İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Cinpinə nəyə görə zəng edir? – CNN

ABŞ prezidenti Cozef Bayden bu gün Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefonla danışacaq.

Novator.az-ın məlumatına görə, CNN kanalı bildirir ki, ABŞ prezidentinin təşəbbüsü ilə baş tutacaq telefon zəngində söhbət Ukraynadan, Rusiyaya tətbiq edilən sanksiyalardan gedəcək.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyatlar aparır.

Fevralın 22-dən başlayaraq dünya birliyi Rusiyaya ümumilikdə 4053 sanksiya tətbiq edib. Həmin vaxta qədər Rusiyanın üzərində 2754 sanksiya olub. Beləliklə, bu ölkənin belində 6807 sanksiya var.

ABŞ sanksiyalardan yayınmaqda Çinin Rusiyaya kömək edə biləcəyindən narahatdır. Son günlər rəsmi Vaşinqton bununla bağlı rəsmi Pekinə bir neçə dəfə xəbərdarlıq edib. Vaşinqtonun bəyanatlarında vurğulanıb ki, Çin şirkətləri Rusiya ilə sanksiyalara zidd əməkdaşlığa getsə, həmin şirkətlərin özü sanksiyalara məruz qalacaq, nəticədə Rusiya ilə əməkdaşlıq Çinə baha oturacaq.

Məlumatlara görə, Rusiya ordusu Ukraynada çoxsaylı problemlərlə qarşılaşıb və Moskva bu problemlərin həllində də Çindən dəstək (maliyyə dəstəyi, texniki dəstək, o cümlədən hərbçilər üçün nəzərdə tutulan hazır ərzaq paketləri) istəyib.

Bəzi məlumatlarda Rusiyanın Çindən hərbi texnika, o cümlədən zenit raketləri, pilotsuz uçuş aparatları, zirehli maşınlar və kəşfiyyat avadanlıqları istədiyi də iddia olunur.

Martın 14-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Roma şəhərində Çin Kommunist Partiyası Siyasi Bürosunun üzvü Yan Szeçi ilə görüşüb və onu Rusiyaya istər hərbi, istərsə də iqtisadi yardım göstərilməsinin yolverilməzliyi barədə xəbərdar edib. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays həmin görüşü şərh edərkən deyib: “Biz Pekinin nəzərinə çatdırmışıq ki, Rusiyanın təcavüzünə istənilən dəstəyin cavabı olacaq. Təcavüzə qahmar çıxan heç bir ölkə cəzasız qalmayacaq”.

Bu baxımdan CNN kanalı vurğulayır ki, Baydenlə Cinpinin telefon danışığı sıradan bir təmas deyil: “Bu telefon söhbəti Rusiyanın Ukraynada apardığı müharibənin kritik anına təsadüf edir. ABŞ rəsmilərinin fikrincə, Çin Ukraynada ağır itkilərə məruz qalan və Pekindən dəstək istəyən Rusiyaya əl uzadıb-uzatmamaq barədə götür-qoy edir. Əgər Pekin Rusiyaya yardım etməyə razılaşsa, onda Qərblə münasibətlərinin bir neçə onilliyə pozulacağını da gözə almalıdır”.

CNN qeyd edir ki, Çin Rusiyaya müxtəlif formada dəstək verə bilər: “Bayden Cinpinlə telefon danışığı zamanı Moskvaya istər hərbi yardım, istərsə də maliyyə yardımı göstərilməməsini zəruri edən səbəbləri anlatmağa çalışacaq”.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Bernsə istinad edən CNN kanalı bildirir ki, Rusiya ilə Çin arasında tərəfdaşlıq çox soyuqqanlı prinsiplərə söykənir. Bill Bernsin fikrincə, Pekin xeyli vaxtdır Moskva ilə məhdudiyyətsiz tərəfdaşlıq variantını sınaqdan keçirir və indiki situasiyada Si Cinpin Ukrayna müharibəsinə necə reaksiya vermək məsələsini hələ də ölçüb-biçir.

ABŞ-ın Asiyadakı müttəfiqlərinin baş verənləri diqqətlə izlədiyini xatırladan CNN kanalı rus işğalının bütün dünyada təşviş yaratdığını vurğulayır: “ABŞ və onun Asiyadakı müttəfiqlərinin diqqətdə saxladığı məkanlardan biri də Cinpinin Çin ərazisi saydığı, demokratik yolla idarə olunan ada – Tayvandır. Pekin son günlər ada yaxınlığında hərbi təyyarələrin uçuş sayını artırıb və buna görə ABŞ-dan xəbərdarlıq alıb”.

CNN kanalı Baydenlə Cinpinin bir-birindən çox fərqli dünyagörüşlərə malik olduqlarını da unutmamağı tövsiyə edir: “Ukrayna müharibəsinədək hiss olunurdu ki, Bayden ABŞ-ın xarici siyasətini əsasən Asiya üzərində kökləmək istəyir. Çinki o, ABŞ və Çin arasında Asiyada gedən rəqabətə növbəti əsrin həlledici məsələsi kimi baxır. Son həftələr Ağ evin diqqəti Ukrayna böhranına yönəlib. Amma ABŞ rəsmiləri deyirlər ki, Vaşinqton xarici siyasətindəki əsas xətti qoruyub saxlayır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR