İnsanlara hürriyət, millətlərə istiqlal!

Baqramyanın karyerasına zərbə vuran general – Hitler onu Vermaxtın gözqamaşdıran güzgüsü adlandırıb

Sovet-alman müharibəsi dövründə almanların ən böyük hərbi uğurlarından biri Xarkov döyüşlərində olub. Cənub-qərb cəbhəsinin qərargah rəisi olan İvan Baqramyanın qeyri-peşəkarlığı sayəsində Xarkov əməliyyatı zamanı sovet ordusunun 180 minə qədər döyüşçüsü, 900-dən artıq texnikası məhv edilib, 250 min nəfər əsir götürülüb.

Almanlar tərəfindən isə bu uğurlu əməliyyata imza atanlardan biri Otto-Ernst Remer olub ki, o, bu əməliyyatda nümayiş etdirdiyi yüksək peşəkarlıqla Baqramyanın hərbi karyerasına ciddi zərbə vurub.

OTTO.png (315 KB)

Hitler Remerə bu əməliyyata görə general rütbəsini şəxsən təqdim edib, şərəfinə qədəh qaldırıb:

“Otto-Ernst Remer Vermaxtın ən parlaq güzgüsüdür. Bu güzgü o qədər parlaqdır ki, sovet generallarının gözlərini qamaşdırır...”

Öz növbəsində Stalin də öz generalını “makafatlandırıb”, cənub-qərb cəbhəsinin hərbi şurasına məktub ünvanlayıb:

“Uğursuz Xarkov əməliyyatı üç həftə ərzində 20 diviziyanı alman qoşunlarına təslim etdi. Bu məğlubiyyət Baqramyanın qeyri-peşəkarlığının nəticəsidir. Onun bu gündən sonra cənub-qərb cəbhəsinin qərargah rəisi vəzifəsində xidməti məqsədəuyğun sayılmır...”

Remer 1912-ci ildə Almaniyanın Noybrandenburq şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Berlində ali hərbi təhsil alıb. 1933-cü ildə leytenant rütbəsi alan Remer 1939-cu ilə qədər 89-cu piyada alayında xidmət edib. İkinci Dünya müharibəsi başlananda o, Polşada hərbi əməliyyatlarda iştirak edərək ilk uğurlarını qazanıb. Daha sonra şərq istiqamətinə göndərilən gənc zabit daha böyük uğurlara imza atıb.

OTTO SON.jpg (44 KB)

1944-cü ilin mayın 1-də Hitler Remeri öz mühafizə alayına komandir təyin edib. Bu təyinatda Remerin Hitlerə sonsuz sədaqəti xüsusi rol oynayıb. Remer şəxsi heyət qarşısında çıxışlarında füreri elə təbliğ və təqdim edib ki, bütövlükdə təbliğat naziri Göbbelsin böyük komandası bunu Remer kimi bacarmayıb. Yüksək nitq qabiliyyətinə malik olan Remer Vermaxtda Hitlerin bir nömrəli təbliğatçısı kimi də qəbul edilib.

1944-cü ilin iyul ayında Hitlerə qarşı sui-qəsdə cəhd ediləndə bu işin araşdırılması məhz Remerə həvalə edilib. O, qısa müddət ərzində füreri fiziki cəhətdən məhv etmək istəyənlərin həbsinə nail olub, əsas təşkilatçıları isə şəxsən özü güllələyib.

Müharibənin son günlərinə qədər Remer Almaniyanın qələbəsinə inanıb. Ən azı Almaniyaya sərf edəcək sülh müqaviləsinin imzalanacağını düşünüb. Hitlerin ömrünün son dəqiqələrinə qədər o, bunkeri tərk etməyib. Hətta Hitlerin intiharından sonra da Remer qaçmağa cəhd etməyib və o, 1945-ci ilin iyun ayında Britaniya qoşunları tərəfindən əsir götürülüb. General iki il Britaniyanın həbs düşərgələrində saxlandıqdan sonra azadlığa buraxılıb.

Müharibədən sonra qatı hitlerçi olan Remerin siyasi baxışları tam dəyişib. SSRİ-ni özünə bir nömrəli düşmən sayan general mətbuatda bu ölkə haqqında müsbət fikirlərlə çıxış edib. O qeyd edib ki, Almaniya SSRİ ilə münasibətlərə daha çox önəm verməlidir. Remer fikirlərini belə əsaslandırıb ki, SSRİ ilə müttəfiq olanların beynəlxalq müstəvidə mövqeyi daha güclü olacaq. O bildirib ki, SSRİ-nin zəngin resursları, işləməyi bacaran, zəhməti sevən milyonlarla insanı var. General o cümlədən vurğulayıb ki, ABŞ-a bel bağlamaq hiyləyə keçmək kimi bir şeydir, okeanın o tayında yerləşən ölkədənsə qonşuluqda olan SSRİ ilə dostluq Almaniya üçün daha məqbuldur. Remer bu fikirləri söyləyərkən AFR-i (Almaniya Federativ Respublikasını) nəzərdə tutub.

HAGEN.png (411 KB)

Sözsüz ki, generalın bu səpkidə çıxışları Almaniya rəsmilərinin ürəyincə olmayıb. Remeri buna görə ittiham da edə bilməyiblər. Amma gizli şəkildə ona qarşı təhdidlər başlanıb. Həbs təhlükəsindən qurtulmaq üçün 1953-cü ildə Remer Almaniyanı tərk edib. O, uzun illər Misirdə hərbi müşavir kimi çalışıb.

1983-cü ildə Remerin “Almaniya azadlıq hərəkatının manifesti” adlı kitabı işıq üzü görüb. Müəllif kitabda ABŞ-ın və İngiltərənin Avropa və bütövlükdə dünya üçün nə qədər böyük təhlükələr yaratdıqları məsələsinə toxunub. O qeyd edib ki, nə vaxtsa bu təhlükələrlə üz-üzə qalmamaq üçün Almaniyanın bir çıxış yolu var; SSRİ ilə bütün sahələrdə sıx əməkdaşlıq etmək.

HAGEN SON.jpg (91 KB)

Bu kitabdan sonra Remer “Alman azadlığı hərəkatı” ( “Die Deutsche Freiheitsbewegung”) adlı təşkilat təsis edib. Yazdığı kitab və yaratdığı təşkilat generalın həyatı üçün yeni təhlükələr yaradıb. Remer məcburiyyət qarşısında qalaraq İspaniyaya mühacirət edib. Almaniya onu tələb edəndə İspaniya bu tələbi rədd edərək Remeri öz ölkəsinə təhvil verməyib.

İspaniyada yaşadığı illər ərzində Remerin daha bir neçə kitabı nəşr olunub. Onun jurnalistlərə verdiyi müsahibələr maraqla qarşılanmaqla yanaşı, Almaniya rəsmilərinin qıcığına və qəzəbinə səbəb olub. Almaniya daha bir neçə dəfə Remeri İspaniyadan almağa cəhd edib. Tanınmış hüquq müdafiəçiləri, beynəlxalq təşkilatlar Almaniyanın bu cəhdinin qarşısını alıb. General ömrünün sonuna qədər İspaniyada yaşayıb, 1997-ci ildə, 85 yaşında bu ölkədə vəfat edib.

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR