İnsanlara hürriyət, millətlərə istiqlal!

“Batka” Putinin dili ilə İrəvanı hədələdi - Bakıya şans, yoxsa...

Kreml Lukaşenkonun timsalında Ermənistanı KTMT-dən çıxacağı təqdirdə hansı aqibət gözlədiyinə dair xəbərdar etdi; Duma üzvləri də təhdidə keçdi; analitik Paşinyanın iki yolunu açıqladı

“Ermənistan olmasa, KTMT dağılmayacaq”. “Yeni Müsavat” xatırladır ki, Belarus prezidenti Aleksandr Lukaşenko ötən bazar günü erməni baş nazir Nikol Paşinyanın məlum bəyanatına cavabında belə deyib. Paşinyan “Frans 24" nəşrinə müsahibəsində Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurduğunu bildirib. 

Belarus lideri isə Paşinyana inteqrasiya strukturlarını tərk etməyə tələsməməyi tövsiyə edib. Qeyd edib ki, İrəvanın təşkilatda iştirakının "dondurulması" ilə bağlı bəyanatına sakit reaksiya verməyin tərəfdarıdır. “Lakin İrəvandakı siyasətçilər əllərində olanı itirməmək üçün ayılmalıdırlar. Ümid edirəm ki, məndən inciməzlər. Zaman çox şeyi dəyişir, ümumilikdə dünyada vəziyyət dəyişir. Ona görə də kompakt dövlətlərin lüzumsuz hərəkətlərə ehtiyacı yoxdur”, - Lukaşenko faktiki kapitulyant ölkəni hədələyib. “Batka” eyni zamanda Ermənistan baş nazirinin ölkənin KTMT-dən çıxması ilə bağlı açıqlamasını “emosional” adlandırıb. Onun sözlərinə görə, Minsk Ermənistanın blokdan çıxması ilə bağlı heç bir bəyanat almayıb və hesab edir ki, bu ölkə təşkilata üzv olmalıdır.

Kreml təcili surətdə Paşinyandan “Ermənistan KTMT-də fəaliyyətini dondurub” açıqlamasına aydınlıq gətirməsini istəyib. Paşinyanın bu vəziyyətdə iki çıxış yolu var. O, birinci halda Kremli sakitləşdirəcək açıqlama verərək, KTMT-dən uzaqlaşmanı və ayrılmanı ağrısız və tədricən həyata keçirməyə çalışacaq ki, bu onun zamanını alacaq. Paşinyan ikinci halda məsələni köklü şəkildə həll etməyə çalışacaq və KTMT-dən ayrılmanın anonsunu verəcək ki, Kremlin zərbələrini Fransa ilə birgə dəf edə bilsin. Paşinyan tələsdiyinə görə ikinci varianta üstünlük verə bilər. Çünki Paşinyanda belə qənaət var ki, bölgədə yeni toqquşma olarsa, Rusiya Ermənistanı qorumayacaq və Azərbaycan yeni hədəflərinə çatacaq. Ona görə də Paşinyan düşünür ki, o həm də zamanla mübarizə apardığına görə hadisələri qabaqlamalıdır. Paşinyan Parislə ortaq çalışmalar həyata keçirərkən, Kreml də boş dayanmayacaq. Bununla yeni mərhələyə qədəm qoyuruq.

Moskva Ermənistandan ikitərəfli kanallar vasitəsilə Paşinyanın İrəvanın KTMT-də iştirakının dondurulması ilə bağlı dediklərinin nə demək olduğuna dair əsaslandırıcı izahat gözləyir. Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd edilib ki, İrəvanın təşkilatın tədbirlərində iştirakının dinamikası azalıb. “Ümid edirik İrəvanda anlayacaqlar ki, mövcud narahatlıqlar ictimai müstəvidə qaldırmaq yolu ilə həll edilmir, onlar etibarlı dialoq vasitəsilə müzakirə olunmalı və aradan qaldırılmalıdır”. 

XİN vurğulayıb ki, 2022-ci ildə Ermənistan tərəfinin xahişi ilə operativ şəkildə KTMT Katibliyinin və Birləşmiş Qərargahının qiymətləndirmə missiyası formalaşdırılıb və ölkənin sərhəd rayonlarına göndərilib. Nəticələr üzrə KTMT Kollektiv Təhlükəsizlik Şurasının Ermənistanda monitorinq missiyasının yerləşdirilməsi ilə bağlı qərar hazırlanıb: “Bunun müqabilində isə İrəvan nümayişkaranə şəkildə ölkəyə Avropa Birliyinin psevdomüşahidəçilərini dəvət etməyi seçdi - bu faktlar hər kəsə məlumdur və onların gördüyü işin səmərəsizliyi də göz qabağındadır”.

“Ermənistan KTMT-dən çıxacağı təqdirdə ərazi bütövlüyünü itirmək riski daşıyır”. Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov da Lukaşenkodan geri qalmayaraq təhdid edib. “Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın KTMT-də iştirakını dondurmaqla həm ölkəsinə, həm də Rusiyaya xəyanət etdi”. Bu sözləri isə Rusiya Dövlət Dumasının digər üzvü - deputat Viktor Sobolev deyib. “Düşünürəm ki, onu tezliklə aradan qaldıracaqlar, burada başqa daha nə demək olar. O özü Qarabağa xəyanət edib, indi bütün məsuliyyəti Rusiyanın üzərinə atır. Rusiya o zaman Ermənistanın köməyinə gəldi”, - deyə Sobolev əlavə edib. Aydındır ki, həm Lukaşenkodan, həm Rusiyadan belə bəyanatlar və ya hədə hər şeydən öncə Belarusun ittifaq dövlətində birləşdiyi Rusiyanın başçısı Putinin dilindən səslənib. Bəs Ermənistanın KTMT-dən çıxması və ya çıxarılması Azərbaycana hər hansı divident vəd edirmi? 

Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyanın bu vəziyyətdə iki çıxış yolu var: “O, birinci halda Kremli sakitləşdirəcək açıqlama verərək, KTMT-dən uzaqlaşmanı və ayrılmanı ağrısız və tədricən həyata keçirməyə çalışacaq ki, bu onun zamanını alacaq. Paşinyan ikinci halda məsələni köklü şəkildə həll etməyə çalışacaq və KTMT-dən ayrılmanın anonsunu verəcək ki, Kremlin zərbələrini Fransa ilə birgə dəf edə bilsin”. Analitikin fikrincə, Paşinyan tələsdiyinə görə ikinci varianta üstünlük verə bilər: “Çünki Paşinyanda belə qənaət var ki, bölgədə yeni toqquşma olarsa, Rusiya Ermənistanı qorumayacaq və Azərbaycan yeni hədəflərinə çatacaq. Ona görə də Paşinyan düşünür ki, o həm də zamanla mübarizə apardığına görə hadisələri qabaqlamalıdır. Paşinyan Parislə ortaq çalışmalar həyata keçirərkən, Kreml də boş dayanmayacaq. Bununla yeni mərhələyə qədəm qoyuruq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR