresə seçkilərin nəticələrinin qarşıdakı prezident seçkiləri kampaniyasına mümkün təsirləri hazırda daha önəmli və aktual mövzudur. Tramp seçkidən bir gün əvvəl elan etdi ki, ayın 15-də çox vacib bəyanatla çıxış edəcək. Gözlənilir ki, o, 2024-cü il prezident seçkilərində namizəd olacağını açıqlayacaq. Güman ki, Tramp Konqres seçkilərində gözlənilən böyük zəfər sonrası təntənəli şəkildə namizədliyini elan edərək rüzgarı arxasına almağı planlamışdı. Amma qeyd etdiyimiz kimi, bu zəfər o qədər də parlaq olmadı".

Onun fikrincə, Florida qubernatoru seçkilərində respublikaçı Ron DeSantisin parlaq qələbəsi isə Trampı məmnun edə bilməz: “Çünki bu şəxs partiyadaxili prezidentliyə namizədlik yarışında onun əsas rəqibi ola bilər. DeSantisin 20% kimi fantastik fərqlə təkrar qubernator seçilməsi bir tərəfdən onun ambisiyalarını, digər tərəfdən isə partiya içərisində ona diqqəti artıracaq. Respublikaçıların sponsorları da praymerizə qatılacağı halda, qubernatoru həvəslə maliyyələşdirəcəklər. Əslində Demokratlar Trampın namizəd olmasını daha çox istəyər, nəinki DeSantisin. Çünki Tramp təhlükəsi Demokratların və onlara meyl edən müstəqil seçicilərin konsolidasiyasına səbəb olur, nəticədə bu kütlələr sırf Tramp seçilməsin deyə demokrat namizədin kimliyinə baxmadan həmin namizədə səs verirlər. Konqres seçkilərində respublikaçıların sönük nəticə göstərməsində Trampın açıqlaması da rol oynamış ola bilər. Nümayəndələr Palatasındakı dəyişiklik daxili siyasətdə administrasiyanın işini bir qədər çətinləşdirəcək, xarici siyasətə isə ciddi təsir etməyəcək. Ukraynaya dəstək davam edəcək, bəzi trampçı populistlər istisna olmaqla, respublikaçıların bu dəstəyi dayandırmaq kimi bir gündəmi yoxdur. Ukrayna ilə bağlı ikipartiyalı konsensus və vahid dövlət siyasəti mövcuddur. Putin diktaturasının ABŞ-dakı seçkilərə diqqət kəsilib, Respublikaçıların qələbəsinə ümid etməsi və bundan mədət umması acizliyin növbəti əlamətidir”.

Ukrayna ABŞ-ın qurbanına çevrildi" - RAMİYƏ MƏMMƏDOVA

 Ramiyə Məmmədova 

Siyasi ekspert Ramiyə Məmmədova hesab edir ki, Demokratlar antitürk mövqeyi ilə seçilirlər: “Baydenin qondarma soyqırımı tanıması, "Dağlıq Qarabağ xalqı" ifadəsi onun Ankara və Bakıya qarşı olduğunu əyani şəkildə sübut etməkdədir. Eyni zamanda Pelosinin İrəvan səfəri göstərdi ki, demokratlar ermənipərəstdirlər. Bayden administrasiyası bütünlüklə bizə qarşı fəaliyyətdədir. Respublikaçılar isə loyal siyasət aparırlar. Hətta Rusiyaya münasibətdə də radikal deyildilər. Tramp dövründə ABŞ-Rusiya əlaqələri normal axarında idi. Bu səbəbdən bizə respublikaçıların tam qələbəsi lazımdır. Türkiyə və Azərbaycana münasibətdə dəyişikliklər tamamilə mümkündür. Respublikaçılar ənənəvi olaraq Türkiyə ilə müttəfiq olduqlarını nəzərə alaraq Azərbaycanla da həmişə yaxşı münasibətlər saxlayıblar. Ərdoğan da demişdi ki, Respublikaçılar ABŞ Senatında üstünlük qazansa, Türkiyənin "F-16" alması daha asan olacaq. Amma görünən budur ki, senatda demokratlar üstünlük qazanmaqdadır. Bu da ən azı 2024-dək problemin həll olunmayacağı anlamına gələ bilər".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR