İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya qarşı yeni “sualtı daşlar” - ABŞ revanşistlərin başını sığallayır

Azərbaycandakı Rusiya səfiri Şuşaya gedir, Amerika Konqresi isə erməni radikalları və separatçılarının “çörəyinə yağ sürtür...”

Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikovun Şuşa səfəri barədə xəbər verilib. Xəbərdə bildirilir ki, diplomat Rusiyadakı səfirimiz Polad Bülbüloğlu ilə birlikdə şəhərlə tanış olub.

Qeyd edək ki, 44 günlük müharibədən sonra bu, ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biri sayılan Rusiyanın Azərbaycandakı səfirinin Şuşaya ilk ziyarəti olması ilə məxsusi diqqət çəkir. Məsələ ondadır ki, buna qədər Boçarnikov Kəlbəcərdə olmuş, bununla da Ermənistanda əsl isterika yaratmışdı. Hətta Rusiya müttəfiqliyə xəyanətdə (?!) ittiham edilmişdi.

Hələ ki digər iki həmsədr ölkənin - ABŞ və Fransanın Azərbaycandakı səfirləri azad edilən mədəniyyət paytaxtımıza baş çəkməyiblər. Bu da erməni tərəfinin əlinə spekulyasiya üçün bəhanə verirdi. Guya həmsədr dövlətlərin diplomatları ona görə Şuşaya getmirlər ki, onu hələ də erməni şəhəri və ya mübahisəli ərazi sayırlar.

*****

 

Şübhə yox ki, rəsmi İrəvan, Ermənistan XİN həm də bu vəziyyətdən ruhlanaraq, Şuşaya hətta digər ölkələrin rəsmi şəxslərinin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, həmçinin BMT-nin Bakı nümayəndəsinin səfərlərinə heyrətamiz sırtıqlıqla etiraz bəyanatları verib. Verməyə də davam edir.

Elə bugünlərdə Ermənistan  parlamentinin sədri Alen Simonyan bu ilin mayında Estoniya parlamentinin spikerinin Şuşaya səfər eləməsi ilə bağlı Estoniyanın İrəvandakı səfirinə etiraz bildirib.

İndi görək, Rusiyaya, onun İrəvandakı səfirinə də rəsmi səviyyədə etiraz bildirməyə cürətləri çatacaqmı? Və nəyə etiraz edəcəklər, əgər Boçarnikovun ziyarəti İlham Əliyevlə Putinin 20 fevral 2022-ci il tarixdə imzaladıqları Moskva bəyannaməsinin ruhuna, hərfinə tamamilə uyğundursa, Rusiya ərazi bütövlüyümüzü tanıyırsa...

*****

Rusiya səfiri Şuşaya SƏFƏR ETDİ

Maraqlıdır ki, Rusiya səfiri Şuşaya getməklə Azərbaycana mühüm jest elədiyi gün ABŞ Konqresində erməni fitnəsi ilə Azərbaycan və Türkiyə əleyhinə daha bir addım atılıb. Belə ki, Nümayəndələr Palatası 2023-cü Maliyyə İli üçün Milli Müdafiə Aktına erməni maraqlarına xidmət edən dəyişiklikləri (NDAA - HR 7900) qəbul edib.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) məlumat yayıb.

Düzəlişlərə aşağıdakılar daxildir: 1. Azərbaycanın hərbi cinayətlərinin araşdırılmasını tələb etmək; 2. Azərbaycan tərəfindən erməni “hərbi əsirlər”in dərhal azad edilməsinə çağırış; 3. ABŞ-ın Azərbaycana hərbi yardımının Ermənistan və Azərbaycan arasında sülhə təsiri ilə bağlı hesabat hazırlamağa çağırış; 4. ABŞ-ın “F-16" döyüş təyyarələrinin Türkiyəyə satışına məhdudiyyət.

Bundan əlavə, düzəlişlərə əsasən, Müdafiə Nazirliyindən (Pentaqondan) dövlət katibi ilə məsləhətləşmədən sonra “Azərbaycanın 2020-ci ildə Dağlıq Qarabağdakı fəaliyyəti ilə bağlı” Konqresə hesabat təqdim etmək tələb olunur. Düzəlişlər konqresmenlər Toni Kardenas və Bred Şerman tərəfindən təqdim edilib və Amerika Erməni Assambleyası tərəfindən dəstəklənib.

Hesabatda həmçinin sırf erməni mövqeyini əks etdirən ənənəvi həyasız ittihamlar və yalan ifadələr yer alır: “Azərbaycanın Ermənistan və ”Artsax"a qarşı istifadə etdiyi Türkiyə pilotsuz təyyarələrinin istehsalı üçün ABŞ istehsalı olan hissələrin istifadəsi təqdim edilməlidir; Azərbaycanın “Artsax”a qarşı fosforlu bombalardan, kaset bombalarından və digər qadağan olunmuş hərbi sursatlardan istifadə etməsi; 2020-ci ildə “Artsax” müharibəsi zamanı Türkiyə və Azərbaycan tərəfindən xarici terrorçu muzdluların cəlb edilməsi".

Halbuki Azərbaycan 44 günlük müharibədə yalnız öz ərazisini təmizləməklə məşğul olub və Ermənistan ərazisinə girməyib. Fosforlu, kaset bombalarından da məhz Ermənistan dinc əhalimizə qarşı istifadə edib. O ki qaldı “muzdlu terrorçular”la bağlı absurd ittihama, bu barədə bircə fakt belə yoxdur və ola da bilməz. Azərbaycanın nizami ordusuna nə gəlmişdi ki, muzdlulara ehtiyac duysun? Bizdə heç səfərbərlik belə elan edilməmişdi...

*****

ABŞ Konqresinin Nümayəndələr Palatası Azərbaycanın hərbi cinayətləri ilə  bağlı hesabatın təqdim edilməsinə səs verəcək

Konqresin Nümayəndələr Palatasının bu fitnəkar qərarı sözsüz ki, ABŞ-ın Azərbaycandakı onsuz da kövrək imicinə növbəti zərbə olacaq. Ancaq burada diqqət çəkən həmçinin Rusiya və ABŞ-ın Azərbaycana diametral zidd münasibətdə olmasıdır.

Bu xüsusda başqa bir nümunə: Rusiya öz XİN rəhbəri Sergey Lavrovun dilindən artıq Minsk Qrupunun mövcud olmadığını bəyan edir, ABŞ isə israrla bunun əksini isbatlamağa çalışır, “erməni ağzı” ilə danışır, Minsk Qrupunu “diriltməyə”, ona “ikinci nəfəs” verməyə cəhdlər edir, az qala Azərbaycanı hədələyir. Bakıya Minsk Qrupu formatını sırımağa, 44 günlük müharibədəki halal qələbəmizi sıflrlamağa səy edir.

Beləcə, ABŞ regionda sülh prosesinə təkan vermək əvəzinə, faktiki Bakıya qarşı yeni “sualtı daşlar” düzür. Bunun bir adı da İrəvandakı radikal-revanşistlərin başını sığallamaqdır. Yəni hazırkı kritik mərhələdə Rusiyanın Azərbaycana ABŞ-dan daha səmimi yanaşma sərgilədiyi ortadadır.

Deyilə bilər ki, Ukrayna müharibəsindən sonra Rusiya Azərbaycan və Türkiyədən asılı duruma düşdüyü, Kremlin “dost itirən vaxtı olmadığı” üçün Moskva Bakıya qarşı belə reveranslar və loyallıq edir. O zaman ölkəmizin Qərb, Avropa üçün yaxın və orta perspektivdə artan energetik önəmi, vazkeçilməz dəyəri necə olsun bəs? Obrazlı desək, o nə pəhriz, bu nə turşu?..

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR