Onlayn ictimai-siyasi qəzet
"Banqladeşlə Hindistan gərgin münasibətləri normallaşdırmaq istəyir, amma buna mane olan bir çox səbəblər var".
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Banqladeşin keçmiş baş nazirinin Hindistanda sığınacaq tapması iki ölkə arasındakı münasibətlərə mənfi təsir edib:
"Banqladeşdə bu ilin iyul ayında baş verən etirazlar baş nazir Şeyx Hasinanın avqust ayının əvvəlində istefa verməsi və ölkəni tərk etməsiylə nəticələnmişdi.
Etirazçılar baş nazirin iqamətgahına hücum etmişdilər. Etirazlar nəticəsində 300-yə yaxın insan həlak olmuşdu.
Banqladeşin keçmiş baş nazirinin Hindistanda sığınacaq tapması iki ölkə arasındakı münasibətlərə mənfi təsir etdi. Həmin hadisələr fonunda iki ölkə arasında ticarət əlaqələri dayandırıldı. Banqladeşlə Hindistan arasında gərginlik bununla bitmədi. Dehli Dəkkəni Banqladeşdə yaşayan hindlilərin təhlükəsizliyinə diqqət yetirməməkdə ittiham etdi. Hindli icma Banqladeş əhalisinin 8 faizini təşkil edir.
Bu arada, Hindistanın Banqladeşdəki səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Dəkkə bir qrup hindlinin dekabrın 2-də Banqaldeşin Hindistandakı konsulluq binasına hücumunu pisləyib. Konsulluq binasına hücum edənlər Banqladeşdə həbs edilən hindli rahibin azad edilməsini tələb ediblər. Konsulluq binasına hücum zaman banqladeşli diplomatlardan heç kim xəsarət almayıb. Hindistan polisi hücum edənlərə həbsə alaraq binanın təhlükəsizliyini artırıb. Buna baxmayaraq, Dəkkə Dehlinin daha ciddi tədbirlər görməsini tələb edib.
Banqladeşdəki iyul etirazlarına qədər iki ölkə arasında sıx münasibətlər mövcud idi. Təsadüfi deyil ki, Narendra Modi üçüncü dəfə Hindistanın baş naziri seçiləndən sonra ilk xarici səfərini may ayında qonşu Banqladeşə etmişdi. Modi Dəkkədə 2009-cu ildən bəri Banladeşin baş naziri seçilən Şeyx Hasina ilə görüşmüşdü. Bu görüşdən cəmi 3 ay sonra Şeyx Hasinanın özü də Hindistana köçməli oldu".
Politoloq bildirib ki, buna baxmayaraq, iki ölkə dialoqdan imtina etmirlər:
"Banqladeşin müvəqqəti hökumətinin baş müşavirinin mətbuat katibi Şəfiqul Alam, iki ölkə arasında gərginliyin artması fonunda tərəflərin qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməyə hazır olduqlarını bildirib. Dehli ilə Dəkkə arasındakı münasibətləri şərh edən Alam, hər iki dövlətin münasibətləri dərinləşdirməyə çalışdığını və yaxın aylarda daha yaxşı vəziyyətdə olacağını söyləyib. Yaxınlarda iki ölkənin xarici işlər nazirinin görüşü planlaşdırılıb".
Xalidə Gəray
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ