Onlayn ictimai-siyasi qəzet
Azərbaycanla Ukrayna arasında münasibət hər zaman yaxşı olub. İstər Sovet dövründə, istər müstəqillik vaxtında iki ölkə arasında əlaqələr yüksək səviyyəsini qoruyub. Bu münasibətlər tarixən mövcud olub və bu gün də davam edir.
Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olublar. Elə həmin dövrdə də bu iki dövlət arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başladı.
Hər iki ölkə beynəlxalq aləmdə bir-birinin mövqeyini dəstəkləyir və ölkələr arasındakı münasibətləri inkişaf etdirirlər. Azərbaycan və Ukrayna təkcə postsovet məkanında deyil, beynəlxalq münasibətlər sistemində də nüfuzlu ölkələrə çevrilə biliblər. Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları əsasında həll olunmasının tərəfdarıdır.
Dost dövlət Ukraynanın yanında olduğumuzu yalnız Rusiya-Ukrayna müharibəsi zamanı deyil, ondan öncəki illərdə də görmək mümkündür.
Ölkəmizdə Ukraynaya qarşı sevgi və dəstək sadəcə siyasətdə deyil, mədəni quruculuq sahələrinə də aiddir.
Azərbaycanın bəzi universitetlərində, o cümlədən Bakı Slavyan Universitetində Ukrayna dili və ədəbiyyatı tədris olunması və mədəniyyəti öyrədilməsi də elmi və mədəni siyasət nümunələrindən biridir.
Ukrayna prezidenti Volodimir Zelenski və xanımı Yelena Zlenskaya ilə 2019-cu il dekabrın 17-də Azərbaycana rəsmi səfəri zamanı Bakı Slavyan Universitetində fəaliyyət göstərən Tədris-Mədəniyyət mərkəzi ilə tanış olublar. 2001-ci ildə yaradılan mərkəzdə Ukrayna dili və ədəbiyyatı öyrədilir. Eyni zamanda müxtəlif mədəni kütləvi tədbirlər, Ukrayna tarixi və mədəniyyəti ilə bağlı yubiley gecələri keçirilir.
O cümlədən, görkəmli Ukrayna şairi, yazıçısı və publisisti Taras Şevçenkonun heykəlinin ucaldılması və Əhmədli metrosu yaxınlığında, yol qovşağında yerləşən meydana Ukrayna dairəsi adının verilməsi də həmin nümunələrdəndir.
T. Şevçenkonun heykəlinin hazırlanması ideyası ukraynalı heykətəraş İqor Qreçanik və onun komandasına məxsusdur. Abidə bürüncdəndir, bununla da sovet vaxtı hazırlanan Taras Şevçenkonun digər abidələrindən fərqlənir. Heykəlin müəllifləri Taras Şevçenkonu gənc formada təsvir ediblər..
Taras Şevçenko gənc, Kobzar əsəri və qanadlarla təsvir olunub. Digər tərəfdən isə, abidə ağaca bənzəyir.
Abidənin açılışı 30 iyun 2008-ci il tarixində baş tutub. Açılış mərasimində Azərbaycanın prezidenti İlham Əliyev və Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko iştirak ediblər.
"Əhmədli" metrosu yaxınlığında yerləşən meydana Ukrayna dairəsi adının verilməsi də Azərbaycan və Ukrayna arasında olan sıx dostluğun, qardaşığın ən bariz göstəricilərindəndir. Çünki bu meydan Bakı şəhərində olan ən böyük meydanlardan, yol qovşaqlarından biridir.
Qeyd edək ki, Ukrayna dairəsi 2018-ci ildə əsaslı təmir-bərpa işlərilə abadılaşdırılıb.
Ətraflı videoreportajı təqdim edirik:
Nərminə Aydın,
Anar Əhməd,
Musavat.com
14 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ