Onlayn ictimai-siyasi qəzet
Elməddin Muradlı: “Metrostansiyaların sayı artırılmalı, yeni qatarlar alınmalı, interval aşağı salınmalıdır
Prezident İlham Əliyevin sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Zaur Hüseynov vəzifəsindən azad edildi, yerinə Vüsal Aslanov təyin olundu. İndi sərnişinləri maraqlandıran əsas sual metroda hansı dəyişikliklərin olacağıdır. Çünki pik saatlarda qatarların intervalı çox olur, sıxlıq, basabas yaşanır. Son vaxtlar ən çox bu yöndə şikayətlərə rast gəlmək olardı.
Ehtimal etmək olar ki, Zaur Hüseynovun vəzifədən çıxarılması ölkənin strateji nəqliyyat infrastrukturunda neqativ hallarla bağlı ola bilər. Son zamanlar mediada və sosial şəbəkələrdə bu qurumdan şikayətlər xeyli artmışdı. Qeyd olunurdu ki, qatarların tunellərdə qalması, daşıma qrafikinin tez-tez pozulması, idarəçilikdə yol verilən nöqsanlar paytaxtın artan tələbatının qarşılana bilməməsinə gətirib çıxarıb.
Metro paytaxtda ən böyük infrastruktura malik mühüm ictimai nəqliyyat vasitəsidir. 1967-ci il noyabrın 6-da istifadəyə verilmiş Bakı metropoliteninin hazırda 27 stansiyası, 2 elektrik deposu və 40,7 kilometr uzunluğunda 3 xətti var. Gün ərzində metro ilə 650 minədək, aylıq 17-18 milyon, il ərzində isə 200 milyondan artıq sərnişin daşınır. Başa çatmaqda olan 2024-cü ilin birini yarısında bu rəqəm 113.2 milyon nəfər olub. Metropoliten sərnişin daşınmasından ilin birinci yarısında 44.05 milyon manat gəlirlə keçən ilin eyni dövründə qeydə alınan 40.43 mln. manatı 9 faiz üstələyib. Metroda 4500-ə qədər işçi çalışır, ilin birinci yarısında orta aylıq əmək haqqı 1300 manata yaxın olub.
Rəhbər dəyişikliyindən sonra Bakının “yeraltı dünyası”nda müsbətə doğru hansı irəliləyişlər olacaq? Nəqliyyat mütəxəssisləri metro infrastrukturunda hansı təxirəsalınmaz tədbirlərin görülməsini vacib sayırlar? 2025-də onlardan hansıları reallaşa bilər?
Qeyd etmək yerinə düşər ki, Azərbaycanda, xüsusilə Bakı metrosunda bir sıra problemlər mövcuddur. Belə ki, metro stansiyalarının əksəriyyəti şəhərin müəyyən bölgələrini əhatə edir. Lakin şəhərin böyüyən ərazilərində və yeni məskunlaşma sahələrində metro şəbəkəsi çatışmır.
Qatarların hərəkəti arasındakı intervallar bəzi vaxtlarda, xüsusilə pik saatlardan kənar dövrlərdə, uzundur. Bu, sərnişinlər üçün əlavə narahatlıq yaradır. Bəzi köhnə stansiyaların və tunellərin texniki baxımdan yenilənməyə ehtiyacı var. Bu, həm təhlükəsizlik, həm də istifadə rahatlığı baxımından önəmlidir.
Metro əsasən dövlət büdcəsindən maliyyələşir və bu, bəzi təkmilləşmə layihələrinin ləngiməsinə səbəb olur. Metro və avtobus xətləri arasında əlaqəlilik zəifdir. Beynəlxalq təcrübədə olduğu kimi vahid gediş haqqı sisteminin olmaması ictimai nəqliyyatda sərnişinlərin rahatlığına mane olur.
Müxtəlif nəqliyyat vasitələri arasında daha yaxşı inteqrasiya tələb olunur ki, sərnişinlər səyahətlərində daha səmərəli seçimlər edə bilsinlər. Metro ilə bağlı qərarların icrası zamanla ləngiyir. Yeni layihələrin və islahatların icra prosesi uzun vaxt aparır. Sərnişinlərin problemləri ilə bağlı rəylərin nəzərə alınmasında və inkişaf üçün konkret strategiyaların həyata keçirilməsində əskikliklər mövcuddur.
Eyni zamanda bəzi xətlərdə hələ də istifadədə olan köhnə qatarların yenilənməsi və ya əvəz olunması lazımdır. Stansiyalarda informasiya ekranlarının çatışmaması, avtomatlaşdırılmış sistemlərin qeyri-kafi işləməsi də müşahidə edilir. Pik saatlarında sərnişin sıxlığı böyük narahatlıq yaradır. Sıxlıq, təhlükəsizlik və sərnişin rahatlığına mənfi təsir göstərir.
Elməddin Muradlı
Nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: "Rəhbərliyin dəyişməsi metroda ciddi bir islahatların olacağıns, qısa müddətdə fundamental dəyişikliklərin baş verəcəyini deməyə əsas vermir. Çünki metronun inkişafının vacib elementləri var. Bunlar da maliyyə dəstəyi ilə bağlıdır. Çünki metroya dövlət tərəfindən maliyyə ayrılmalıdır. Metro stansiyalarının sayı artırılmalıdır. Yeni qatarlar alınmalı, interval aşağı salınmalıdır. Stansiyalarda platformalarda müəyyən işlər görülməlidir. İctimai nəqliyyat, avtobus, metro bir-biri ilə əlaqələnməlidir. Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, bir dəfə ödənilən gediş haqqı bir-iki saat qüvvədə olur. Həmin ödənişlə avtobusdan çıxıb metroda ödəniş etmirlər və sairə. Bu cür yanaşmalarla insanları ictimai nəqliyyata cəlb etmək olduqca önəmlidir. Metro rəhbər şəxslərin şəxsi mülkiyyəti deyil. Təəssüf ki, zaman-zaman neqativlər olub. Bunlar metronun geniş şəkildə inkişafına əngəl olub. Amma bu gün yeni rəhbərlik gəlib, yeni islahatlara gedəcək və getməlidir də. Buna çox ehtiyac var.
Effektiv nəticə almaq üçün islahat aparılmalıdır. Ümumilikdə düşünürəm ki, yeni rəhbər, sadəcə, idarəetmə mexanizminin tətbiqi məsələlərində fundamental rol oynaya bilər. Ancaq bu rəhbər getdi, yenisi gəldi deyə hər şey dəyişəcək, bu real görünmür". Ekspert vurğulayıb ki, 2040-cı ilə qədər metronun inkişafı strategiyası nəzərdə tutulub: "Yalnız dövlətin dəstəyi ilə metro inkişaf edə bilər. Kimsə rəhbər oldu, metroda hər şey dəyişəcək, buna inanmıram. O şəxs də dəmir yolu sahəsindən gəlib. Zaman göstərəcək ki, o, etimadı doğrultdu, ya yox, nələr etdi və ya nələr edə bilərdi".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ