Onlayn ictimai-siyasi qəzet
Siyasətçilərə görə, “Global Soft Power Index” siyahını tərtib edərkən SOROS-un əmrlərini nəzərə alıb
“Global Soft Power Index”in “yumşaq güc”ə görə ölkələrin qlobal reytinqində Azərbaycan 81-ci yeri tutub. 193 ölkənin olduğu reytinq siyahısına ABŞ liderlik edir. Daha sonra Çin, Böyük Britaniya, Yaponiya, Almaniya və Fransa gəlir. Rusiya 16-cı, Türkiyə 26-cı, Gürcüstan 59-cu, Ermənistan isə 93-cü sırada göstərilib.
“Yeni Müsavat” qeyd edir ki, “yumşaq güc” (ing. soft power) siyasi hakimiyyət forması sayılır. Bura apelyasiya və cazibə yolu ilə başqaları üzərində üstünlüklər formalaşdırmaq qabiliyyəti daxildir. “Yumşaq güc”ün əsas xüsusiyyəti qeyri-zorakılıqdır. “Valyutası” isə mədəniyyət, siyasi dəyərlərdir. Azərbaycanın 81-ci yeri ədalətlidirmi? Gürcüstan siyahıda niyə bizdən qabaqda olsun?
Azər Badamov
Azərbaycan parlamentinin üzvü Azər Badamov bu yanaşmanı ədalətsiz sayır: ""Global Soft Power Index"in “yumşaq güc”ə görə ölkələrin qlobal reytinqində Azərbaycanın 81-ci yerdə sıralanması ədalətsiz yanaşmanın göstəricisidir. Azərbaycan qlobal yumşaq güc indeksinin formalaşmasına təsir göstərən parametrləri olan mədəniyyət, siyasi dəyərlər və demokratik cəmiyyətin formalaşmasına görə ölkəmizdən əvvəl sıralanmış bir çox ölkələrdən kifayət qədər irəlidədir. Qlobal “yumşaq güc” indeksi ümumilikdə ölkələrin dünya arenasında iştirak, nüfuz və təsirini balanslaşdırılmış və tam qiymətləndirməsini əks etdirən geniş spektrə malik göstəriciləri özündə birləşdirir. Bunlara məşhurluq, nüfuz, təsir, “yumşaq güc”ün 8 əsas meyarı (biznes və ticarət, idarəetmə, beynəlxalq münasibətlər, mədəniyyət və irs, KİV və kommunikasiyalar, elm və təhsil, insanlar və dəyərlər, dayanıqlı gələcək) üzrə göstəricilər daxildir. Ölkəmizdə bütün bu göstəricilər qlobal indekslərdə reytinqlərin formalaşması üçün yox, vətəndşlarımızın azad və firavan yaşaması üçün edilir. Bu baxımdan "Barand Finance" tərəfindən ölkəmizdəki ümumi vəziyyət düzgün dəyərləndirilsəydi, hesabatda yerimiz kifayət qədər irəlidə olacaqdı".
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyeva da bu mövqeni bölüşür: ""Global Soft Power Index"ində Azərbaycanın 81-ci yerdə dayanması heç də ədalətli deyil. Gürcüstan hakimiyyətində hazırda xaos hökm sürür. Onlarla siyasi məhbusa ev sahibliyi edən ölkədir. Şimal-qərb qonşumuzda partiya sədrləri, hətta keçmiş prezident də dəmir barmaqlıqlar arasına salınıb. Necə olur ki, bu qədər xaos və anarxiya içərisində olan, ərazilərinin dörddə biri işğalda qalan Gürcüstan bu siyahıda bizdən xeyli öndə ola bilir?! Deməli, bu cür siyahını tərtib edənlər “narıncı inqilablar atası” SOROS-un diqtə və əmrlərini nəzərə alıblar. Üstəlik, bu təşkilat dəfələrlə hazırladığı indekslərə görə Avropanın aparıcı demokratik dövlətləri - Almaniya, Belçikadakı ictimai institutlar tərəfindən müxtəlif vaxtlarda ciddi tənqidlərə məruz qalıblar. Eyni zamanda bu cür hesabatlar, indekslər göstərir ki, “Global Soft Power Index” kimi qurumlar xaosdan, anarxiyadan qidalanırlar. Biz öz yolumuza baxmalıyıq və bu cür hesabatlar bizi yolumuzdan döndərməməlidir. Bu siyahıda Azərbaycanın 81-ci yerdə göstərilməsi Bakının Qərblə soyuq münasibətlərindən qaynaqlanır. Əgər biz də Gürcüstan kimi Qərbin diqtəsi ilə hərəkət etsəydik, o zaman biz də ilk əllilikdə ola bilərdik", - deyə S.Əliyeva qiymətləndirir.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ