Onlayn ictimai-siyasi qəzet
Bu yazı qəzetdə avqustun 13-də dərc olunacaqdır, hörmətli oxuculardan xahiş edirəm müəyyən dərəcədə ehtiyatlı olsunlar, çünki 8-ci ayın 13-ü istər-istəməz nəhs gündür. Hesablamaq çox asandır: 8+13=21x2025=42525=4+2+5+2+5=6+12=6+6+6! Yəni hardan baxsan 13 avqust 666 şeytan rəqəmini ifadə edir.
Niyə bunu elmi şəkildə araşdırdım, çünki Google qabağıma məlumat atmışdı, orda gördüm uca millətimizin avqustun son günlərində ən çox oxuduğu yazılardan biri təxminən belə idi: “Ayın ən uğurlu günləri bunlardır”. Təxminən 12 min adam oxumuşdu. Təsəvvür elə, ölkədə 12 min nəfər kalendarda uğurlu günlərin sorağındadır. Görün ətrafımızda necə insanlar dolaşır. Uşağı çörək almağa da tək buraxmaq olmaz.
Maraqlıdır ki, məlumatı hazırlayan yoldaş o boyda sazişin bağlandığı günü öz kalendarında qeyd etməmişdi. Düşünürəm yaxın gələcəkdə belələrinə öz yerini göstərməliyik.
Ümumiyyətlə, elmi-lədun, cadu bağlamaq, fala baxma, pir ziyarəti kimi ciddi işlərdə davamiyyətsizlik müşahidə olunur. Məsələn, vaxtilə Həmid müəllim pirlərdən maraqlı verilişlər hazırlayırdı, camaat ziyarət yerlərini tanıyırdı, xəstələr sağalır, arvadlar uşağa qalırdı. İndi nəsə fasilə verilibdir. Əsl vaxtıdır. Pirdə olan pul heç yerdə yoxdur, əmin edirəm. Şeyx Nəsrullah irsini yaşatmaq da borcumuzdur. Məsələn, mən Müşfiq Ötkün adlı bir yoldaşın çıxışlarına tez-tez rast gəlirəm, onda əsl Nəsrullah potensialı görürəm. Savadlı insandır. İnşallah, tezliklə Kərbəlayı Fətullahın mübarək naməsi də bizə yetişər, Müşfiq ağa ölüləri diriltməyə başlayar. Şair demişkən: “Məlikra on nəsihət sudmənd aməd və əz səri-xuni-u dər güzəşt”.
Mövzu şeirə uzandığı üçün dəyərli oxucularımızdan Elçin Əliyevin Bakı haqqında yazıb bəndənizə göndərdiyi nəzm parçasını burada dərc etməliyəm:
“Raxit Bakı, başın böyük, bədənin dar.
Rayonlardan gələnlərin nə qədər var.
Tüstü dolu, zibil dolu küçələrin zibilini,
400 manat maaş alan vətəndaşın necə yığar?
Gözəl Bakı, gündən-günə tikilirsən, ucalırsan, Binaların ucaldıqca özün yaman qocalırsan.
Bir balaca göy üzündən suyu açsan, dayanmadan, Bircə günə o quruyan Xəzərin də səni boğar.
Gözəlliyindən bir az da,
Üzü qəmdən qırışlanan gənclərə ver. Xöşbəxtliyindən bir az da
Sülh istəyən dinclərə ver.
Bilmirəm ki xöşbəxtmisən, gözü yaşlı bədbəxtmisən, Heç olmasa pulsuzluqdan
Marşrutda yolsuzluqdan
Zülm çəkən insanları düşün bir az,
Xəzərin də çəkilərək, böyüyübdü başın bir az. Xoşbəxtliyindən bir az da kəsib vermə daşa-quma. Yağışınla qəlbləri yu, selə dönüb körpü yuma. Tikintini burax getsin, tikildikcə dağılırsan.
Beton kubik altında sən gör nə qədər boğulursan. Xoşbəxtlik ver insanlara,
Axı buna gücün çatar.
Nə qədər ki, gec deyil, bu
içindəki istedadı üzə çıxar, üzə çıxar.
Gözəl Bakı, gözəl Bakı".
Bilmirəm sayın oxucular nə qədər hiss etdilər, amma mən şairimizin ürək yanğısını, paytaxtımızın 2040-3040-cı illəri əhatə edən inkişaf və baş planı haqda hisslərini açıq duydum, ürəyim sızıldadı.
Ümumiyyətlə, Bakımızın (burada şit jurnalistlər kimi söz oyunundan özümü saxlamağa ehtiyac duymuram: “Bakımız - neft bakımız”) poeziya sarıdan bəxti həm gətirir, həm gətirmir. Elə şair var ona nəğmə qoşubdur, “Bakı, sabahın xeyir” deyibdir, elə şair də olub qəmlə qələmə almışdır: “Bakının dərdi var, Bakı xəstədir”.
Sonda onu da bildirməliyəm ki, bu yazımı 13 dəfə oxuyanlar yaxşı pul qazanacaq.
15 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ