İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden də Putinin nüvə silahına əl ata biləcəyini deyirsə... - təhlükə qapıda

Ekspert: “Nüvə silahına malik olan ölkələrin istəkləri və tələbləri dünyanı təhlükəyə atır”

Rusiya Ukraynaya hücum edəndən az sonra RF prezidenti Putinin nüvə silahından istifadə əmri də verə biləcəyinə dair iddialar ortaya çıxdı. Düzdür, Kreml rəsmiləri ilk vaxtlar bunu təkzib etsələr də, sonradan Medvedyev və digərləri nüvə silahından istifadənin qaçılmaz ola biləcəyinə dair mesajlar ötürməyə başladılar.

Artıq bu təhdid demək olar hər gün səslənir və bildirilir ki, Rusiya Ukraynaya nüvə silahı atarsa, Ukrayna və onun müdafiəçiləri də Moskvaya nüvə bombası ata bilər. Bu isə region üçün fəlakət deməkdir...

Deyəsən, gözlənilən bu faciə qaçılmaza çevrilir.  ABŞ lideri Co Bayden Rusiyanın taktiki nüvə silahından istifadə edə biləcəyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Kaliforniyada bir qrup partiya donoru qarşısında çıxış edərkən bildirib.

“Bir neçə il əvvəl burada Kolorado çayının qurumasından narahat olduğumu deyəndə hamı mənə dəli kimi baxdı. Mən Putinin taktiki nüvə silahından istifadə etməsindən narahat olduğumu deyəndə mənə yenə eyni cür reaksiya göstərdilər. Halbuki bu olduqca realdır”, - deyə Bayden danışıb.

Bundan əvvəl ABŞ Prezidenti Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsini “tamamilə məsuliyyətsizlik” adlandırmışdı.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bu açıqlamaya reaksiya verərək nüvə silahının Co Bayden kimi birisinin əlində olmasını fəlakət adlandırıb.

Beləcə, dünya və MDB məkanı böyük bir fəlakət təhdidi altındadır. Nüvə silahından istifadə üçün sanki bir fitvalama prosesi gedir. Bunun qarşısını almaq üçün dünya hərəkətə keçməlidirmi? Yoxsa artıq ox yaydan çıxıb?

Qazilər haqlarını qanun çərçivəsində tələb etməlidirlər" - Hərbi ekspert

Ramil Məmmədli 

“Xəzər” Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, Rusiya Prezidenti Vladimir Putin hələ müharibənin ilk günlərində nüvə qüvvələrini “xüsusi hazırlıq” vəziyyətinə gətirməyi əmr etmişdi: “Bu, Rusiyanın Strateji Raket Qüvvələrinin işə düşməsi üçün ən yüksək hazırlıq səviyyəsi hesab olunur. İlk dəfə nüvə silahından Amerika istifadə edib. Bundan sonra dünyada nüvə silahına sahib ölkələrin sayı artmağa başlayıb. Keçən əsrin ortalarında nüvə silahı ABŞ, Sovet İttifaqında var idisə, sonra digər ölkələr də nüvə silahına sahib olmağa çalışdılar. Dünya çox gərgin bir dövrə qədəm qoyub. Ölkələr bir-biri ilə konflikt vəziyyətinə gəlib çıxdıqda bir-birini nüvə silahı ilə təhdid edirlər. İndiki gərginlik Karib böhranı kimi tanınan Kubaya nüvə başlıqlı silahların yerləşdirilməsindən də güclüdür. Faktiki olaraq dünya bu gün 2 qütbə bölünərək, döyüş aparır. Amma hələ ki nüvə silahından istifadə halları qeydə alınmır. Ötən ilin oktyabrında Rusiya Ukrayna sərhədində, Rusiya ordusunun qərb dairəsi ərazisində nüvə başlıqlı raketləri daşıyan dəmiryolu qoşunlarının təlimlərini keçməyə başladı. Bu gün Ukraynada baş verənlər deməyə əsas verir ki, artıq nüvə silahı dünya üçün ciddi təhlükəyə çevrilib. Yəni nüvə silahına malik olan ölkələrin istəkləri və tələbləri dünyanı təhlükəyə atır. Nüvə Silahlarının Yayılmasının qarşısının alınması haqqında beynəlxalq müqavilənin məqsədi nüvə silahının və silah texnologiyasının yayılmasının qarşısını almaq, nüvə enerjisindən dinc məqsədlərlə istifadədə əməkdaşlığı təşviq etmək və nüvə tərk-silahı məqsədinə nail olmaqdır. Müqavilə ilk dəfə 1968-ci ildə imzaya atılmış və 1970-ci ildə qüvvəyə minmişdir. Müqavilənin müddəti 11 may 1995-ci ildə qeyri-müəyyən müddətə uzadılıb. Hətta Sovet İttifaqı ilə Amerika arasında bir anlaşma olmuşdu. Anlaşmaya görə, Rusiya bütün nüvə silahlarını utilizasiya etməli idi. Buna görə, ABŞ Rusiyaya vəsait də ayıracaqdı. Amma anlaşmaya görə, hər iki ölkə bu silahları məhv etməli idi. Həmin dövrdə Rusiya bəzi silahlarını məhv etdi. Amma Amerika, əksinə, silahlarının sayını artırdı. Bu gün Rusiya və Amerikanın sahib olduğu nüvə başlıqlı silahlar dünyanı bir neçə dəfə dağıtmağa imkan verir”.

Xatırladaq ki, nüvə silahlarının partlaması zamanı böyük miqdarda enerjinin ayrılması nəticəsində yaranan dağıdıcı təsir elektromaqnit spektri ətrafında yayılır. Partlayışın sualtı, yerüstü, hava və ya qeyri-atmosfer bölgələrində baş verməsi dağıdıcı gücü və hasil edilən radiasiyanın miqdarını müəyyən edən digər amildir. Enerji sıxlığı daha yüksək olan bölgələrdə (məsələn, su) baş verən partlayışlarda udulduğu üçün təsir sahəsi azalır, partlayışın intensivliyində böyük artım baş verir. Adi partlayıcılarla müqayisədə nüvə silahının insanlara əsas təsiri eyni fiziki zərər mexanizmləridir. Nüvə partlayışından çıxan enerji bir neçə fərqli formada radiasiya buraxır. 1945-ci ildə ilk nüvə silahını hazırlayan alimlərin kifayət qədər böyük nüvə partlayışı ilə Yer atmosferini alovlandıra biləcəyinə dair bəzi fərziyyələr var idi. İlk dəfə Amerika Birləşmiş Ştatları 1945-ci ilin iyulunda nüvə sınaq partlayışını həyata keçirdi və elə həmin ilin avqustunda da Yaponiyanın Xirosima, Naqasaki şəhərlərinə iki atom bombası atdı. Xirosimada partlayış zamanı və onun törətdiyi fəsadlar nəticəsində 140000 insanın öldüyü təxmin edilir, Naqasaki üçün oxşar qiymətləndirmə 74000 nəfərdir. Bu rəqəmləri 1946-cı ilin fevralında ABŞ ordusunun Yaponiyadakı qərargahı açıqlayıb, amma ondan sonrakı dövrdə şüa xəstəliyindən və partlayışlar zamanı şüalanmanın digər təsirlərindən ölənlərin sayı nəzərə alınmayıb.  Həmin hadisədən sonra ABŞ-ın nüvə silahı üzərində inhisar yaradacağı gözlənilsə də, atom bombasının yaradılmasının sirləri, texnologiyası yayılmağa başladı. Bu da ABŞ və SSRİ arasındakı nüvə silahlanma yarışının başlanğıc nöqtəsi oldu. İndi 5 dövlət - Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ rəsmi şəkildə nüvə silahına malikdir. Nüvə Silahlarının Yayılmaması haqqında (NPT) müqavilə bu dövlətlərin nüvə arsenallarını tanıyır, lakin NPT-nin VI maddəsinə əsasən onlar bu cür silahları əbədi olaraq saxlamamalıdırlar. Əksər hökumətlər öz nüvə arsenalı ilə bağlı məlumatları məxfi saxladığından hansı ölkənin nə qədər nüvə resursuna malik olması, sadəcə, təxminlərə əsaslanır. Çinin ümumilkdə 350 döyüş başlığına sahib olduğu bildirilir. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, Çinin 2027-ci ildə 700, 2030-cu ilə qədər 1000-ə qədər nüvə başlığına sahib olacağı gözlənilir. Rusiyanın 527 qitələrarası ballistik raketə, sualtı qayıqlardan buraxılan ballistik raketlər və strateji bombardmançı təyyarələrdə yerləşdirilən 1458 strateji döyüş başlığına sahib olduğu deyilir. Amerika Elm Adamları Federasiyasının (FAS) təxminlərinə görə isə Rusiyanın hərbi anbarında 2021-ci ilin yanvarına qədər təxminən 4497 nüvə başlığı olub, eyni zamanda sıradan çıxarılmalı olan 1760 əlavə döyüş başlığı var. Fransanın ümumilikdə 290, Böyük Britaniyanın 225 strateji döyüş başlığına sahib olduğu bildirilir. Bundan əlavə, Böyük Britaniya nüvə mühərrikli ballistik raket sualtı qayığına malikdir. ABŞ-a gəlincə, onun 665 qitələrarası ballistik raketi, sualtı qayıqlardan buraxılan ballistik raketləri və strateji bombardmançı təyyarələrdə yerləşdirilən 1389 strateji nüvə başlığı, altı NATO bazasında yerləşdirilən 100 B-61 nüvə cazibə bombası olduğu deyilir. ABŞ-ın 230 B-61 ehtiyatının olduğu da təxmin edilir. ABŞ Dövlət Departamenti 2020-ci ilin sentyabrına kimi ABŞ-ın “aktiv” və “qeyri-aktiv” döyüş başlıqlarının ümumi sayının 3750 olduğunu bildirib. Ancaq siyahıya istismardan çıxmış döyüş başlıqları və sökülməsi gözlənilən silahlar daxil deyil. FAS təxmin edir ki, 2021-ci ildə Birləşmiş Ştatların ümumilikdə 5550 döyüş başlığı olmaqla, sökülməyi gözləyən 1750 döyüş başlığı var.

1991-ci ildə Sovet İttifaqı dağıldıqda Belarus, Qazaxıstan və Ukrayna onun nüvə silahlarını miras alsalar da, bir neçə il sonra “mirası” Rusiyaya qaytardılar və nüvə silahı olmayan dövlətlər kimi NPT-yə qoşuldular. Cənubi Afrika Respublikası gizli şəkildə bu sahəni inkişaf etdirsə də, sonradan kiçik sayda nüvə başlıqlarını ləğv etdi, 1991-ci ildə NPT-yə qoşuldu. İraq 1991-ci il Fars Körfəzi müharibəsindən əvvəl aktiv nüvə silahı proqramına malik idi, amma BMT müfəttişlərinin nəzarəti altında onu ləğv etmək məcburiyyətində qaldı. 2003-cü ilin martında ABŞ-ın İraqa müdaxiləsi və ölkə lideri Səddam Hüseynin ələ keçirilməsindən sonra Bağdad nüvə silahı axtarışına son qoydu. Şimali Koreya 2003-cü ilin yanvarında müqavilədən çıxdığını elan edib və o vaxtdan bəri qabaqcıl nüvə silahlarını sınaqdan keçirir. İran və Suriyanın müqavilənin şərtlərini pozaraq gizli şəkildə nüvə silahı əldə etməyə çalışdığı  ehtimal olunur. Liviyanın da belə bir niyyəti olsa da, 2003-cü ilin dekabrında həmin cəhdlərindən könüllü imtina edib. Argentina, Braziliya, Cənubi Koreya və Tayvan da nüvə silahı proqramlarını dayandıran ölkələr siyahısındadır. Hindistan, İsrail və Pakistan NPT müqaviləsini imzalamayan dövlətlərdir və onlar nüvə arsenallarına sahibdirlər. 

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR