İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya qarşı neft-qaz sanksiyası alınmadı - erməni lobbisinin fiaskosu

Bakı Brüssellə enerji tərəfdaşlığında yol xəritəsini yeniləməyə razılaşdı, Avropa Parlamentində anti-Azərbaycan isterikası “söndü”...

Energetika naziri Pərviz Şahbazov bəyan edib ki, Azərbaycan-Avropa İttifaqı Strateji Enerji Tərəfdaşlığı sənədinin icrası ilə bağlı yol xəritəsinin yenilənməsi barədə razılıq əldə olunub. Nazirin sözlərinə görə, Birləşmiş Ərəb Əmirliyində Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simsonla görüşdə Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Dəhlizi, enerji dialoqumuzun digər prioritetlərinə dair səmərəli müzakirələr aparılıb. 

P.Şahbazov qeyd edib ki, Azərbaycan-Aİ Strateji Enerji Tərəfdaşlığı sənədinin icrası ilə bağlı yol xəritəsini yeniləməyi razılaşdırılıb. Azərbaycan və Avropa İttifaqı 2022-ci ilin iyulun 18-də yaxın beş il üçün energetika sahəsində strateji tərəfdaşlıq haqqında qarşılıqlı anlaşma Memorandumu imzalayıb. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen imzalayıb.

Bugünlərdə bilavasitə erməni lobbisinin təşəbbüsü ilə Avropa Parlamenti Azərbaycanla bağlı hesabat müzakirəyə çıxarmışdı. Hesabatda Aİ-ni Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırırdılar. Ən əsası isə Aİ-ni Azərbaycanla imzaladığı Strateji Enerji Tərəfdaşlığı sənədindən imtina etməyə çağırırdılar. Guya Azərbaycan neft-qazla Avropaya təzyiq göstərir. O baxımdan Azərbaycan-Aİ Strateji Enerji Tərəfdaşlığı sənədinin icrası ilə bağlı yol xəritəsinin yenilənməsi qurumun erməni lobbisinə bir cavabıdır. “Biz Avropa Komissiyası ilə, eyni zamanda müxtəlif istiqamətlərdə fəaliyyət göstəririk, genişlənmə istiqamətində enerji əməkdaşlığı edirik. Avropa Komissiyasından xahiş qəbul etmişik ki, Avropaya qaz ixracı artırılsın, çünki orada sıxıntıları var. Biz bağlılıq haqqında danışırıq, ticarət müzakirə edirik, sərmayələri müzakirə edirik”. Bu sözləri dekabrın 6-da Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda söyləməklə bir daha bu məsələyə aydınlıq gətirmiş oldu. Lakin Avropa Parlamentinin bir təsisat kimi buna maneə olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bu, bir növ məsuliyyətsiz insanlar qrupudur. Onların bəziləri özünü manyak kimi aparır. Çünki onların anti-Azərbaycan hissləri və bəyanatları insanın normal psixoloji statusundan kənara çıxır. Mən maksimal dərəcədə diplomatik lüğətdən istifadə etmək istəyirəm. Biz nə edə bilərik? Onlar 10-dan çox anti-Azərbaycan qətnamə qəbul ediblər. Biri çox, biri az. Bu, bizim üçün elə bir vacib deyil. Biz buna təəssüf edirik. Sadəcə, onu bəyan edə bilərik ki, biz bunu Avropa İttifaqının üzvlərinin hamısına amil etmirik”. 

Beləliklə, Bakı ilə Brüssel arasında enerji tərəfdaşlığında hər hansı axsayan tərəflər yoxdur. Əksinə, yeni yol xəritəsi razılaşdırılıb. Bununla belə, Aİ-nin bir qolu olan AP hələ də əleyhimizə kampaniya aparır, alt komitə yeni bir sənədi müzakirəyə çıxarmağa hazırlaşır, qurumun ali nümayəndəsi Cozef Borrel guya Qarabağdan 150 min erməni köçdüyünü iddia edir. Təbii, buna da prezident Əliyev lazımi cavab verdi. Sadəcə, görünən budur ki, erməni lobbisi xərclədiyi pulların qarşılığını istəyir. Onlar çox arzu edirdilər ki, Azərbaycan sanksiyalar altına düşəcək, amma istəkləri suya düşdü...

Oqtay Qasımov: “Azərbaycan müxalifəti çörəklə imtahana çəkildi” – Müsahibə  (I Hissə) » GundemXeber İnformasiya Portalı

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a vurğuladı ki, Avropa İttifaqı iki qoldan ibarətdir: “Biri siyasi qanaddır, Cozef Borrel rəhbərlik edir, son açıqlamaları da saxtakarlığın zirvəsi idi. İkincisi isə enerji sahəsidir, Ursula fon der Leyen prezidentlik edir. Onların baxışı kəskin şəkildə fərqlənir. O baxımdan Avropa İttifaqı Azərbaycanla enerji sahəsində sənədin icrası ilə bağlı yeni yol xəritəsini razılaşdırırsa, bu çox ciddi addımdır. Avropadakı insanları Cənubi Qafqazda baş verənlərə yox, evlərindəki istiliyə baxırlar. Avropa İttifaqı da bu cəhətdən əhalinin sosial şəraitini üstün tutur. Erməni lobbisinin isə bu münasibətləri pozmaq cəhdləri iflasa uğradı. Avropada reallığı qəbul edən siyasətçilər var və adekvat qərarlar verirlər. Prezident də qeyd etdi ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın istiqamətlərini özü müəyyənləşdirib”. Siyasi ekspert Fuad Əliyev erməni lobbisinin dəridən-qabıqdan çıxmasına baxmayaraq, nokauta düşdüyünə əmindir. Onun fikrincə, bəzi avropalı parlamentarilərə verilən rüşvət Bakı-Brüssel əlaqələrini korlaya bilmədi: “Ümumiyyətlə, erməni diaspor və lobbisi tam çökdürülüb. Bu qədər informasiya təxribatı, aparılan qərəzli kampaniya, yalan təbliğat maşınına rəğmən, ermənilər istəklərinə çata bilmədilər. Hətta BMT Təhlükəsizlik Şurasının iclasları çağırıldı, orada da hər hansı sənəd qəbul olunmadı. Azərbaycanın neft-qaz sənayesinə sanksiya tətbiqi kobud səhv olar. Hazırda Rusiyaya sanksiyalar var və Avropanın Azərbaycanın enerji məhsullarına ehtiyacı artır. Belə vaxtda erməni lobbisinin təbliğatı ilə bizə cəza verilməsi absurd olardı. Üstəlik, biz haqlıyıq, nəyə əsasən sanksiya tətbiq olunacaqdı? Azərbaycan öz ərazi bütövlüyünü bərpa edibsə, biz sanksiya altına düşməliyik? Ona görə də həm beynəlxalq hüquq bizim yanımızdadır, həm dünyadakı siyasi-iqtisadi proseslər xeyrimizə inkişaf etməkdədir”. 

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR