İnsanlara hürriyət, millətlərə istiqlal!

Baldan şirin balina

Bayram-bayrama qarışsa da, 12 noyabr Konstitusiya günümüzü də təntənə ilə qeyd etməyə borcluyuq. Dünyada elə dövlətlər var orda heç konstitusiya yoxdur: Britaniya, İsveç, Kanada, Yeni Zelandiya, İsrail və sairə. Əsas qanun olmayanda ərazidə dərəbəylik yaşanır. Uşaqlar məktəbə gedə bilmir, pis yola düşür, “Sonanın uşaqlarına” qoşulur və bir də görürsən ekoaktivist-filan olub, Tiflisdə boynunda Ərəfatın şərfiylə mitinq keçirdir. Tam bir koqnitiv dissonans.

Biz qanunların aliliyi şəraitində yaşadığımız üçün ana qanunu, ana yasamızı çox sevirik. Məktəblərdə hər il 12 noyabrda konstitusiya dərsləri olur. Küçədə sorğu keçirmişdilər, vətəndaşların eləsi vardı öz babasının adını yada sala bilmədi, lakin Konstitusiyamızın 142-ci maddəsi nədən ibarətdir, əzbər söylədilər.

Adam tanıyıram, gecə yuxudan oyat, Konstitusiyanın harasından istəsən sual ver, deyəcək. Bizdə 2 kateqoriyadan insan var ki, onlar 2 kitaba mütləq əməl edirlər. Birincisi müsəlmanlarımızdır, başda şeyx olmaqla, Quranda yazılan əməllərə sadiqdirlər. Nə qədər kafir şeyximizin moizələrinə qulaq asıb imana gəlibdir. (Ona görə hörmətli şeyx az moizə oxuyur – hər 30 ildən bir). İkinci qisim isə dövlət qulluqçularımız, xüsusilə hüquq-mühafizə orqanı əməkdaşlarıdır, onlar da Konstitusiya əsasında çalışırlar, heç vaxt qanunlardan kənara çıxmırlar. Hesab elə qanun yoldakı ictimai nəqliyyat zolağı, bunlar da avtobusdur.

Qanun Sevr etalonudur, bunlar tərəzi. Qanun səhradır, bunlar su. Qanun Günəşdir, bunlar Kürdəmir və sairə - epitetlərin hamısını bir yazıda işlədə bilmərəm. Hələ qabaqdan 17 noyabr dirçəliş günümüz gəlir. Maşallah, noyabrda bayram qurtarmır ki. Hətta Milli Məclisdə deputatlar təklif veriblər, bəlkə gələn il noyabr ayının adını dəyişib toyabr qoyduq. Onsuz may ayında toy edə bilmirik.

Mən bulvarda sahilə atılmış balinadan da mütləq bəhs etməliyəm, nə olsun əziz bayram günüdür? Bu hadisə qanımızı çox qaraltdı. Ayın-ilin başında bir kərə Bakı buxtasında balina aşkar edilmişdi, onu da qoruya bilmədik.

Doğrudur, bəzi müşahidəçilərin, politoloqların fikrincə həmin balina maket imiş, oyuncaq imiş, lakin biz bunu qətiyyətlə rədd edirik. Ölkəmizdə saxtakarlıq mümkün deyil. Nə varsa hamısı əslidir, orijinaldır, doğruçudur. AXC-Müsavat dövründə yaşamırıq ki, rəhmətlik polis naziri İsgəndər bəy kabinetinə dərisinə saman təpilmiş bozqurd maketi qoydursun?

Azneft meydanı tərəfdəki əjdaha da heykəl deyil, canlıdır, and içərəm. Onu mən bulvarda çayxanada görmüşəm. Tam paket samovar çayı sifariş vermişdi.

Sözgəlişi, xalqımızın balinaya məhəbbəti dərin köklərə malikdir. “Balina baldan şirindir”, “Övladda nəvə, dənizdə balina”, “Atın qabağına ot qoyarlar, kaşalotun qabağına ət” və sairə kimi ata sözlərimiz, el məsəllərimiz vardır. Sadəcə, yaxşı olardı balinanın cəmdəyi bulvarda çox qalsın, məktəblilər ekskursiya eləsin. Yoxsa indi balina var, lakin məktəblər və yollar bağlıdır, görə bilmirik. Ya da yaxşı olar balinanı lafetə qoyub Biləcəri, Əhmədli, Yasamal, Mingəçevir, Lerik və sairə zonalarımızda gəzdirsinlər, xalq balina ilə yaxından tanış olsun. Bunu ona görə yazıram ki, maarifləndirməyə ehtiyac var. İnternetdə bəzi şərhlər gördüm, savadsızlıqla “balina bizi udacaq” yazılmışdı. Balinalar adam yemir. Azərbaycanlıları heç yemirlər. Çünki biz onlardan ötrü tədbir keçiririk.

Sonda dəyərli İsmixan Yusubdan ötən yazıma gəlmiş bir şərh. Mən “hava” sözünün dilimizdə omonim olmasını, həm musiqini, həm atmosferdəki vəziyyəti ifadə elədiyini yazmışdım. İsmixan bəy isə daha bir mənanı, anlamı əlavə edib: havayı. Doğrudan, “hava” sözü bizdə “müftə, pulsuz” kimi də ifadə edilir. Cümlə şəklində belə yazmaq olar: “Müftə havadır, oynayın”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Noyabr 2024

13 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR