İnsanlara hürriyət, millətlərə istiqlal!

Balkan ölkələrinin Azərbaycandan qaz istəyi reallaşacaqmı - rəy

“Avropa Azərbaycandan əlavə qaz həcmlərini  2027-ci ildə ala biləcək, o da...”

Bir sıra Balkan ölkələri rəhbərliyinin nümayəndələri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək Azərbaycanla qışda qaz tədarükü məsələsini müzakirə etməyi xahiş ediblər.

Bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib. “Biz əvvəlcə Bosniya və Herseqovina, sonra Serbiya və Xorvatiyaya səfər etdik. Prezidentlər, baş nazirlər və nazirlər səviyyəsində bizə edilən müraciətlər bu cür idi: ”Siz Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcəksiniz. Xahiş edirik ki, Putinə və xoş münasibətlərinizin olduğu Azərbaycan Prezidenti İlham Əliyevə çatdırın ki, onlar qarşıda gələn qışda tədarük olunan yanacaq və qaz həcmlərini azaltmasın", - türkiyəli nazir deyib.

Bəs görəsən, Azərbaycan Balkan ölkələrinin bu istəyini nə dərəcədə reallaşdıra bilər?

Yeri gəlmişkən, bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirmişdi ki, bir il yarım ərzində Avropaya 13.5 milyard kubmetr qaz nəql edilib ki, onun 11.7 milyard kubmetri İtaliyanın payına düşür.

“Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var”, - dövlət başçısı bildirib.

interview.az - Neft-Qaz sahəsi üzrə ekspert İlham Şaban: "Azərbaycan  müddəti 2050-ci ilədək nəzərdə tutulan yeni neft müqavilələri imzalamağa  hazırlaşır"

İlham Şaban: “Rusiyanın Avropaya qaz ixracını dayandırması bu kimi istək və arzuları get-gedə çoxaldacaq”

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Azərbaycanla Avropa ölkələrindən üçü arasında infrastruktur mövcuddur: “Bolqarıstanla hələ ki, infrastruktur mövcud deyil. Deyirlər ki, oktyabrda onu istismara verəcəyik. Real olaraq iki ölkə - Yunanıstan, İtaliya ilə bu mövcuddur. Herseqovina ilk olaraq infrastruktur yaratmalıdır, ondan sonra bizdən qaz istəyə bilər. Serbiya, Adriatik dənizi boyunca yerləşən ölkələrin bizimlə infrastrukturu yoxdur axı. Biz qazımızı Türkiyə Avropa sərhədinə veririk, yəni Avropadakı alıcıya. Bizi maraqlandırmır ki, alıcı almayacaq. Sadəcə şərtimizi yazırıq: həcm və pulun ödənilməsi. Bu ölkələrdə belə bir fikir yaranıb ki, Azərbaycan bunların qapısına qədər hər şeyi etməlidir. Azərbaycan Avropaya nəzərdə tutulduğundan 20 faiz plandan əlavə qaz verir. İstər ötən il, istərsə də cari il üçün olsun. Cari ildə bizə 9.5 milyard kub metr qaz sifariş edilib. Bu il isə təqribən 11.9 milyard kubmetr qaz verə biləcəyik. Azərbaycan 2007-ci ildən qaz ixracatçısıdır. Bütün müştərilər qarşısında özünü intizamlı, stabil, nümunəvi bir satıcı kimi göstərə bilib. Bu günə kimi bizim heç bir alıcı ilə məhkəmə çəkişməmiz, heç narazılığa gətirəcək bir problemimiz olmayıb. Ona görə də Avropada Azərbaycandan əlavə qaz həcmləri almaq üçün növbələr yaranıb. Ancaq  həmin əlavə qaz həcmi boru kəmərimiz  iki dəfə genişləndirildikdən sonra, yəni 2027-ci ildə baş verəcək. O zaman üçün növbə yaranıb. Məsələn, sabah ona əlavə qaz həcmi verə bilməyəcəyik. Çünki onu daşımaq üçün infrastruktur yoxdur. Çünki infrastruktur özlərinindir. Yalnız Ukraynada müharibə başlayandan, təhlükə hiss edəndən sonra - iyul ayının 18-də hələ Azərbaycanla memorandum imzalayıblar ki, biz sizdən tam həcmdə, əlavə daha 10 milyard kubmetr qaz almaq istəyirik. Hansı ki, bunu 2018-ci ildə də imzalaya bilərdilər.  Çünki 2018-ci ildə ”Şahdəniz" layihəsi işə düşüb. O vaxt imzalasaydılar, beş ilə, 2023-cü ildə əlavə qaz ala bilərdilər. Bunun günahı bizdə deyil".

Ekspert “Rusiyanın Avropaya qaz ixracını dayandırması nələri dəyişəcək” sualına belə cavab verib: “Rusiyanın Avropaya qaz ixracını dayandırması bu kimi istək və arzuları get-gedə çoxaldacaq. Bunlar heç baxmayacaqlar ki, bunun boru kəməri varmı, bunun imkanı varmı. Xəritəyə baxıb görəcəklər ki, burada qaz hasil olunur, tələblərini irəli sürəcəklər. Ümumiyyətlə, qaz təkcə istilik deyil, düşünülmüş siyasət onu həm kapitala, həm də isti münasibətlərə çevirir. Qaz hasilatı Azərbaycanda 6-cı ildir ki, davamlı olaraq artır. Azərbaycan bu müddətdə əmtəəlik qaz hasilatını 90%-dən çox artırmağa nail olub.  Ötən il Azərbaycan tarixində ilk dəfə olaraq 30 milyard kubmetrlik hasilat həddi keçildi, cari ildə isə çox yaxşı şansı var bu göstəricini 35 milyard kubmetrə qədər artırsın.  Ümumiyyətlə isə, Azərbaycanın qarşıdakı 10 ildə əmtəəlik qaz hasilatı həcmlərini 45 milyard kubmetrədək artırmaq potensialı mövcuddur”.

Eldəniz Əmirov: "Vergi daxilolmalarının artması iqtisadi islahatlarla  bağlıdır"

 Eldəniz Əmirov

İqtisadçı ekspert Eldəniz Əmirov isə qeyd edib ki, Rusiyanın Avropaya qaz ixracını saxlamaqla ən böyük səhv edib: “Bununla da özünə daha çox zərbə vurmuş oldu. Əvvəla ona görə ki, qaz ən təhlükəsiz və ən davamlı valyuta mənbəyi idi. Hər yerdən əli üzülən Rusiya əsas valyutanı burdan alırdı. Amma iş orasındadır ki, indi Rusiya təkcə pul itirməyəcək, həm də qaz itirəcək. Çünki qaz yataqlarını su krantı kimi bağlamaq olmur. Qaz çıxan bəzi quyuların bağlanılması ümumiyyətlə mümkün deyil.  Bəzilərini isə bağlamaq çox təhlükəlidir, böyük faciələr baş verə bilər. Bəzi az təzyiqli quyuları isə  bir təhər bağlamaq olsa da, sonradan bu quyuları işə salmaq üçün küllü miqdarda vəsait tələb olunur. Buna görə də, Rusiya Avropaya ixrac etdiyi 200 milyard kub metr qazın böyük bir hissəsini indi havaya uçurdub yandırmaq məcburiyyətində qalacaq. Bu qazın hansı həcmdə olduğunu aydın göstərmək üçün deyim ki, Azərbaycanın bir ildə istifadə etdiyi qazın həcmi cəmi 12 milyard kub metrdir. İndi təsəvvür edin, Rusiya nə qədər qazı havaya yandırıb uçurmalı olacaq. Ən acınacaqlı hallardan biri də  odur ki, Rusiyanın 1/3 hissəsi qazsızdır.  Amma yenə qaz havaya uçurdulacaq. Ona görə ki, havaya yandırıb uçurduqları qazı Rusiyanın qazsız ərazilərinə vermək üçün heç infrastruktur da mövcud deyil. Görünən odur ki, Rusiyanın bir-birini əvəzləyən yanlış strateji qərarları onu daha da çıxılmaz vəziyyətə salır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR