Onlayn ictimai-siyasi qəzet
Mayın 9-da ilk mitinqdə keşiş Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyan könüllü getməsə, müxalifət fraksiyalarının onu kənarlaşdırmaq üçün impiçmentə başlayacağını bəyan edəndə tələsdi. Növbəti mitinqdə o, müstəqil deputat İşxan Zakaryanla iki dəfə görüşdüyünü, prosesə qoşulacağına və təşəbbüs üçün çatışmayan bir səsi təmin edəcəyinə söz verdiyini bildirmişdi. Amma Zakaryandan səs çıxmadı.
Bu barədə Ermənistanın "Hraparak" qəzeti yazır.
"Məlumata görə, impiçment məsələsini qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəliblər, keşiş son günlər parlament qüvvələrinin nümayəndələri ilə söhbətlərində dolayı yolla buna eyham vurub. Onun sözlərinə görə, Paşinyanın impiçment edilməsi məsələsini indiki mərhələdə parlamentə gətirmək məqsədəuyğun deyil. Üstəgəl, proses uğursuz alınsa, qanuna görə, altı aydan tez bu təşəbbüslə çıxış etmək qadağandır. İndiki halda təşəbbüsün uğurlu olacağı çətindir, çünki müxalifətin kifayət qədər səsi yoxdur, nəticə əldə etmək üçün 54 deputatın səsi lazımdır", - nəşr bildirir.
Parlamentdə mütləq çoxluq hakim "Vətəndaş Müqaviləsi" Partiyasındadır. Təşəbbüs baş tutacağı, yəni parlamentdə səsverməyə çıxarılacağı halda hakim partiyanın bunun lehinə seçim edəcəyi inandırıcı görünmür.
"(Revanşistlər) bu qənaətə gəliblər ki, mübarizəni parlamentə keçirmək hələ tezdir, ona görə də impiçment və konstitusiya dəyişikliyi məsələləri bir müddət təxirə salınacaq. Konstitusiya dəyişiklikliyinə gəlincə, bu, ikili vətəndaşlığı olanların baş nazirliyə namizəd olmasını qadağan edən müddəanın çıxarılması ilə bağlıdır", - məqalədə deyilir.
Özünü baş nazirliyə namizəd elan edən Baqrat həm də Kanada vətənaşıdır. Mövcud qanunvericilik ona baş nazirliyə namizəd olmağı qadağan edir.
Revanşistlər küçələrdə kütləviliyi pik həddə çatdırıb Ermənistan hökumətini impiçment və konstitusiya dəyişikliyinə məcbur etməyə çalışsalar da, orada da işləri rəvan getmir. Cəmiyyət arxasında sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın dayandığı Baqratın dəstəsinə qoşulmaq istəmir.
Hərəkata Rusiyanın dəstək verdiyi iddiaları erməniləri hərəkatdan yan keçməyə vadar edən əsas amillərdən sayılır. "Hraparak" bildirir ki, Rusiyanın bir sıra aparıcı KİV-ləri, o cümlədən TASS, "Vedomosti", "İnterfaks", "RİA Novosti", "Nastoyaşe Vremya", Lenta.ru və sair media qurumları Baqratın rəhbərlik etdiyi hərəkat haqda müsbət yazırlar. Həmçinin Rusiyanın "Birinci Kanal"ı mayın 26-da İrəvanda keçirilən son mitinqə açıq dəstək vermişdi./teleqraf.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ