İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının seçimi: Avropa Birliyi, Şimal, yoxsa Turan?  

Ekspert: “Avropa yaxın gələcəkdə bizimlə əməkdaşlıq üçün qapımızda yatmağa hazır olacaq, çünki...”

Azərbaycan 2017-ci ildən Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin imzalanması ilə bağlı danışıqlar aparsa da, bunun hələlik heç bir nəticəsi yoxdur.  

Azərbaycanda bəzi müstəqil təhlilçilər vurğulayırlar ki, son zamanlar Avropa institutları ilə münasibətlərin pisləşməsi fonunda Azərbaycanla Rusiyanın əməkdaşlığı artan xətlə inkişaf edir.

Milli Məclisin deputatı Fəzail Ağamalı “Turan”a bildirib ki, Azərbaycanın öz yolu var və bu yol nə Avropa İttifaqından, nə də Rusiyanın Avrasiya İqtisadi Birliyindən keçir.

Deputat hesab edir ki, Azərbaycanın yolu Türk Dövlətləri Təşkilatıdır: “Yaxın illərdə bu təşkilatın bütün strukturları formalaşacaq və təşkilat beynəlxalq status qazanan çox güclü bir quruma çevriləcək. Bu, türk dövlətlərinin maraqlarına cavab verəcək və hər tərəfdən gələn təhdid və təzyiqlərə qarşı ciddi müqavimət göstərəcək böyük güc sahibinə çevriləcək. Bu, Azərbaycanın maraqlarına tam cavab verir”.

F.Ağamalı qeyd edib ki, Ermənistan, Gürcüstan və başqa ölkələrdən fərqli olaraq Azərbaycan hər hansı qurumun qarşısında baş əyən dövlət deyil: “Azərbaycan qürurlu və öz ləyaqətini qoruyan dövlətdir. Cənab Prezident da bir zaman söylədi ki, biz Avropa İttifaqına gedəsi deyilik. Çünki onların bizə münasibəti bəllidir və biz gedib onların qapısında gözləmək arzusunda deyilik. Neçə illərdir ki, Türkiyə Avropa İttifaqına daxil olmağa çalışır, amma orada islamofobiya və türk dövlətlərinə neqativ münasibət buna imkan vermir”.

Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."

 Elxan Şahinoğlu

“Atlas” Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan üçün heç bir bazardan imtinanı məqbul hesab etmir: “Məncə, biz heç bir istiqamətdə imtina etməməliyik. Məsələn, Rusiya ilə münasibətlərdə zaman-zaman müəyyən suallar yaranır. Amma Rusiya ilə ticarət münasibətlərimiz var. Kənd təsərrüfatı məhsullarını Rusiya bazarına çıxarırıq. Çünki Avropa bazarına çıxara bilmərik. Eyni zamanda Avropa bazarına enerji resurslarımızı çıxarırıq, neft-qazımızı orada satırıq, boru xətləri çəkirik. Üstəgəl, yaxın illərdə Avropaya alternativ enerji nəql edəcəyik. Bu da digər bir istiqamətdir. Türkiyəyə inteqrasiya da bizim üçün çox vacibdir. Bəli, Turan ideyası arzuladığımız ideyadır. Türkiyə ilə ittifaq çərçivəsində Mərkəzi Asiyanın türkdilli ölkələri də buna maraq göstərir. Bu bazar da bizim üçün lazımdır. Yəni heç birindən imtina etməliyik. Məsələn, Rusiyadan imtina edək Avropaya yönələk, yaxud Avropadan imtina edək Rusiyaya doğru addımlar ataq, yaxud hər ikisindən imtina edək Türkiyəyə inteqrasiya edək, xeyr, bunların heç biri düzgün olmazdı. Maraqlarımıza nə uyğundursa, o istiqamətdə əməkdaşlığımızı inkişaf etdirməliyik. Bəli, Avropada bəzi dairələr var ki, onların qərarları xoşumuza gəlmir. Amma unutmayaq ki, Avropa İttifaqının icra qurumları və bir çox dövlətlərlə strateji sazişlərimiz var, əlaqələrimiz mövcuddur. Biz o əməkdaşlıqdan maliyyə cəhətdən də faydalanırıq. Eləcə də Rusiyaya kənd təsərrüfatı məhsulları satırıq. Bəli, Turan ideyası gələcəyin ideyasıdır. Bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik. Bu ideya hələ qurulma mərhələsindədir. Avropa İttifaqı və Rusiya bazarları realdır. Biz bunlardan gəlir əldə edirik. Məsələn, qeyri-neft məhsullarını Rusiya bazarında satırıq. Enerji məhsullarını isə, Avropa bazarlarına çıxarırıq. Çünki Rusiyanın özü enerji ölkəsidir. Biz bunu ancaq Avropa bazarlarına satıb gəlir əldə edə bilərik. Avropa İttifaqı ilə sazişin əldə edilməsi xeyli uzandı. Bu istiqamətdə də xeyli irəliləyiş əldə edə bilərik. Ümumdünya Ticarət Təşkilatına Azərbaycanın üzvlük məsələsi də var. Bu məsələni də sürətli həll etməliyik ki, Azərbaycanda rəqabət məhsullarının da ixracını təmin edə bilək”. 

Deputat Sona Əliyeva: “Özəl sektorda çalışanların da maddi vəziyyəti  yaxşılaşacaq”

Sona Əliyeva 

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva bildirdi ki, hazırkı mürəkkəb geosiyasi çağda Azərbaycan-Avropa İttifaqı əlaqələri ən ağır sınaq imtahanlarını verir: “Rəsmi Bakı bütün tərəfdaşları ilə dürüst əməkdaşlıq yolunu seçib. Ona görə də Qərb və onun çətiri altında olan bütün təşkilatlar öz seçimlərini etməlidirlər. Yəni Avropa İttifaqı Azərbaycanla bərabərtərəfli əlaqələr qurmaq istəyirsə, o zaman bu imtahandan kəsilməməlidir. Bu vaxta qədər tərəfdaşlıq sazişinin imzalanmamasının başlıca səbəbi 2020-ci ilin payızında baş verən 44 günlük haqq savaşı və ondan sonrakı dövrdə Qərbin ölkəmizə qarşı ədalətsiz mövqeyidir. Başda Fransa olmaqla, bir sıra Avropa ölkələri son dörd ildə Azərbaycana qarşı ən çirkin oyunlara əl atdılar. Erməni yalan və iftira maşınının yanacağı rolunu oynayan bəzi rüşvətxor Qərb diplomatları Avropa İttifaqı-Azərbaycan əlaqələrinin ətalət vakuumuna sürüklənməsinə şərait yaratdı. Digər tərəfdən, Qərb yalnız ondan asılı olmağa meyilli ölkələrlə "tərəfdaşlıq sazişi" imzalamağa cəhdlər göstərir. Azərbaycan isə uzun illərdir ki, regionda müstəqil, heç kimdən asılı olmadan siyasət yürüdən yeganə Güney Qafqaz ölkəsidir. Əgər Avropa İttifaqı bizimlə münasibət qurmağa, tərəfdaş olmağa maraqlı deyilsə, o zaman Bakı da əməkdaşlıq qapısını çox uzatmadan bağlayacaq. İndi Azərbaycanı nə Avropa İttifaqı, nə də Avrasiya Gömrük İttifaqı maraqlandırır. Bizim yeganə hədəfimiz Türk - Turan Birliyidir. Türk Dövlətləri Təşkilatı günü-gündən öz gücünü daha da artırır. Çevrəsini daha da genişləndirməyə meyllidir. Təşkilatın iki dövləti NATO, iki  ölkəsi isə KTMT üzvüdür. Yəni biz hər tərəfə eyni məsafədə olan bir təşkilatda boy göstərməyə meylliyik. Artıq bütün türk xalqları anlayır ki, onların yeganə dirilik qapısı Turan Birliyidir. Avropa yaxın gələcəkdə bizimlə əməkdaşlıq üçün qapımızda yatmağa hazır olacaq. Çünki bir neçə ildən sonra Qərb “rus qazı məngənəsi”ndə boğulacaq. O zaman Bakının neft və qazından, Türkmənistanın, Qazaxıstanın və Özbəkistanın enerji resurslarından asılı vəziyyətə düşəcək. Bu zaman artıq Turan Birliyi Avropa İttifaqı ilə diktə dilində danışmağa başlayacaq. Buna görə də Avropa İttifaqı, eləcə də Qərb dairələri Azərbaycan və Türk Birliyi ölkələri haqqında düşünərkən iki dəfə fikirləşməlidir. Çünki hazırda bütün saatlar Bakının və Türk Dövlətləri Təşkilatının xeyrinə işləyir".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR