Onlayn ictimai-siyasi qəzet
“Ermənistanın və Azərbaycanın baş nazirləri arasında, onların gürcüstanlı həmkarının iştirakı ilə keçirilən görüş, ola bilsin ki, normallaşma prosesinin regional müstəvidə həyata keçirilməsi üçün başlanğıc nöqtəsidir. Baxmayaraq ki, Ermənistanda bu görüşə spektrik və ironik yanaşırlar və qeyd edirlər ki, bu görüşlərin sonu Nikol Paşinyanın Azərbaycanın Yevlax rayonunun icra başçısı ilə görüş keçirməsi ilə yekunlaşa bilər. Hər halda, bu, Ermənistan cəmiyyətində bölgədəki reallıqları aşırı şəkildə anlaya və ironiya ilə ifadə edə bilən təmsilçilərinin yanaşmasıdır”.
Bu fikirləri Musavat.com-a siyasi şərhçi Elçin Mirzəbəyli Azərbaycan və Ermənistan Baş nazirlərinin Tiflisdə keçirilən görüşünü şərh edərkən bildirib.
E.Mirzəbəyli hesab edir ki, görüş Ermənistan öz öhdəliklərini yerinə yetirəcəyi və xarici qüvvələri bölgəyə cəlb etmək niyyətindən əl çəkəcəyi təqdirdə danışıqların real məcraya qədəm qoymasına yol aça bilər: “Sülh danışıqlarının baş nazirlər səviyyəsində davam etməsinə gəldikdə isə, burada heç bir problem görmürəm. Nəzərə alsaq ki, dəyişikliklər bir qayda olaraq, Ermənistanın mövqeyində nəzərə çarpır, o zaman rəsmi İrəvanın sülh müqaviləsi ilə bağlı dəyişməz mövqeyi müəyyənləşənədək proses baş nazirlər səviyyəsində davam edə bilər. Sülh müqaviləsinin Tiflisdə imzalanması ilə bağlı təşəbbüs Azərbaycana məxsusdur. Bu, Gürcüstan üçün də mühüm önəm kəsb edir. Çünki bu, Gürcüstanın ərazi bütövlüyü ilə bağlı məsələlərin də gündəmə gətirilməsinə yol aça, dialoqun bərpa olunmasına imkan verə bilər”.
Nigar HƏSƏNLİ,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ