İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakiyevin intiharı - ordu bada verən generalların dövründən qalma “ənənə”

13-15 il öncə müdafiə naziri postu tutan Səfər Əbiyevin və ordunun baş qərargah rəisi Nəcməddin Sadıkovun yarıtmaz fəaliyyətiləri barədə tez-tez və çox yazardıq.

Heç nəyi özümüzdən uydurmurduq. Hərbi hissələrdə öldürülən, intihar etməyə vadar olan, işgəncə görən, döyülən-söyülən, soyulan əsgərlərin valideynlərinin ərşə yüksələn naləsi bizə də çatırdı, yazırdıq.
Bunun əvəzində Azərbaycan ordusunu mafiya qaydaları ilə idarə edən Əbiyev-Sadıkov tandemi jurnalistləri məhkəməyə verir, cərimə kəsdirir, “hərbi sirri” – yəni hərbi hissələrdəki neqativ halları mediaya sızdırmış zabitləri təqib edirdi.

Generallar elə bilirdilər ki, vicdanlı zabitlər danışmasa, mətbuat yazmasa, onların cinayətlərinin üstü sona qədər örtülü qalacaq.

Orduda olan dərəbəylik, özbaşınalıq, cinayətkarlıq heç bir sahədə yox idi. Bu haqsızlıqlar tez-tez ictimai ajiotaj doğurur, qalmaqala səbəb olurdu. Hətta bir dəfə ordudakı vəziyyətlə bağlı kütləvi aksiya da keçirilmişdi.

Müdafiə xərclərinə ayrılmış vəsaiti dədə malı kimi talayanlar belə hallarda sudan quru çıxmaq yolunu tapırdılar, “ordunu gözdən salırlar”, “düşmən dəyirmanına su tökürlər”, “generallarımıza qarşı qaralama kampaniyası başladılıb” kimi 40 ilin demaqogiyasından istifadə edirdilər.

Ancaq elə deyildi, hərbi hissələrdə ciddi problemlər vardı, düşmənlə təmas xəttindən uzaqda yerləşən qarnizonlarda ölən, öldürülən, intihar edən əsgərlərin sayı ön xətdəki “snayper müharibəsi”ndə düşmən gülləsinə tuş olanların sayından qat-qat çox idi.

Nəhayət, uzun sürən tənqidlər və ordudakı real vəziyyətin üzə çıxması öz nəticəsini verdi, Əbiyev vəzifəsindən götürüldü, amma “cümlə xəyanətlərə bais” Nəcməddin Sadıkov öz postunda qalmaqda davam etdi.

Onun da sonu 5 il öncə, 44 günlük müharibənin ilk saatlarında çatdı. Dövlət rəhbərliyi bu adamla kəşfiyyata getmədi, onu vəzifəsindən götürərək, ordudan kənarlaşdıraraq, hərbi əməliyyatlar apardı və qalib gəldi.

Bu gün ölkədə hamı bir nəfər kimi əmindir ki, əgər Nəcməddin Sadıkov 27 sentyabr-9 noyabr aralığında ordumuzun baş qərargahının rəisi vəzifəsində qalsaydı, biz o müharibədə qalib gələ bilməyəcəkdik və 2016-cı ildə baş vermiş Aprel döyüşlərində olduğu kimi çox itki verəcəkdik.

Sonradan “Tərtər hadisələri” üzrə aparılan məhkəmə prosesində günahsız hərbçilərimizin işgəncəyə məruz qalması cinayətlərində adı ən çox hallandırılan şəxslərdən biri də N.Sadıkov idi. O və onun rəhbərlik etdiyi çete hələ də layiq olduqları cəzanı almayıblar, amma çənbər yavaş-yavaş daralır.

Üstündən illər keçəndən sonra adam əmin olur ki, bu şəxslərin Azərbaycan ordusunu o günə qoymaları, milli kadrları ləkələmələri və sıradan çıxarmaları heç də onların səhlənkarlığının, səriştəsizliyinin, tahamkarlıqlarından doğan yaramazlıqlarının nəticəsi olmayıb. Onlar xalqımıza və ordumuza qəsd ediblər.

Məhz onların bu destruktiv fəaliyyətlərinin nəticəsi idi ki, qondarma “de-qe-er”in hazırda Bakıda həbsdə olan “rəhbərləri” döşlərinə döyərək, “Cənubi Qafqazın ən qüdrətli ordusu “artsax” ordusudur” deyirdilər.
Görünür, onlar Azərbaycan ordusundakı agentlərindən dəqiq informasiyalar alır, belə hərbi hissələrin onlarla döyüşmək qabiliyyətində olmadığını bilirmişlər.

Sonra vəziyyət radikal şəkildə dəyişdi, ordumuz toparlandı, gücləndi, yeni standartlarla təkmilləşdi və nəyə qadir olduğunu 44 günün içində sübut etdi.

Ancaq belə aydın olur ki, Əbiyev-Sadıkov dövründən silahlı qüvvələrin hərbi hissələrində qalan köhnə ənənələr – xüsusilə də zabit heyətinin əsgərlərə əziyyət verməsi halları epizodik olsa da qalıbmış.

Bu günlərdə sərhəd qoşunlarının əsgəri Kənan Bakiyevin intiharının baiskarı olan Tofiq Məmmədov adlı zabitə 6.6 ay həbs cəzası kəsilib. Adam bir neçə il yatıb çıxacaq, amma 19 yaşlı Kənanın ölümü valideynlərinə ömürlük dağ olacaq.

Bir zabit özünü nə qədər cəzasızlıq mühitində hiss etməlidir ki, əsgəri intihara vadar edəcək qədər qəddar, amansız, vəhşi olsun? Həmin hərbi hissədə necə bir türmə qaydaları hökm sürübsə, incidilən əsgər yuxarılara şikayət etməyin faydasız olduğunu anlayıb, bilib ki, şikayət etsə, onu daha ağır cəzalar, alçaldıcı davranışlar gözləyir.

Belə vəhşilərin (eləcə də ənənəvi “dedovşina” vəhşiliyinin) hərbi hissələrdə təzahürü yolverilməzdir. Öz xalqının övladına qarşı qəddarlıq edənlər nə MAXE, nə də zabit mundiri geyməməlidirlər. Heş kəs qanunların, hərbi nizamnamənin fövqündə ola, “Ağanəzərəm, belə gəzərəm, bir söz deyənin başını əzərəm” deyə fironluq edə bilməz.

Hərbi prokurorluqlar belələrinin işinə ağır cinayət baş verdikdən sonra yox, ilk siqnal, şikayət aldıqlarında baxmalı, ciddi tədbir görməlidirlər.

“Əbiyevşina”nın geri dönməsinə, “Sadıkovşina”nın bərqərar olmasına yol vermək olmaz.

P.S. S.Əbiyev vəzifəsindən götürüləndən bəri ölkədən kənarda, Çexiyada yaşayır. Adam vəzifədə olanda törətdiyi əməllərin mahiyyətini bilir, cəzalanmaqdan qorxur deyə xaricdədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR