İnsanlara hürriyət, millətlərə istiqlal!

Bastiliyanı basıb alanların günü – Faciə silsiləsinin başlanğıc günü nədən bayram olub?

Bu gün Fransanın milli bayramıdır, Bastiliya qalasının alınması gününü qeyd edirlər.

Bu hadisə 1789-cu ilin 14 iyulunda baş verib və böyük fransız inqilabının əsas hadisəsi olub.

1382-ci ildə tikilən qala fransızların bir çox nəsilləri üçün kralların qüdrətinin simvolu idi. Bastiliya paytaxtın kənarında istehkam kimi tikilsə də, tezliklə ondan əsasən siyasi məhbuslar üçün həbsxana kimi istifadə ediblər. 400 il ərzində Bastiliya məhbusları arasında bir çox məşhur şəxsiyyətlər olub.

1780-ci ilə qədər həbsxana praktiki olaraq istifadəsini dayandırsa da, inqilab ovqatına qapılmış fransızlar onun alınmasını inqilabın əsas işi hesab ediblər, düşünüblər ki, əsl azadlığa yol Bastiliyanın alınmasından keçir.

Ona qədər isə fransız inqilabı bir çix mərhələlərdən keçib, Kraliyyət tərəfdarları ilə inqilabçıların dartışması uzun çəkib.

Musée_Ingres-Bourdelle_-_Portrait_de_Louis_XVI_-_Joseph-Siffred_Duplessis_-_Joconde06070000102.jpg (89 KB)

Kral XVI Lüdovik taxt-tacını inqilabçılara verməmək üçün var gücü ilə müqavimət göstərib. O, hələ iyunun 26-da Parisdə və onun ətrafında 20.000 nəfərlik ordu cəmləşdrib və bu ordunun əksəriyyəti muzdlu alman və isveçrəli əsgərlərdən ibarət olub. Çoxları hesab edib ki, artıq inqilab bitdi, muzdlu əsgərlər öz soydaşları olmayan inqilabçıları əzib keçəcək.

Qoşunlar Sen-Deni, Sen-Klud, Sevr və Şamp-de-Marsda yerləşdirilib. Qoşunların gəlişi dərhal Parisdə havanı qızışdırıb. Pale-Royal bağında kortəbii şəkildə mitinqlər başlayıb, "xarici muzdluları" dəf etmək üçün çağırışlar edilib. İyulun 8-də Milli Assambleya krala müraciət edərək qoşunları Parisdən çıxarmağı xahiş edib. Kral cavab verib ki, o, qoşunları parlamenti mühafizə etmək üçün çağırıb, lakin Parisdə qoşunların olması deputatları narahat edərsə, o zaman parlamentin iclaslarının yerini Noyon və ya Suassona köçürməyə hazırdır.

Bu, kralın Milli Assambleyanı ləğv etməyə hazırlaşdığının göstərisi hesab edilib. Gərginlik davam edib.

411px-Camondo_Necker.jpg (34 KB)

İyulun 11-də XVI Lüdovik baş nazir Jak Nekeri istefaya göndərib, yerinə ən ekstremal tədbirlərin görülməsini təklif edən baron Breteyl təyin edilib. O, “əgər Parisi yandırmalı olsaq, yandıracağıq” deyib. Yeni kabinetdə hərbi nazir vəzifəsini marşal Broyl tutub.

Nekerin istefası dərhal reaksiya doğurub. Hökumət qoşunlarının hərəkətləri "kübar sui-qəsd" şübhələrini təsdiqləyib və bu istefa zənginlər arasında çaxnaşma yaradıb, çünki onlar Nekeri dövlətin iflasının qarşısını ala biləcək adam hesab edirdilər.

İyulun 12-də “xilaskar baş nazir”in istefaya göndərilməsindən hiddətlənən on mindən çox adam kral sarayının önünə toplaşıb. Qəzəbli çıxışlar edən çoxsaylı natiqlər kütləvi şəkildə alqışlanıb. Günorta saat 4 radələrində əlində tapança ilə camaata müraciət edən Kamil Demulen üzünü xalqa tutub: “Vətəndaşlar! Zaman gözləmir. Nekerin istefası vətənpərvərlər üçün müqəddəs Varfolomey gecəsi kimi bir şeydir! Bu gecə İsveçrə və alman qoşunları bizi qırmaq üçün Kamp de Marsdan çıxacaqlar! Bizim qurtuluş üçün bircə yolumuz var - özümüz silahlanmalıyıq!”

Camille_Desmoulins,_Musée_Carnavalet.jpg (51 KB)

Demulenin qızışdırıcı çıxışı izdiham tərəfindən səs-küylü bəyənmə ilə qarşılanıb.

İyulun 12-də alman alayının draqunları ilə fransız qvardiyasının əsgərləri arasında atışma baş verib.

Alman alayının əsgərləri xalqın dinc yürüşünü dağıtmağa çalışıb, amma daş yağışına məruz qalıb. İzdiham yoluna davam edərək XV Lüdovik meydanına (indiki Konkord meydanı) çatıb. Burada şahzadə Lambeskin draqunları camaata hücum edib, izdiham dağılıb, etirazçıların bir hissəsi sahilə qaçıb, digəri isə ən yaxın körpüdən keçərək Tuilriyə tərəf cumub. Lambesk qılıncını çəkərək, qaçanları bağçada şəxsən təqib edib, yürüşdə iştirak etməyən və təsadüfən bağçada addımlayan silahsız kütlənin üstünə şığıyıb.

Karl_Eugen,_Prinz_von_Lothringen-Lambesc.jpg (29 KB)

Ondan sonra kral qoşunları ilə hər yerdə döyüşlər başlayıb.

Fransız qvardiyasının alayı zabitlərə tabe olmaqdan boyun qaçıraraq, kazarmadan silahla çıxıb xalqa qoşulduğunu bəyan edib. Bütün postlar yandırılıb, məhbuslar azad edilib. Şəhərdə anarxiya başlayıb.

İyulun 13-də səhər saat 8 radələrində Paris seçiciləri bələdiyyə binasına toplaşıblar. Onlar hərəkata rəhbərlik etmək üçün yeni bələdiyyə orqanı - daimi komitə yaradıblar. İlk iclasdaca Parisdə “mülki milis” yaradılması haqqında qərar qəbul edilib. Bu, Paris inqilabi kommunasının və milli qvardiyanın yaradılması demək idi.

Vətəndaşlar elliklə daimi komitəyə yazılıblar, patrul dəstələri formalaşıb və onlara küçələri qorumaq tapşırılıb. İnqilabçılar hökumət qoşunlarının hücumuna qarşı barrikadalar qurmağa başlayıblar. Silah çatışmazlığını aradan qaldırmaq üçün şəhərdə silah axtarışına başlanılıb. Paytaxtı hər an gözlənilən qoşunların hücumundan qorumaq üçün şəhərətrafı qəsəbələrin girişlərində, Tüilri sarayının yaxınlığında, sahillərdə və körpülərdə toplar yerləşdirilib.

Sent-Denidə olan qoşunların Parisə doğru irəliləməsi və Bastiliya toplarının Sen-Antuana yönəldilməsi xəbəri qorxuya səbəb olub. Komitə dərhal Bastiliya komendantının yanına nümayəndə göndərərək topların ambrazurdan çıxarılmasını və düşmənçilik hərəkətləri edilməməsini tələb edib.

2642527.jpg (50 KB)

Daimi komitənin Bastiliyanı hücumla ələ keçirmək niyyəti olmayıb. Onun niyyəti qalada olan silahları qala bürclərindən götürmək və barıt əldə etmək olub.

Bastiliya qalasının önünə toplaşmış həyəcanlı izdihamdan iki nəfər körpünün üstünə çıxanda və camaat həyətə axışanda qalanın komendantı markiz de Lonenin əsəbləri dözməyib və atəş açmağı əmr edib. Əlinə keçən hər şeylə silahlanmış camaat cavab verməyə başlayıb. Hücum edənlər 98 nəfər itiriblər, müdafiəçilədən yalnız biri yaralanıb.
Təxminən saat üçdə inqilabçıların silahlı dəstələri hadisə yerinə gəliblər və qalaya peşəkar hücum başlayıb. İki saat davam edən artilleriya atəşindən sonra qüllələrdən birinin üzərində ağ bayraq görünüb. Bastiliya təslim olub.

Camaata atəş açmağı əmr edən markizin aqibəti faciəvi olub, çox ləngitmədən onun başını kəsib payaya keçirərək küçələrdə gəzdiriblər. Eyni aqibət onun üç zabitinin və üç əsgərinin, eləcə də camaata silah qutuları əvəzinə cır-cındır qutuları verən tacir Flesselin başına gəlib.

Bastiliyanın götürülməsindən sonra XVI Lüdovik vəziyyətdən çıxmaq üçün nə qədər çabalasa da, vədlər versə də, inqilabı durdurmaq mümkün olmayıb. O qarşısındakı bütün maneələri aşa-aşa, əzə-əzə sona qədər gedib.

bastappp.jpg (218 KB)

Müasirlərin və sonrakı nəsillərin şüurunda Bastiliyanın alınması mütləqiyyət rejiminin süqutunun simvolu olub. 1880-ci illərdən etibarən 14 iyul Fransada milli bayrama çevrilib.

Kralın da sonu yaxşı olmayıb. O, 1791-ci il konstitusiya qəbul edib, mütləq hökmranlıqdan əl çəkib və konstitusiya monarxı olub, lakin tezliklə inqilabçıların radikal tədbirlərinə tərəddüdlə qarşı çıxmağa başlayıb. 1792-ci il avqustun 10-da o, hakimiyyətdən uzaqlaşdırılıb və sonradan rəsmən taxtdan məhrum edilib, Konvent məhkəməsinə verilib və tezliklə gilyotinlə edam edilib.

Bu epizod bir çoz dairələrdə fransız inqilabının qara ləkəsi hesab olunur. Avropanın digər kraliyyət ailələri hələ də formal olaraq taxt-taca malikdirlərsə, fransızlar buna 233 il əvvəl son qoyublar. Sonradan kral xanədanlığı iki dəfə bərpa olunsa da, yenə də onları deviriblər.

Ancaq belə anlaşılır ki, idarəetmə üsullarına, acgözlük və tamahkarlıqlarına, eləcə də qəddarlıqlarına görə Burbonların taxt-tacda qalmaması ədalətli olub. Bir hökmdar ki, öz xalqının üsyanını yatırtmaq, camaatı qırmaq üçün xaricdən muzdlu əsgər gətirir, onun yadelli işğalçıdan nə fərqi var?

gulyottta.JPG (76 KB)

Böyük fransız inqilabının nəticələri inqilabçıların özləri üçün də faciəvi olub. Tezliklə onlar bir-birini məhv etməyə başlayıblar. Ölkədə hərc-mərclik, qeyri-sabitlik baş alıb gedib, inqilab rəhbərləri bir-birini gilyotinə göndəriblər. Nəticədə hakimiyyət gənc general Napoleon Bonopartın əlinə keçib. Silahlı qüvvə ilə parlamentin fəaliyyətinə son qoyan və diktatorluğa başlayan Napoleon sonradan imperatora, Avropanın qəniminə çevrilib, qanlı müharibələrin, milyonlarla gənc insanın ölümünün basikarı olub.

İndi fransızların Bastiliya qalasının alınmasını təntənə ilə qeyd etmələri o baxımdan əlamətdardır ki, həmin gün fransız xalqı ortaya iradə qoyub, kral mütləqiyyətinin məğlubiyyətinin geridönməz şəkil almasını təmin edib.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR