Onlayn ictimai-siyasi qəzet
Uzun illərdir dünya informasiya məkanında yönəldici rol Qərb mediasına məxsusdur. Bəlli və hamımızın tanıdığı agentlik və telekanallar var. Dünyanın ən müxtəlif nöqtələrində baş verən hadisələrlə dünya əhalisi onların dilindən, onların müəyyən etdiyi yöndən tanış olur.
Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə səfirliyi media müşavirliyinin təşəbbüsü, “SERANİT” şirkətinin təşkilatçılığı ilə həyata keçirilən “Seranit ilə İlham Verən Bir Kəşf” proqramı çərçivəsində Azərbaycanın media nümayəndələri ilə görüşdə TRT World-un direkotru Mevlüt Selman Tecim deyib.
Onun sözlərinə görə, Türkiyə bu birtərəfli təqdimatın zərərli nəticələrini 2015-ci il iyul hadisələrində öz üzərində açıq hiss edib. Həmin hadisələrdən sonra Türkiyə hökuməti dünyaya fərqli baxış bucağından məlumat çatdırmaq üçün TRT World-un yaradılmasına qərar verib: “Buna görə də biz qarşımıza Türkiyənin mövqeyini, Türkiyənin gerçək mahiyyətini dünyaya çatdırmaq, üzərimizə axan dezinformasiya selinə qarşı mübarizə aparmaq, dünyaya Qərb mediasının yönəltdiyindən daha fərqli xəbərləri çatdırmaq kimi hədəflər qoymuşuq. Bunu necə edirik? Bunun üçün vahid mərkəzdən idarə olunan ekosistem yaratmışıq: Dünyanın 200 ölkəsinə yayınlanan 2 telekanalımız, 9 digital kanalımız var. Digital kanallarımız – hər birinin ayrıca vebsəhifəsi olan, bütün sosial platformalarda yayın aparan kanallardır. Bu kanallar hər platformada o platformanın auditoriyasına uyğun formada yayım həyata keçirir. Məsələn, TikTok auditoriyası ilə İnstagram, X, Facebook auditoriyaları arasında kəskin fərqlər var, onların tələbləri də bir-birindən fərqlənir. Bizim digital kanallarımız hər platformanın tələblərinə uyğun fərqli təqdimat formalarından istifadə edirlər. Hər paltforma üçün ayrıca komandamız var. Onlar hər platformanın tələblərini yaxından öyrənməklə ona uyğun xəbəryayma forması seçirlər.
Bundan əlavə, xarici dillərdə xəbər yayan bölmələrimiz var. Bu dillər arasında Azərbaycan və uyğur türkçələri də var. Hər bir dil bölməsinin öz vebsəhifəsi yaradılıb. 18 xarici ölkədə təmsilçiliklərimiz fəaliyyət göstərir. Onlardan biri də Azərbaycandadır. Londonda broadcasting mərkəzimiz var. Həmin mərkəzdən gündə 5 saat ardıcıl xəbər yayını həyata keçiririk. Pandemiyadan əvvəl Londondan sonra ABŞ-dan yayına başlayırdıq. Lakin pandemiyanın yaratdığı çətinliklərə görə ABŞ-dan yayın dayandırıldı.
Telekanalımız, digital platformalarımız, sosial şəbəkə hesablarımız var. Əvvəllər “Türkiyənin səsi” adlı radiomuz vardı. İngilis, rus, alman və sair dillərdə yayınlanırdı. 2015-ci ildən TRT World fəaliyyətə başladıqdan sonra diqqət bura yönəldi”.
M.S.Tecim bildirir ki, indiki dövrdə dünyanın hər yerində nümayəndəlik saxlamaq maliyyə baxımından səmərəli deyil: “Buna görə də freelanserlərlə işləməyə üstünlük veririk. Dünyanın çoxsaylı ölkələrində xəbərgətirənlərimiz var. Onlarla əməkdaşlıqdan ciddi şəkildə faydalanırıq. Məsələn, Yunanıstanda bizimlə əməkdaşlıq edən müxbir bir dəfə dedi ki, immiqrant qayığı batarkən yunan sahil mühafizəsi onları xilas edib. Məlum, Yunanıstan miqrantlara qarşı sərt davranışı ilə tanınır, ölkə sularında hər il minlərlə miqrant batır. İndi bir dəfə batanları xilas etmişdilər, dedilər, onu xəbər kimi yayaq. Biz də dedik ki, hadisə baş verib, yaymalıyıq. Bizim dərdimiz Yunanıstan deyil, miqrantlara qarşı amansız davranışdır və bununla bağlı məlumatları daim yayırıq.
Dünya boyunca 500-dən çox əməkdaşlıqlardan ibarət şəbəkəmiz var. Onlar bizimlə sərbəst şərtlərlə çalışırlar. Bu, maddi baxımdan daha səmərəli yoldur – o qədər ölkədə heyət saxlamaq böyük maliyyə tələb edir. Bu şəxslərin bir çoxunu tələbələr, gənc jurnalistlər arasından seçərək bura gətirib təlim keçmişik. Bu da bizim həm də bir jurnalist yetişdirən mərkəz olmağımız deməkdir”.
Direktorun sözlərinə görə, TRT World 12 peyklə yayınlanır, 190 ölkədə 1,6 milyard insana səsini çatdırmaq imkanı var: “Bizim üçün əsas məsələ səsimizin eşidilməyidir. Dünyayı 7 bölgə olaraq qruplaşdırmışıq: Avropa, Asiya, Afrika, Yaxın Şərq, Balkanlar, Amerika və Türkiyə bölgə masalarımız var. Planlaşmalarımız bu bölgü əsasında həyata keçirilir”.
Mümkün qədər xarici agentliklərdən xəbər asılılığından çıxmağa çalışırıq. Buna bir çox hallarda nail oluruq da. Məsələn, Banqladeşdə tələbə etirazları ilə dövlət başçısı Hindistana qaçan zaman orada heç bir medianın nümayəndəsi yox idi. Yalnız bizim bir sərbəst müxbirimiz vardı. Hindistan mediası tələbələrin Banqladeşdə buddist məbədlərini dağıtdığına dair yalan məlumat yaydı, Reuters də daxil olmaqla, Qərb mediası onu tirajladı. Bizim müxbirimiz dərhal tələbələrin içinə getdi, onlarla canlı yayın etdi və məlum oldu ki, tələbələr əksinə, buddist məbədlərini müafizə edir, dağıdılmaqdan qoruyurlar. Bu reportaj bütün dünyaya yayıldı, hamı real vəziyyəti bildi. Yəni beynəlxalq agentliklərlə əməkdaşlıq etmək, amma onlardan asılı olmamaq lazımdır. Bunun üçün mütləq dünyanın hər yerində xəbər qaynağın olmalıdır. Bu gün xəbər məkanını hava nəqliyyatına bənzətmək olar: dünyanın əksər böyük hava şirkətləri iki marka təyyarədən istifadə edir – Boeing və Airbus. Bu halda hava şirkətlərinin fərqi təyyarədə göstərilən xidmətin keyfiyyətindən, çeşidindən, formasından asılı olur. Kim müştəri məmnuniyyətini daha yüksək səviyyədə təmin edə bilirsə, o irəli çıxır. Xəbər məkanında da eynidir: hamının telekanalı, sosial şəbəkə hesabı və sair var. Bu məkanda irəli çıxmaq üçün xəbərin necə, hansı dildə, üslubda çatdırılması, nə qədər dəqiq, hərtərəfli, detallı olması, nəhayət, vaxtı kimi amillər yayımçıları bir-birindən fərqləndirir”.
TRT World doqmalaşmış obrazların fərqli yönlərini açmağa çalışır: “Məsələn, bu gün dünyada hamının arzularının Amerikası obrazı var: yüksək maaşlı iş yerləri, varlı insanlar, bolluq, firavanlıq. Biz bu obrazın arxasındakı reallıqları da çatdırırıq: kredit yükündən iflas olan biznes, ailələr, evsizlər, tibbi qayğıdan kənarda qalan işsizlər və sair. Yəni Amerikanı arzulayan bir şəxsin bunları da bilməsi vacibdir və biz bunu onlara çatdırırıq.
Biz həmçinin dünyanın müxtəlif ölkələrində məşhur olan şəxslərin hazırladıqları verilişlərini yayınlayırıq. Bu da həmin ölkələrdə, eləcə də dünyada maraqla qarşılanır”.
Real, bir çox hallarda hadisələrin baş verdiyi ölkələrin hakimiyyətlərinin mövqeyindən fərqli xəbərləri yayarkən təzyiqlərdən də qaçmaq olmur. TRT World belə təzyiqlə may ayında Hindistanda üzləşib: “Hindistan hakimiyyəti 3 gün bizim telekanalın ölkə ərazisində yayınını dayandırdı. Biz bununla razılaşmadıq, hökumətə müraciət edib səbəb göstərilməsini tələb etdik. Bildirdik ki, hökumətin, Müdafiə Nazirliyinin bütün rəsmi xəbərlərini veririksə, nə əsasla yayın dayandırılır? Bizim etirazımızdan sonra yayın bərpa olundu”.
Qeyd edək ki, TRT World ofisində olarkən baş direktor müavini Ahmet Görmez ilə də görüşdük. İbrahim bəy mütəmadi olaraq Azərbaycanda olduğunu vurğuladı. Onun sözlərinə görə, iki qardaş ölkənin media cameəsinin qarşılıqlı əməkdaşlığının dərinləşməsi hər iki tərəf üçün zəruri və faydalıdır.
Dünya SAKİT,
Musavat.com
13 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ